İMAMA OLAN EHTİYAC


İMAMA OLAN EHTİYAC

İmam barəsində iki nəzəriyyənin aydınlaşmasından sonra bu suala cavab veririk: Qur`an və Peyğəmbər sünnəsinin varlığı ilə belə, şiələrin inandığı kimi dini rəhbərə və imama nə ehtiyac vardır?.

İmamın vücudunun zərurəti üçün çoxlu dəlillər bəyan olunmuşdur ki, onların arasından birini sadə bəyanla irəli çəkirik:

Bəşəriyyət üçün Peyğəmbərin varlığına ehtiyacın dəlili elə imamın da varlığının zərurətini bəyan edir. Çünki bir tərəfdən islam dini ilahi dinlərin və Peyğəmbəri Əkrəm də ilahi peyğəmbərlərin sonuncusu olduğuna görə islam dini insanların qiyamətə qədər olan ehtiyaclarını tə`min edib onların hamısına cavab verə bilməlidir. Digər tərəfdən də Qur`ani Kərim ilahi hökmlərin və maarifin külli qanun-qaydalarını bəyan etmiş, onun cüz`i şəkildə izah edilməsini isə Peyğəmbərə həvalə etmişdir. Qur`ani Kərim Peyğəmbərə xitab edərək buyurur: «Biz zikri (Qur`anı) sənə nazil etdik ki, onu (camaata nazil olanları) onlar üçün bəyan edəsən.»[1] Lakin mə`lum oluduğu kimi, Peyğəmbəri Əkrəm müsəlmanların rəhbəri ünvanı ilə ilahi ayələri öz dövründəki islam cəmiyyətinin tutum və ehtiyaclarına uyğun olaraq bəyan etmişdir. Amma gərək onun özü kimi, sonsuz ilahi elm dəryasına mütəssil layiqli olan canişinləri olsun ki, Peyğəmbəri Əkrəmin bəyan etmədiyi şeyləri camaat üçün açıqlasınlar və hər bir dövrdə müsəlman cəmiyyətinin ehtiyaclarına cavab verə bilsinlər.

Həmçinin, imamlar Peyğəmbərdən qalan mirasın keşikçiləri, Qur`an həqiqətlərinin həqiqi təfsirçiləri və bəyan ediciləridir. Onlar bu vəzifələri öhdələrinə almalıdırlar ki, Allahın dini düşmənlərin qərəzli təhriflərinə mə`ruz qalmasın və bu zülal çeşməsi qiyamət gününə qədər pak-pakizə bir halda qalsın.

Bundan əlavə, imam kamil bir insan ünvanı ilə insanların bütün yönlərdəki hərtərəfli nümunəsidir. İnsanlar belə bir nümunəyə ciddi ehtiyac duyurlar ki, onun hidayətlərindən istifadə etməklə insani kamala çatmaq üçün ləyaqəti və özünə layiq olan tərzdə tərbiyə olunsunlar, bu ilahi mürəbbilərin yol göstərmələri sayəsində zəlalətdən, azğınçılıqdan, inadkar nəfsin tələlərindən və xarici şeytanların azdırmalarından qorunub saxlana bilsinlər.

Yuxarıda qeyd olunanlardan aydın olur ki, insanların imama olan ehtiyacı həyati bir ehtiyacdır. İmamın vəzifələrindən bə`ziləri də aşağıda qeyd olunanlardır:

1-. Cəmiyyət işlərinin idarə olunması və ümmətə rəhbərlik (hökumət təşkil edilməsi);

2-. Dinin, Peyğəmbər ayininin təhrifdən qorunub-saxlanması və Qur`anın düzgün şəkildə bəyan olunması;

3-. İnsanların nəfslərinin saflaşdırılması və onların mə`nəvi cəhətdən hidayət olunması.[2]



[1] «Nəhl» surəsi, 44-cü ayə.

[2] Qeyd olunmalıdır ki, mə`sum imam vasitəsi ilə hökumət təşkil olunması, lazım olan şəraitlərin yaranmasına bağlıdır. Lakin sair vəzifələr, hətta qeybət dövründə belə, yerinə yetirilir, həm də imamın zühur dövründə və camaat arasında olduğu bir dövdə belə hiss olunan və zəruri bir məsələdir. Digər məsələ bundan ibarətdir ki, camaatın imama olan ehtiyacı onların mə`nəvi həyatlarındadır. Amma aləm məcmuəsinin imamın vücuduna olan ehtiyacına gəldikdə isə, bu məsələ «qaib imamın faydaları» bölməsində araşdırılacaqdır.