İslam dini və elm


İslam dini və elm

Allahın adı ilə

Müasir zəmanəmizdə, bəzi "ziyalıların" ağzından tez-tez belə tövsiyələr eşidirik:"Gənclər dindən uzaq gəzsələr yaxşıdır, din insanı cahil edər, inkişafdan saxlayar".

Qəribə bir haldır ki, dünya səviyyəli, müsəlman olmayan alimlərin Quranı bir elm mənbəyi kimi, İslam dinin, dinlərin ən mükəmməli kimi tanıtdıqları bir çox "ziyalı" bunun əksini söyləyir. Görəsən, nə qədər həqiqiqət var dinin cahillik olmasında. Doğrudanmı, Allahın dinləri sonuncusu və ən kamili adlandırdığı İslam dini insanları cəhalətə aparmaq üçündür. Allah 1500-il bundan əvvəl bu sualın cavabını öz müqəddəs kitabı Qurani Kərimdə dəfələrlə vurğulamışdır, yetər ki, dini cahilik sayanlar açıb oxusunlar bu kitabı. Həqiqət isə odur ki, bu ilahi kitabda elm 850 dəfə xatırlanır. Qurani Kərim 114 surədən ibarətdir və onun demək olar ki, elə bir surəsi yoxdur ki, Allah insanlara xatırlatmasın: Yalnız düşünənlər anlayarlar.

-Yalnız düşünənlər nicat taparlar.

-Alimlə cahilin qiyməti bir deyildir.

-Deyilənlər ibrət üçündür bir düşünsəniz.

Və bu kimi sözlərlə Allah hər an Adəm oğlunu düşünməyə, elmli olmağa, təfəkkür etməyə, ibrət götürməyə çağırır. Hər an xatırladır ki, elmli olmağın, alim olmağın, həm bu dünyada, həm axirətdə mükafatı vardır. Allah öz müqəddəs kitabında aləmlərin yaranmasını, səma cismlərinin dəqiq trayektoriya üzrə hərəkətini, buludların, küləyin, yağışın, şimşəyin təbiətini, bitkilər aləminin inkişaf və faydasını, torpağın və səmanın qatlarını-quruluşunu, planetlər sisteminin quruluş və hərəkətini görəsən insanlara cahil etmək üçünmü söyləyir.Yoxsa bütün bunlarla insanları elm aləminəmi dəvət edir?! İnsanın ana bətnindəki həftə bə həftə inkişafını Qurani Kərim elə aydın bir şəkildə anlatmışdır ki, 1500 il bundan əvvəl, embriologiya elmi bu gün də yalnız həsəd apara bilər bu məlumata.

Bəli,Quranda 1500 il əvvəl qeyd edilmiş məlumatlar müasir elmə yalnız son yüz ildə məlum olmuşdur. Bütün bunlara diqqət yetirəndə insan təəccüb edir o kəslərə ki, həyatlarında bir dəfə də olsun Quranı açmayıb, amma onun haqqında fikir söyləyir, onun cahillər üçün olduğunu iddia edir. Elmin elə bir sahəsi yoxdur ki, Quranda ondan söz açılmasın, bu qədər elmi məlumat ki, müasir elm onların çoxunu indi-1500 il keçdikdən sonra anlaya bilmir cahillər üçündürmü?! Belədirsə, nə üçün hər bir məlumatdan sonra Aləmlərin Rəbbi: "Mən bunu deyirəm ki, siz düşünəsiniz"-deyə buyurur. Peyğəmbərlər necə, bu bəşər müəllimləri cahil idilərmi və ya onların təbliğ etdikləri din cahillər üçündürmü? Allahın öz müqəddəs kitabında kamil insan kimi tanıtdırdığı İslam Peyğəmbəri həzrət Məhəmməd (s) buyurur:

"Beşikdən qəbrə qədər elm öyrənin", "elm çində olsa belə arxasınca gedin". Görəsən bu sözlər İslam dinini insanları savadsızlığa çağırdığınımı göstərir, ya əksini?

Peyğəmbər (s) başqa bir hədisdə buyurur:

Alimin qıldığı iki rükət namaz cahilin qıldığı 70 rükət namazdan üstündür.

Bir düşünsəniz, insanları "cahiliyə" aparan bir dinin peyğəmbəri söyləyə bilərmi bu sözləri?

Peyğəmbər (s)-ın elm şəhərinin qapısı adlandırdığı Əmirəl-möminin Əli (ə) 1500 il bundan əvvəl dünya elminin qəflət yuxusunda yatdığı bir dövrdə çayların suyundan işıq enerjisi almağın mümkünlüyü və özünün bunu edə biləcəyini söyləyir. Əli (ə) canlılardan hansının yumurta qoyduğunu və hansının diri bala doğduğunu bilmək istəyənə buyurur ki: "Bütün diri bala doğan canlıların qulağı kəllə sümüyünün eşiyində, yumurta qoyanların qulağı kəllənin içində yerləşir".

Bəli, bunlar 15 əsr bundan əvvəlin məlumatlarıdır. Haradadır bu gün islam dinini cahillik sayan dinsiz alim-bu məlumatları açıqlasın və söyləsin dünyaya-nə üçün İslam dini qibləyə kəsilməmiş heyvanın ətini haram sayır, nə üçün qibləyə kəsilmiş heyvanın qanı çox axır, başqa tərəfə kəsilmişdən.

15 əsr bundan əvvəl Yerin cazibə qüvvəsi haqqında nə qədər insanın məlumatı ola bilərdi,? Və bu gün nə qədər adam bilir cazibə qüvvəsi və onun mərkəzi haqqında.

Peyğəmbər övladı İmam Cəfər Sadiq (ə) bəşər tarixində bəlkə yeganə şəxsiyyətdir ki, 13 əsr bundan əvvəl elmin bütün sahələrində minlərlə alim yetişdirmişdir. Onun nəvəsi səkkizinci imamımız İmam Rza (ə)-ın tibb elmi haqqında yazıları bu gündə ağılları heyran qoyur. Hamıya məlumdur ki, mikroblar haqqında elm son yüz ildə mikroskopun kəşfi ilə olmuşdur. Həzrət Peyğəmbər (s) isə bizə 15 əsr bundan əvvəl məlumat verib buyurur: "Çatlamış saxsı qablardan yemək yeməyin, su içməyin, çünki bu çatlar şeytanların yığıldığı yerdir".

Ümumiyyətlə, elmin hansı sahəsi yoxdur ki, orada İslamın sönməz ulduzları parlamasın?! Kimdir dünyanın bizə Avitsenna kimi tanıtdığı insan, Əbu Əli İbn Sina deyilmi o? Haradan gəlmişdir elmə Alqebra-cəbr termini? Bəlkə bu Xarəzminin 8-ci əsrdə yazdığı Əl-cəbr kitabının adıdır.

Kim idilər bu insanlar-Allahın düşünün dediyi, Peyğəmbər (s)-ın elm öyrənin dediyi insanlar deyilmi bunlar? İslam dini yetişdirmədimi Şeyx Nəsrəddin Tusini ki, 1000 il bundan əvvəl ulduzların xəritəsini çəkdi, ilk teleskopu yaratdı, bu gün də bütün ağıllıların istifadə etdiyi məşhur "Əxlaqi Nasiri"ni yazdı. Nəsrəddin tusi 10 əsr bundan əvvəl öz kitabında yumurtadan süni yolla cücə çıxarmağın yolunu öyrədirdi insanlara.

Hansı din yetişdirdi Şeyx Nizami Gəncəvini ki, "Xəmsəsi"ədəbiyyatın zirvəsində dayanan bir elm əsəri xatırladır? Hansı elmdən xəbər vermir alim-şair, yaradılış qanunlarından, kimyadan, astronomiyadan, tibbdən, riyaziyyatdan, kənd təsərrüfatından, əxlaqdan, psixologiyadan.

İslamın başqa bir sönməz ulduzu Şeyx Bəhaiddin elmi bütün dünya alimlərini heyrətə gətirir-onun bir şamla qızan hamamı, ağac budağı kimi əsən məscid minarəsi bu gün də bir sirr olaraq qalır.

Bəli 1500 il bundan əvvəl bütün dünyanın yarım vəhşi halında yaşadığı bir vaxtda İslam dini öz yaranışı ilə elmin yollarını işıqlandırdı. Hələ İslamın ilk günlərindən İslam Peyğəmbəri (s) müharibələrdə əsir alınmış savadlı şəxsləri müsəlmanlara yazıb-oxumağı öyrətmək müqabilində azad edir. Belə ki, hələ 8-ci əsrdə Bağdad şəhərində "Beytül-hikmət" adlanan elm mərkəzi artıq mövcud idi və dünyanın bir çox yerlərindən orada çalışır, hər dildən kitabları tərcümə edərək müsəlmanların ixtiyarına verirdilər. Xəlifənin göstərişi ilə dünyanın bir çox yerlərinə xüsusi adamlar göndərilmişdi ki, elmi kitabları tapıb burada cəm eləsinlər.

Doktor Qustav Loben yazır ki, kitab və kitabxanaların Avropa xalqları arasında heç bir dəyəri olmadığı bir dövrdə "Beytül-hikmət" elm mərkəzində 4 milyon kitab, Qahirənin "Səltənət" kitabxanasında 1 milyon, Şamdakı kitabxanada 3 milyon kitab mövcud idi. 8-ci əsrin əvvəllərində Əndəlus adı ilə məşhur olan müsəlman İspaniyasında ildə 80 min kitab hazırlanırdı. Mustənsiriyyə şəhərində 800-cü ildə 300 tələbəsi və 16 ustadı olan universitet fəaliyyət göstərir ki, burada hər bir tələbə pulsuz yemək, yatmaq və təqaüd ilə təmin olunurdularlar. 12-ci əsr alim Bencamin Tuvel yazır ki, mən təkcə İskəndəriyyə şəhərində 20 elmi laboratoriyaya rast gəldim. həmin dövrdə Bağdadda, Qahirədə, Dəməşqdə, mosulda və s. Müsəlman şəhərlərində çoxlu elmi mərkəzlər, laboratoriyalar, kitabxana və rəsədxanalar mövcud idi, halbuki Avropada ilk rəsədxana 400 il sonra, yəni 16-cı əsrdə Parisdə qurulmuşdur.

Qustav Loben öz məlumatlarında buyurur ki, müsəlmanlar bütün dünyada elm, maarif və mədəniyyətin yaranmasında zəhmət çəkmişlər. Belə ki, onların Avropalılara bəxş etdiyi elmi məlumatları nəzərə alsaq, müsəlmanların həqiqətən bir neçə əsr müddətində qərblilərə müəllimlik etdiklərini anlamaq çətin deyildir.

Doktor Maks Mirhof yazır ki, hələ 8-ci ərdə müsəlmanlar təbiət emlərində elə bir zirvəyə yüksəlmişdilər ki, onların elmi nailiyyətləri bu gündə insanları heyran edir.

Belə ki, orta əsrlərdə qeyri müsəlman alimlər tərəfindən İbn Sina, Cabir ibn Həyyan, Zəkəriyyə Razinin tibb kitabları latıncaya tərcümə olunardı. Tək İbn Sinanın "Qanun" kitabı Avropada 15-ci əsrdə 16 dəfə, 16-cı əsrdə 20 dəfə çap olunmuşdur. Alim qeyd edir ki, mənim fikrimcə, gələcəkdə dünya alimləri İslam elmlərinə daha artıq əhəmiyyət verərək bu qiymətli xəzinələri öyrənməyə çalışacaqlar. Doktor Vildorant yazır ki, ən məşhur və qabaqcıl müsəlman təbibi Zəkəriyyə Razinin 12-ci əsrdə 200-dən artıq elmi kitabı var idi ki,onların çoxu tibbə aid idi. Onun "Çiçək", "Qızılca" adlı kitabları bu gündə qiymətli əsər sayılır. Alimin "Əl Havil-Kəbir" kitabı 20 cilddən ibarət idi ki, onun bir cildi yalnız göz xəstəliklərinə aid idi. Zəkəriyyə Razinin kitabları 12-16-cı əsrlərdə 40 dilə tərcümə edilmişdir. 11-ci əsr İslam aləminin ən məşhur cərrahı Əbul Həsən Əndəlaş öz kəşf etdiyi alətlərlə cərrahiyə əməliyyatları apardığı bir dövrdə Avropada cərrahiyə haqqında heç məlumat belə yox idi. 11-ci əsrlər boyunca bu alimin kitabları dəfələrlə dünyanın bir çox dillərinə tərcümə olunub.

Doktor Qustav Loben yazır ki, müsəlman alim təbibləri əczaçılıq (dərman düzəltmə) elmində elə yüksək səviyyəyə çatmışdılar ki, bu gün uzun əsrlər keçdikdən sonra avropalılar müsəlmanların 8-10-cu əsrlərdə xüsusi üsullarla düzəltdikləri kimyəvi dərman tərkibinin yeni üsul adı ilə dünya elminə tanıtdırırlar.

Doktor Corc Zeydan buyurur ki, alimlər əczaçılıq elmində apardıqları tədqiqatlar nəticəsində etiraf etməli oldular ki, bu elmin əsasını müsəlman alimlər qoymuşlar. Alim yazır ki, 8-9-cu əsrlərdə müsəlman ölkələrinin bir çoxunda geniş xəstəxanalar mövcud idi. Tək Bağdad şəhərində 4 xəstəxana fəaliyyət göstərirdi. Onlardan Əzdi xəstəxanasında tibbin başqa-başqa sahələrində çalışan 24 həkim fəaliyət göstərirdi. Və bu vaxt Bağdad şəhərində 60 aptek var idi. Maraqlıdır ki, həmin dövrdə yəni 8-9-cu əsrlərdə qərb aləmində aptek və xəstəxana anlayışı belə yox idi.İmam Cəfər Sadiq (ə)-ın şagirdi olmuş Cabir ibn Həyyan haqqında Maks Mirhof yazır ki,Cabirin 100 cildə yaxın kimya elminə dair kitabı hələ də əllərdədir və həmin kitabların müasir kimyaya nüfuzu böyükdür. Hələ 8-ci əsrdə Cabir atomun ətrafında fırlanan elektronlar haqqında məlumat verir. Doktor Vill Dorant yazır ki, "kimya"nın elm kimi formalaşması məhz müsəlman alimlərin təşəbbüslərinə bağlıdır, çünki onlar dəqiq elmi müşahidələr və təcrübələr apararaq bu elmin təşəkkül tapmasında müstəsna rol oynamışdır. Doktor Qustav Loben yazır ki, Abbasi xəlifəsi Harun Ər-Rəşidin dövründə icad olunan ilk saat xəlifə tərəfindən Fransa kralına hədiyyə göndərilmişdi. Vaxtı göstərən bu qəribə alət hər saat tamam olduqda zəng vururdu: Fransa kralı və əyanlar bundan heyran qalmışdılar. Alim qeyd edir ki, ilk dəfə pambıqdan kağız alan da müsəlmanlar olmuşdur. "Eskorial" kitabxanasındakı 1009-cu ilə aid kitab bunu təsdiq edirdi.Alim yazır ki, həmin dövrdə müsəlmanlar elə yüksək kefiyyətli kağız alırdılar ki, hətta indi də beləsinə rast gəlmək çətindir. Baron Duu isə başqa bir sahədə müsəlman alimlərin nailiyyətlərindən söz açaraq yazır: "Müsəlman alimlərin müxtəlif elmlərdə böyük müvəffəqiyət qazanaraq Cəbr elmini dəqiq elm səviyyəsinə qaldırdılar, onlar təhlili həndəsənin əsasını qoydular. Şübhə yox ki, səthi ucbucaqlar və triqonometriyanı onlar kəşf etdilər".Qustov Loben yazır ki, müsəlmanlar coğrafiya elmində də misilsiz idilər. Və bu işdə onlara astronomiyanı yaxından bilməkləri kömək edirdi. Maks Mirhof yazır-Müsəlmanların elmi potensialı get-gedə aşkar olur. Son illərin elmi potensialı kəşfləri İslam tarixinə və mədəniyyətinə işıq salmışdır. Lakin bunlar hələ kifayət qədər həmin mədəniyyəti dünyaya tanıtdıra bilmir. Ümidvaram ki, gələcəkdə dünya xalqları İslamın dərin elm mədəniyyətinin misilsiz nümunələrini öyrənib onlardan daha çox istifadə edəcəklər. Müsəlman alimlərinin kəşfləri orta əsrlərdə Avropalıları qaranlıq gecədə parlayan ay kimi işıqlandırmışdı və həmin nuru biz indi də hiss etməkdəyik.

İngilis alimi Cember yazır: "Etiraf etməliyik ki, müsəlmanlar öz insanlıq və səadət bəxş edən adət-ənənələri ilə bizim torpaqlara işıqlı bir mədəniyyət daxil etmişdilər. Əgər 711-ci ildə Tariq ibn Ziyadın başçılığı altında müsəlmanlar Cəbəlüt-Tariq boğazından Avropaya keçməsəydilər biz indiki vəziyyətimizə heç bir vaxt nail ola bilməzdik. Müsəlman alimləri orta əsrlərdə bir çox qədim və yeni elmlərdən mühüm məlumatlar əldə etmişlər-Mexanika, Dinamika, Hidravlika, kimya və ümymi fizika sahələrində, Astronomiya, əxlaq və fəlsəfə elmərindən 8-10-cu əsrlərdə İslam univeristetlərində tədris olunurdu.

Maraqlıdır ki, 8-ci əsrdən başlayaraq müsəlman şəhərlərində gözəl memarlıq əsərləri olan hamamlar tikilirdi ki, bundan 700 il sonra da Avropalılara hamam sözü heç nə anlaşmırdı.

Türk alimlərindən biri yazır ki, bu gün dünyada gedən cərəyanlara baxıb təssüflə deyirəm, ey kaş, müsəlmanlar Qurandan ayrı düşməyəydilər. Nə qədər ki, müsəlman Quranla bir idi, Quran onu elmlə qidalandırırdı, dünya sirlərini açmağa yönəldirdi. Bəli, həqiqətdə elm dünyasında parlayan müsəlman alimləri öz ilhamlarını Qurandan, Peyğəmbər (s) və məsum imamlardan alırdılar, çünki onlar idi müsəlmanları elmli olmağa çağıran. Bu gün isə özünü on günlük zəhmətə salıb heç olmasa Quranın tərcüməsini belə oxumaq istəməyən, Peyğəmbər (s) və məsumların qızıldan qiymətli kəlamlarını gözdən keçirmək istəməyən bəzi "ziyalılarımız" dinin insanları elmdən yzaqlaşdırdığını söyləyirlər. Həqiqətdə isə İslam dini yalnız ondan xəbəri olmayanlar üçün cahillər dinidir, çünki xəbərsiz-məlumatsız insan cahildir,dində onun üçün cəhalətdən başqa bir şey ola bilməz. Məşhur Lev Tolstoy buyururdu: -hər şeyi anlamaq istəyirsinizsə, quranı oxuyun,Puşkin isə-suallarınıza cavab tapa bilmirsinizsə, Qurana müraciət edin, çünki Quran açıqlayan və yol göstərən bir nurdur,-deyir

Təəccüblüdür Əgər biz dinimizi tanımırıqsa, nə üçün ona töhmət vururuq. Yada salaq elm şəhərinin qapısı olan Əli (ə) ki, buyururdu: Vay olsun sizin o gününüzə ki, sizin olandan başqaları istifadə edəcək və bunun sizinki olduğundan xəbəriniz belə olmayacaq.

Mən sözümü Fransız alimi Qustav Lobenin dedikləri ilə tamamlamaq istəyirəm:

Əgər dünyadan islam mədəniyyətini götürsəniz, dünyanın mədəniyətsiz olduğunu görərsiniz.

Ey o kəslər ki, özləri və övladları üçün İslam dinini öyrənməyi ar bilirlər, alimin dediklərini bir düşünün.