İmam Əli əleyhis-salamın, Abdullah ibn Abbas onun tərəfindən Bəsrənin hakimi olan zaman ona yazdığı məktublarındandır


İmam Əli əleyhis-salamın, Abdullah ibn Abbas onun tərəfindən Bəsrənin hakimi olan zaman ona yazdığı məktublarındandır

Ey Abbasın oğlu! Bil ki, Bəsrə Şeytanın endiyi yer və fitnələr tarlasıdır. (Bu şəhərin fitnə axtaranları çoxdur.) Buna görə də o diyarın əhalisinə yaxşılıq etməklə, onları şad edərək sevindir. Və (pis davranışla onları üsyana qaldırma. Əgər onlar keçmiş nalayiq işləri nəticəsində qorxu və vahimə içindədirlərsə, sən) onların qəlblərindən qorxu düyününü aç (onlarla elə rəftar et ki, sənin onların keçmiş əməllərinə göz yumduğunu başa düşsünlər).

Sənin Bəni-Təmim qəbiləsi ilə pis rəftar etməyin və kobud davranmağının xəbəri mənə çatdı. Həqiqətən Bəni-Təmimin bir ulduzu batmamış, digər bir ulduzu parlayıb. Cahiliyyət və İslam dövründə heç kəs intiqam almaqda onlardan qabağa düşməyib. (Buna görə də bu cür adamlarla kobudluq və sərtliyə başlamaq olmaz.) Həmçinin (onlara qarşı kobudluq edilməməsinin digər səbəbi budur ki,) onlar bizə yaxın qohumdurlar. (Çünki Bəni-Haşimlə Bəni-Təmimin nəsəbi Həzrət Peyğəmbərin 16-cı babası İlyas ibn Müzərrə gedib çıxır. Buna görə də) bizim həmin qohumluq tellərini birləşdirməyimizdə savab, qırmağımızda isə günah vardır. Odur ki, ey Əbul Abbas – Allah səni bağışlasın – əlindən və dilindən çıxan yaxşı və pis işlərdə (danışıq və davranışında rəiyyətlə) yumşaq davran. Çünki biz danışıq və davranışımızda bir-birimizlə şərikik. (Ona görə ki, sən mənim tərəfimdən hakimlik edirsən.) Elə ol ki, sənin barəndə yaxşı gümanda olum və sənin haqqında fikrim süstləşməsin (heç vaxt yersiz söz danışma, mənim göstərişim olmadan bir iş görmə). Salama layiq kimsəyə salam olsun.


******************************************

İmam Əli əleyhis-salamın onun tərəfindən hakim olan bəzi şəxslərə yazdığı məktublardandır.

(Məktub müşrik olan və həmin hakimlərdən şikayət etmiş rəiyyətlərlə yumşaq davranmaq barəsindədir.)

Allaha həmd və Peyğəmbərə salamdan sonra: hakim olduğun şəhərin (su və torpaq sahibi olan) əkinçiləri sənin kobudluğun, daşürəkliliyin, onları xar etməyin və zülmkarlığından şikayət ediblər (məni sənin hərəkət və davranışından xəbərdar ediblər). Mən (onların şikayətləri barəsində) fikirləşdim. Onları sənin onlara çox yaxınlaşmağına (çox hörmət və mehribançılığına) layiq görmədim. Çünki onlar müşrikdirlər. (Bəzi nəzərlərə əsasən həmin camaat müşrik deyil, atəşpərəst olublar.) Amma onlar uzaq olmaq və zülm edilməyə də layiq deyildirlər. Çünki (müsəlmanlarla) peyman bağlayıblar (cizyə, yəni, vergi verirlər və İslamın pənahındadırlar.) Buna görə də onlarla (davranışında) sərtliklə qarışıq olan mehribançılığı öz şüarın et və onlarla sərtqəlblilik və mehribançılıq arasında rəftar et. (Bəzən sərt, bəzən də mehriban ol.) Allahın istəyi ilə onlar üçün yaxınlaşdırmaqla lap yaxınlaşdırmağı və uzaqlaşdırmaqla lap uzaqlaşdırmağı bir-birinə qarışdır (mötə’dilliyi əldən vermə).