Əxlaqi kamallara və səciyyələrə malik olmaq


Əxlaqi kamallara və səciyyələrə malik olmaq

Cəmiyyətin rəhbəri olan bir imam gərək bütün pis və mənfur xislətlərdən, əxlaqi rəzilliklərdən uzaq olsun və bunun müqabilində bütün insani keyfiyyətlərə və əxlaqi kamallara özünün ən yüksək həddində malik olsun. Çünki o, kamil bir insan ünvanı ilə, öz ardıcılları üçün ən yaxşı bir nümunə örnək, hesab olunmalıdır. İmam Riza (ə) buyurur: «İmamın müəyyən əlamət və nişanələri vardır, o cümlədən o, insanlar arasında ən bilikli... ən təqvalı, ən səbirli, ən şücaətli, ən səxavətli, və ən abid (ən çox ibadət edən) şəxs olmalıdır.»[1]

Bundan əlavə, o, Peyğəmbərin (s) canişinliyi məqamında insanların tə`lim tərbiyəsi ilə məşğul olmalıdır. Buna görə də, onun özü hamıdan artıq və camaatdan öncə ilahi əxlaqla zinətlənməlidir.

İmam Əli (ə) buyurur: «(Allahın əmri ilə) özünü camaatın imamı qərar verən bir şəxs gərək başqalarına tə`limləndirməyə öncə özünə tə`lim verməsinə sə`y göstərməli, başqalarını sözlə tərbiyə etməzdən öncə, öz rəftar və əməli ilə tərbiyə etməlidir.»[2]

İmam Allah tərəfindən tə`yin olunur

Şiələrin nəzərinə görə, peyğəmbərin canişini olan imam yalnız Allahın göstərişi və onun tərəfindən tə`yin olunma əsasında baş verir, və məhz bundan sonra Peyğəmbər imamı camaata tanıtdırır. Buna əsasən, heç bir fərd, yaxud qrupun bu işə dəxalət etməyə haqqı yoxdur.

İmamın Allah tərəfindən tə`yin olunmasının zəruri bir məsələ olmasının müxtəlif dəlilləri vardır, o cümlədən aşağıdakıları qeyd edirik:

a) Qur`anın buyurduğuna əsasən Allah təala bütün varlıqlara mütləq bir hakimdir və hamı yalnız Ona itaət etməlidir. Aydındır ki, bu hakimiyyət Allah tərəfindən ləyaqət və məsləhətinə uyğun olaraq hər bir şəxsə verilə bilər. Buna əsasən, Peyğəmbər Allah tərəfindən tə`yin olunduğu kimi, İmam da Allah tərəfindən tə`yin olunma yolu ilə camaata vilayət haqqına malik olur.

b) Yuxarıda, imam üçün ismət, elm və sair kimi xüsusiyyətləri bəyan etdik. Aydındır ki, bu sifətlərə malik olan bir şəxsi özünün ən yüksək səviyyəsində tanımaq aşkar və gizlininə agah olan Allahın vasitəsi ilə mümkün ola bilər. Belə ki, Allah təala Qur`ani kərimdə həzrəti İbrahimə buyurur: «Mən səni, camaata imam qərar verdim.»[3]

Hərtərəfli və gözəl bir bəyan

Bu bəhsin sonunda yaxşı olardı ki, 8-ci islam rəhbəri İmam Riza (ə)–ın imamətin yüksək məqamı və xüsusiyyətləri barəsində bəyan etdiyi kəlamı qeyd edək:

«Onlar (ki, imamət məsələsində ixtilaf edərək imamətin seçki yolu ilə olmasına inanandılar) nadanlıq etdilər...

Məgər camaat imamətin ümmət arasındakı məqam və mənzilətini bilirlərmi ki, onların öz ixtiyarlarına həvalə edilmiş olsun?!

Həqiqətən imamətin qədir qiyməti o qədər yüksək və o qədər böyük, mənziləti o qədər ali, məqamı o qədər uca, ənginliyi o qədər əlçatmazdır ki, camaat öz əqli ilə ona çata, öz rə`yləri ilə onu dərk edə bilməzlər...

Həqiqətən imamət elə bir məqamdır ki, Allah təala nübüvvət və xüllət məqamından sonra üçüncü mərhələdə onu İbrahim (ə)-ə məxsus etmişdir...

İmamət Allahın və Peyğəmbəri Əkrəmin xilafəti, Əmirəl-mö`mininin məqamı, Həsən və Hüseynin mirasıdır. Həqiqətən imamət dinin rəhbərliyi, müsəlmanların (ictimai) quruluşunun qalıb davam etməsi, mö`minlərin dünyalarının islah olunması və izzətə çatmaları səbəbidir... Namazın, orucun, həccin, cihadın kamil olması... Eləcə də sərhədlərin qorunub-saxlanması imamın vasitəsi (və vilayət maqamının qəbul edilməsi) ilədir. İmam Allahın halalını halal, haramını haram edir (Allahın gerçək höümlərinə müvafiq olaraq hökm verir), ilahi həddi-hüdudu bərqərar edir, Allahın dinini himayə edir, hikmət və gözəl möv`izələrlə, dolğun (insanı hədəfə çatdıran) dəlillərlə insanları Allahın yoluna də`vət edir.

İmam üfiqdəki günəş kimi nur saçır, onun nurnu bütün aləmləri əhatə edir, özü də elə bir vəziyyətdədir ki, əllər və gözlər onu (dərk etməyə) qabil deyildir. İmam parlaq işıq saçan çıraq, parlayan bir nur, yol göstərən bir ulduz kimidir ki, zülmətli qaranlıqlarda, şəhərlərin yollarında, səhralarda, bataqlıqlarda və dəryalarda (insanları müxtəlif fitnələrdən və nadanlıqlardan) xilas edəndir...

İmam insanla yanaşı olan munis, mehriban ata, doğma qardaş, körpə övladına nəvaziş edən ana, bəndələrin böyük müsibətlərdə sıcınacağıdır. İmam günahlardan pak-pakizə, eyblərdən uzaqdır. O özünün məxsus elmi, təqvası və helmi ilə tanınır... İmam özünün dövründə yeganə bir şəxsdir və) heç bir şəxs onun məqamına yaxınlaşa və heç bir alim onunla müqayisə oluna bilməz. Nə bir kəs onun yerini tuta (onu əvəz edə) bilər, nə də onun üçün bir oxşar və tay tapıla bilər... Belə isə, körəsən kim imamı tanıya bilər, yaxud imamı seçmək kim üçün mümkün ola bilər?! Çox uzaqdır, heyhat! Burada əqilər heyran və sərgərdan qalır. Burada gözlərin nuru gedir, böyüklər kiçilir, hikmət sahibləri heyrətə düşür... İmamın fəzilət və xüsusiyyətlərindən (hətta) birini (belə) təqdim etməkdə elm sahibləri aciz qalmış hamılıqla özlərinin acizlik və bacarıqsızlıqlarını e`tiraf etmişlər!»[4]



[1] Məanil-əxbar, 4-cü cild, səh. 102

[2] Mizanul-hikmət, 147 –ci bab, hədis 850

[3] Bəqərə, 124

[4] Kafi, 1-ci cild, 15 bab, 1-ci hədis, səh. 255