İNTİZARÇILARIN MÜKAFATI


İNTİZARÇILARIN MÜKAFATI

Xoş olsun o kəslərin halına ki, gözlərini yaxşılıqlara dikərək oturmuşlar! Dünya səviyyəsində və`dəsi verilən intizarın dəqiqələrini sayanların mükafatı necə də böyükdür! Ali-Mühəmmədin Qaiminin həqiqi müntəziri olan şəxsin məqam və rütbəsi necə də yüksəkdir!

Yaxşı olar ki, intizar fəslinin son bölməsində intizarın misilsiz rütbə və fəzilətindən danışaq, din rəhbərlərinin buyuruqlarından nümunələr qeyd edək.

İmam Sadiq (ə) buyurur: Xoş olsun Biz (Əhli beytin) Qaiminin şiələrinin halına ki, onun qeybəti dövründə zühurunun intizarını çəkər, zühur dövründə onun fərmanlarına canla-başla itaət edərlər. Onlar Allahın dostlarıdır ki, onlar üçün heç bir qəm-qüssə olmaz.»[1]

Bundan da böyük iftixar ola bilərmi ki, Pərvərdigari-aləmin dostluq əlamətini sinəsinə vurmuş olsun?!

Belə bir şəxs nə üçün qəm-qüssəyə düçar olmalıdır, halbuki onların həyatı da, ölümü də çox yüksək qiymətə malik olmuşdur!

İmam Səccad (ə) buyurur: «Qaimimizin qeybəti dövründə bizim vilayətimizdə sabitqədəm qalan şəxsə Allah təala Bədir və Ühüd müharibəsinin şəhidlərindən olan min şəhidin əcr və savabını verəcəkdir.»[2]

Bəli, qeybət dövründə öz imamının vilayətində sabit qədəm və o həzrətlə bağladıqları əhd-peymana vəfalı qalan şəxslər Peyğəmbərin önündə Allah düşmənləri ilə cihad edərək cihad səhnəsində qanına qəltan olan şəhidlər kimidir!

Peyğəmbər (s) övladına kömək etməyin intizarında olmaq məqsədi ilə canlarını hədiyyə edən müntəzirlər indidən e`tibarən haqq cəbhəsinin önündə xeymə (çadır) qurmuş olarlar!

İmam Sadiq (ə) buyurur: «Əgər sizdən (şiələrdən) biri həzrət Məhdnin fərəcinin intizarında olan bir halda ölsə, Qaimin kənarında və onun xeyməsində olan bir şəxs kimidir! (O həzrət bir qədər sükut etdikdən sonra buyurdu:) Xeyr, hətta o şəxs kimidir ki, o həzrətin önündə cihad edib qılınc çəkmiş olsun! (Sonra buyurdu:) Xeyr, Allaha and olsun, o kəs kimidir ki, Peyğəmbəri Əkrəm (s)-in gözləri önündə şəhadət məqamına çatmış olsun.»[3]

Bu qrup əsrlərlə öncə Allahın böyük Peyğəmbəri Həzrəti Mühəmmədin (s) öz qardaşları və dostları adlandırdığı şəxslərdir ki, o həzrətə qarşı öz qəlbi məhəbbətlərini e`lan etmiş olsunlar.

İmam Baqir (ə) buyurur: Bir gün Peyğəmbəri Əkrəm (s) ənsardan olan bir qrupun hüzurunda buyurdu: «Pərvərdigara! Mənim qardaşlarımı mənə göstər!» Bu cümləni iki dəfə təkrar etdikdən sonra səhabələr dedilər: «Ey Rəsuləllah! Biz sizin qardaşlarınız deyilikmi?!»

Həzrət buyurdu: «Xeyr, siz mənim səhabələrimsiniz; mənim qardaşlarım o qövmdür ki, axirəz-zamanda məni heç vaxt görmədikləri halda mənə iman gətirərlər! Allah təala onları özlərinin və atalarının adları ilə mənə təqdim etmişdir... Onlardan hər birinin öz din işində sabitqədəm qalması qaranlıq gecədə əlinə məş`əl almış bir şəxsin tikanları çıxartmasından da ağırdır. Onlar hidayət məş`əlləridir ki, Allah təala onları qaranlıq fitnələrdən xilas edər.»[4]

Peyğəmbəri Əkrəm (s) yenə buyurmuşdur: «Xoş olsun o kəsin halına ki, mənim Əhli-beytimin Qaimini görsün, halbuki onun qiyamından əvvəl ona iqtida etmiş olar. Onun dostları ilə dostluq, düşmənlərindən bezarlıq edər və ondan əvvəlki imamları da sevmiş olar. Onlar mənim dostlarım, məhəbbət sahibləri, ümmətim içərisində mənim üçün ən əziz olan şəxslərdir.»[5]

Peyğəmbərin (s) hüzurunda belə böyük məqama nail olanlar o həzrətin dostluqla xitab etdiyi şərəfə də nail olmuşlar! O da elə bir nidadır ki, eşq-məhbbətlə doludur, onların Allah təalanın hüzuruna ən yaxın dərəcələrindən hekayət edir.

İmam Baqir (ə) buyurur: «İnsanlar üçün elə bir dövr gələr ki, imamları qeybə çəkilər. Xoş olsun o kəslərin halına ki, o dövrdə bizim (vilayət) işimizdə sabitqədəm qalar. Həqiqətən onlara veriləcək ən kiçik mükafat budur ki, Allah təala onlara nida edərək deyər: «Ey Mənim bəndələrim! Mənim sirrimə (və qaib imama) iman gətirdiniz, onu təsdiq etdiniz, belə isə, sizə Mənim gözəl mükafatımla müjdələr olsun! Siz həqiqətdə Mənim bəndələrimsiniz. Sizin əməllərinizi qəbul edərək, günahlarınızdan güzəştə gedir və sizin bərkətinizlə yağışı bəndələrimə nazil edir, bəlaları onlardan uzaqlaşdırıram. Əgər siz (camaatın arasında) olmasaydınız, hökmən Öz əzabımı (günahkar bəndələrimə) göndərərdim!»[6]

Amma doğrusu, görəsən hansı bir şey müntəzirlərin aramlaşdıra, onların intizarlarına son qoya bilər?! Hansı bir şey onların göz aydınlığına səbəb olar, qərarı kəsilmiş qəlblərinə aramlıq bəxş edər?! Məgər bir ömür gözlərini intizar yoluna dikən, həmin yolda bütün çətinliklərə sinə gərərək yolu davam etdirən və və`dəsi verilmiş yaşıl səhraya ayaq qoyan bir şəxs öz mə`şuq və məhbubları ilə həmnişin olmaqdan da aşağı bir mükafata razı olarmı?! Bundan da gözəl axır-aqibət və bundan da əzəmətli bir an ola bilərmi?!

İmam Kazim (ə) buyurur: «Xoş olsun bizim şiələrimizin halına! O, kəslər ki, Qaimimizin qeybət dövründə bizimlə dostluq tellərinə sarılar və bizimlə dostluqda, düşmənlərimizdən bezarlıq etməkdə sabitqədəm qalarlar. Biz onlardan, onlar da bizdəndir. Onlar bizim rəhbərliyimizə razı olmuşlar (imamətimizi qəbul etmişlər), biz də onların şiə olmalarına razı olmuşuq! Xoş olsun onların halına! Allaha and olsun ki, onlar qiyamətdə bizimlə yanaşı və bizimlə bir rütbədə qərar tutacaqlar.»[7]



[1] Kəmalud din, ikinci cild, 33-cü bab, 54-cü hədis, səh. 39

[2] Yenə orada, 31-ci bab, 6-cı hədis, səh. 591

[3] Biharul-ənvar, 52-ci cild, səh. 126

[4] Yenə orada, səh 123

[5] Kəmalud din, birinci cild, 25-ci bab, ikinci hədis, səh. 535

[6] Yenə orada, 32-ci bab, 15-ci hədis, səh. 602

[7] Kəmalud din, ikinci cild, 34-cü bab, 5-ci hədis, səh. 43