İQTISADI PROQRAMLAR


İQTISADI PROQRAMLAR

Sağlam cəmiyyətin göstəricilərindən biri də sağlam iqtisadiyyata malik olmaqdır. Əgər cəmiyyətdə təbii sərvətlərdən düzgün şəkildə istifadə olunsa, istehsal və istehlak imkanları bir ovuc adamın ixtiyarında olmazsa, hökumət bütün siniflərdən olan insanlara diqqət yetirsə və onların hamısının bu sərmayələrdən istifadə etməsinə şərait yaransa, onda elə bir cəmiyyət yaranacaqdır ki, onların mə`nəvi inkişafı üçün imkanlar da daha artıq olacaqdır. Qur`ani Kərim də və mə`sum imamların rəvayətlərində də insanların məişət vəziyyətlərinə və iqtisadi imkanlarına diqqət yetirilmişdir. Buna əsasən, Həzrəti Məhdi (ə)-ın Qur`an hökmləri əsasında qurulan hökumətində dünya iqtisadiyyat üçün münasib bir proqram töküləcək və onun əsasında əvvəla, istehsal işləri qaydasına düşəcək, təbii mənbələrdən, Allahın verdiyi yeraltı və yerüstü ne`mətlərdən bəhrələnəcəklər, əldə olunan sərvət ədalətli şəkildə, bütün cəmiyyət sinifləri arasında bölüşdürüləcəkdir.

Yaxşı olar ki, hədislərdə qeyd oluduğu kimi, həzrətin hakimiyyəti dövründə iqtisadi vəziyyətə bir nəzər salaq:

1-Təbbi mənbələrdən istifadə edilməsi

Müasir iqtisadiyyatın əsaslı problemlərindən biri də ilahi ne`mətlərdən yerində və səhih itifadə edilməməsidir. Nə torpağın bütün tutumundan istifadə olunur, nə də sudan yerin dirçəldilməsi istiqamətində istifadə edilir. İmam Məhdi (ə)-ın hakimiyyəti dövründə və onun haqq hökumətinin bərəkəti ilə asiman öz ne`mətlərini səxavətlə yer üzünə nazil edəcək, yer də bütün bitkiləri cücərməkdə heç nəyi əsirgəməyəcəkdir.

İmam Əli (ə) buyurur:

...وَلَوْ قَدْ قامَ قائِمُما لَاَنْزَلَتِ السَّماءُ قَطْرَها وَلَاَخْرَجَتِ الَْاَرْضُ نَباتَها...

«Bizim Qaimimiz qiyam edən zaman asimandan bol-bol yağışlar yağacaq, yer bütün bitkiləri cücərdəcəkdir.»[1]

Allahın axırıncı höccətinin hakimiyyəti dövründə bütün yer üzü və onun maddi imkanları imamın ixtiyarında qərar veriləcəkdir ki, genişmiqyaslı sərmayələrdən istifadə edərək sağlam iqtisadiyyatın əsasını qursun. İmam Baqir (ə) buyurur:

...تُطْوى لَهُ الْاَرْضُ وَتَظْهَرُ لَهُ الْكُنُوزُ...

«Yer onun ayaqları altından keçəcək (bir anda yerin bir məntəqəsindən başqa bir məntəqəsinə gedəcək) və yerin bütün xəzinələri o həzrət üçün aşkar olacaqdır.»[2]

2-Sərvətin ədalətli şəkildə bölünməsi

Bəşər cəmiyyətin də iqtisadiyyatının xəstəliyin ən mühüm amillərindən biri də mal-dövlət və sərvətin xüsusi bir qrupların əlində toplanmasıdır. Həmişə belə olmuşdur ki, hər hansı dəlillərə görə özləri üçün müəyyən imtiyazlar nəzərdə tutan fərdlər, yaxud cəmiyyətlər ümumi sərvət anbarlarını əllərinə keçirmiş və onu özlərinin şəxsi mənafeyi, yaxud məxsus olduğu qrupun mənafeyinə işlətmişlər. İmam Məhdi (ə) bu bərabərsizliklə tam şiddətlə mübarizə aparacaq, ümumi əmlakı və sərvəti hamının ixtiyarına qoyacaq, Əli (ə)-a məxsus olan ədaləti bütün insanlara göstərəcəkdir.

İmam Baqir (ə) buyurmuşdur:

اِذاقامَ قائمُ اَهْلِ الْبَيْتِ قَسَّمَ بِالسَّويَّة وَعَدَلَ فِى الرَّعِيَّةِ...

«Peyğəmbər Əhli-beytinin Qaimi qiyam edən zaman (mal-dövləti) bərabər şəkildə bölüşdürəcək və məxluqat arasında ədalətlə rəftar edəcəkdir»[3]

O həzrətin dövründə cəmiyyətdə bərabərlik və müsavat prinsipi icra olunacaq, hər kəs özünün insani və ilahi hüquqlarından bəhrələnəcəkdir.

Peyğəmbəri Əkrəm (s) buyurmuşdur:

«Sizə Məhdini müjdə verirəm ki, mənim ümmətimdən seçiləcəkdir... O, mal dövləti düzgün şəkildə bölüşdürəcəkdir.» Bir nəfər soruşdu: «Məqsəd nədir?» Həzrət buyurdu: «Yə`ni camaatın arasında müsavat və bərabərliyi icra edəcəkdir.»[4]

Cəmiyyət səviyyəsində icra edilən bu müsavatın nəticələrindən biri budur ki, cəmiyyət də yoxsulluq və fəqirliyin kökü kəsiləcək, sinfi təbəqələr arasında olan fərqlər və bərabərsizliklər aradan qalxacaqdır.

İmam Baqir (ə) buyurur: «İmam Məhdi (ə) camaat arasında müsavat əsasında rəftar edəcək. Hətta iş o yerə çatacaqdır ki, zəkata ehtiyaclı olan bir nəfər belə, qalmayacaqdır.»[5]

3-Abadlıq işləri

Bəşər hökumətlərində insanların həyat mühitlərinin o yönləri abadlaşdırılır ki, hakimlər, onların ətrafındakılar və həmfikirləri, yaxud ə`yan-əşrəf, zadəganlar və sair nüfuz sahibləri ilə əlaqədar olsun, bundan savayı, yerdə qalan təbəqələr isə unudulur. Lakin İmam Məhdi (ə)-ın istehsal və paylaşdırma işlərinin düzgün şəkildə sahmana salındığı hökumətində insanlar hər bir yerdə ne`mət və abadlığa nail olacaqlar.

İmam Baqir (ə) İmam Məhdi (ə)-ın dövranını vəsf edərkən buyurur:

...فَلا يَبْقى فِي الْاَرْضِ خَرابُ الاّعُمِّرَ...

«Yer üzündə abadlaşdırılmamış heç bir viranə qalmayacaqdır.»[6]



[1] Biharul-ənvar, 10-ci cild, səh. 104; Xisal, səh 626

[2] Kamalud din, birinci cild, bab 32, hədis 16, səh. 603

[3] Qeybəti Nömani, 13 bab, hədis 26, səh. 242

[4] Biharul-ənvar, 51-ci cild, səh. 81

[5] Yenə orada, səh. 390

[6] Kamalud din, 1-ci cild 32-ci bab, hədis 16, səh. 603