IMAM ƏLI (Ə)IN MÜAVIYƏYƏ OLAN MƏKTUBLARINDADIR


IMAM ƏLI (Ə)IN MÜAVIYƏYƏ OLAN MƏKTUBLARINDADIR

Bu da imam Əli əleyhis-salamın Müaviyəyə olan məktublarındadır (ki, onda onu, o Həzrətə yazdığı məktuba görə məzəmmət edib və onun nadanlıq və azğınlığını xatırladıb).

Allaha həmdü-səna və Həzrət Peyğəmbərə salamdan sonra: Səndən mənə müxtəlif sözləri bir-birinə yapışdırıb məktub bəzədiyin öyüd-nəsihət gəlib çatdı. (Bəzi mətləblər əldə edərək bu məktubda onları bir-birinə yapışdırmısan, halbuki onların bir-biri ilə heç bir əlaqəsi yoxdur. Onların hər birinin harada və necə işlədilməsinin gərəkliyini bilmədiyin üçün) öz azğınlığın səbəbindən bu məktubu hazırlamısan və fikir və düşüncənin pisliyindən onu (mənə) göndərmisən! Məktub düz yola istiqamətləndirəcək gözü (bəsirət və gözüaçıqlığı) və nicat yoluna sövq edəcək başçısı və cilovdarı olmayan kimsədəndir. Nəfsi istək onu (belə bir işə) vadar edib, o da qəbul edib, azğınlıq onun rəhbəri olub, o da onun dalınca gedib. (Buna görə də) o, sayıqlayaraq boşboğazlıq edib və bihudə fəryad qoparıb (mənası başa düşülməyən nadürüst sözlər deyib); yolunu azaraq səhv edib (belə nalayiq sözlər yazıb).

(O Həzrətə bey’ət edənlərlə bey’ət etməyənlərin boyunlarına düşən vəzifələrin bərabərliyi barəsində:)

(Ey Müaviyə, mənimlə bey’ət etmək və peyman bağlamaq məsələsində Bəsrə əhalisi, Təlhə, Zübeyr, sən və Şam əhlinin vəzifəsi yeksan və bərabərdir.) Çünki o bir bey’ətdir ki, (Məhəmməd - səlləllahu əleyhi və alih – ümmətinin dayaq nöqtəsi saydığınız Mühacirlər və Ənsar toplaşaraq həmin məsələdə birləşiblər və onların, barəsində qərara gəldikləri heç bir bey’ətdə) rəy və fikir iki olmur və onda (başqa bir rəy) seçmək başdan başlanmır, (necə ki, Əbu Bəkr, Ömər və Osman və onlarla bey’ət barəsində belə əqidədəsiniz. Odur ki, həmin bey’ət məclisində olan kəs peymanı pozaraq başqasını seçə bilməz və orada olmayanın onu qəbul etməmək haqqı yoxdur. Buna görə də) hər kim peymanı pozaraq ondan əl götürsə, (müsəlmanların din və ayinlərinə) tənə vurandır. (Elə isə onunla çıxdığı yola qayıdana kimi vuruşmaq lazımdır.) Onun (qəbul edilib-edilməməsi) barəsində fikrə dalan da münafiq və ikiüzlüdür. (Çünki sizin əqidə və əməl təcrübənizə görə həmin şəxsin rədd və ya qəbul etmək barəsində fikirləşməsi, möminlərin getdikləri yol və ona tabe olmağın vacibliyində şəkk-şübhədə olması və onun meylinin səmimiyyət və saflıqla olmaması deməkdir. Ona görə ki, əgər onun doğrudan da meyli olmuş olsaydı, fikirləşib duruxmadan möminlərin toplaşaraq barəsində birləşdikləri şeyi qəbul edərdi.)

İmam Əli əleyhis-salamın Cərir ibn Abdullah Bəcəlliyə, onu (bey’ət almaq üçün) Müaviyənin yanına (Şama) göndərərkən yazdığı məktublardandır. Allaha həmd və Həzrət Peyğəmbərə (səlləllahu əleyhi və alih) salamdan sonra: mənim məktubum sənə çatan kimi Müaviyəni işini sona çatdıraraq bir tərəf barəsində qəti qərara gəlib hazırlaşmağa vadar et. (Sərgərdanlığı özündən uzaqlaşdırsın və səni yubatmasın, bey’ət etməkdə bəhanə axtararaq bu gün–sabah etməsin.) Sonra ona camaatı məcburiyyət və nigaranlıqla öz vətən və asayiş yurdundan didərgin salan dağıdıcı müharibə ilə xaredici sülh və barışıq arasında sərbəst seçim etmək imkanı ver. (Çünki barışıq acizliyin nişanəsidir. İmam əleyhis-salam burada hər iki halda, istər müharibə etsə, istərsə də barışıq etsə qələbənin onunla olacağını başa salmaq istəyir və bu sözlərlə onu hədələyir.) Beləliklə, əgər müharibəni seçsə, amannaməni ona tərəf at və qayıt. Amma sülh və barışığı qəbul etsə, ondan bey’ət al. (Vəzifəni tezliklə yerinə yetirərək geri dön və bizi gözü yolda qoyma). Salama layiq kimsəyə salam olsun!