QƏDİR HADİSƏSİNİ YADDAŞLARDAN SİLMƏK

QƏDİR HADİSƏSİNİ YADDAŞLARDAN SİLMƏK
FİKİRLƏRİN FAŞ OLMASI
Qədir-Xum hadisəsindən təqribən iki ay sonra Allahın Rəsulu (s) vəfat etdi. Qədirdə yüz min müsəlman Allahın Rəsulunun (s) uca səslə çox aydın və heç bir qaranlığı, anlaşılmazlığı olmayan cümlələrlə Əli ibn Əbi Talibin (ə) onlara imam və rəhbər ünvanı ilə öz canişini təyin etməsini müşahidə etdilər. Tarixdə o böyük cəmiyyət arasından bir nəfərin belə, o seçimə azacıq e`tirazı qeydə alınmayıbdır . Əli ibn Əbi Talibə (ə) ilk təbrik Ömər ibn Xəttab və Əbu Bəkr ibn Əbi Quhafə tərəfindən olmuşdur.
Allahın Rəsulunun (s) vəfatından sonra hələ həzrətin mübarək bədəni dəfn olunmamış camaat Əli (ə)-ın haqqını tapdalamaqda bir-biri ilə elə yarışa girmişdilər ki, sanki o vaxta qədər onun uca məqamı haqqında heç nə eşitməmiş və Peyğəmbər (s) o sözləri onun kiçiltmək barəsində söyləmişdir.
Görəsən, Peyğəmbərin (s) Əlinin (ə) məqamını tanıtdırmaq üçün çalışmalarına şəkk etmək olarmı?! Allahın Rəsulu (s) vəfatından qabaq “Tezliklə fitnələr gecə zülmətinin dalğaları kimi (ümmətimə) gələcəkdir” – deməmişdimi?! Deməli, həzrət baş verəcək bütün hadisələrdən xəbərdardı. Buna görə də ümməti mümkün olan qədər xəbərdar etməyə çalışırdı. Məhz bu təkidlərin nəticəsində Mədinənin qorxuya düşmüş münafiqlərini hər şeydən artıq düşünməyə və çarə axtarmağa məcbur etmişdi.
Bu fəslidə araşdırılan və cavab verilməsinə səy göstərilən sual o zamanın siyasətçilərinin Qədir-Xum hadisəsini yaddaşlardan silməyə ciddi cəhdlər məsələsidir. Hansı səbəblərə görə Peyğəmbərin (s) dostları, səhabələri, ənsar və Mədinə əhli Əhli-beytə kömək etməkdən çəkinmiş və Allahın Rəsulunun (s) ailəsinə göstərilən zülmə razı olaraq, mühacirlərin qarşısında quyruq bulayaraq on illərlə ondan sonra bəni Haşimin kifayət qədər himayə etməmişdilər?
Düzgün cavab almaqdan ötrü bir neçə nöqtəyə diqqət etmək lazımdır:
1. O zamənənin tarixi haqqında bizə yetişənlərin bir çoxu qeyri-şiə mənbələrindən olan əməvi və abbasi tarixçilərinin yazılarıdır. Bu səbəbdən də mövcud xəbərləri səhih və düzgün adlandırmaq olmaz. On əsrlərlə qabaq baş vermiş və bir çox xırdalıqları bizdən gizli qalan hadisələri araşdırmaq və haqqında hökm çıxarmaq çətin, bəzi vaxtlarsa mümkün olmayan bir işə çevrilir.
Bunlardan əlavə o zamanənin irticaçı şəraiti bir çox hadisələri gizli saxlamış və ya başqa cür qələmə vermişdir. Allahın Rəsulunun (s) əxlaqi və şəriət hökmləri haqqında olan hədislərinin yazılması yüz il müddətində qadağan olursa, sözsüz, siyasi və ictimai hədislərin sonrakı nəsillərə yetişməsi çox çətin olacaqdır. Bu təsəvvürlə Səqifə əshabının öz əməlini necə yozması, camaatın susması və necə bir bəhanə gətirməsini bilmək bizim üçün o qədər də asan deyildir.
Böyük bir alimin dediyi kimi “Allahın Rəsulunun (s) iyirmi üç illik tarixi, vəfatından sonrakı üç günün tarixindən daha aydındır.”
2. Camaatın susmasının səbəbini, eləcə də mühacir və ənsarın etdikləri hərəkətdən nə məqsəd güdmələrini təhlil etmək üçün bir neçə mövzunu bir-birindən ayırmaq lazımdır:
a) O zəmanənin siyasətçiləri hansı yolla Qədir-Xum hadisəsini camaata unutdurmuş və bu hadisə qarşısında onları məsuliyyətsiz, etinasız etmişdilər?
b) Nəyə görə ənsar o yığıncağı (səqifə) düzəltmişdi?
v) Mühacirlərin öz rəftarına görə hansı dəlilləri vardı? Onlar vəziyyəti ələ alandan sonra öz siyasi mövqelərini möhkəmlətmək üçün hansı vasitələrə əl atdılar?
q) Görəsən Mədinə əhalisinin hamısı susmuş və etinasızlıq göstərmişdi? Bu rəftarın səbəbi nə idi?
d) Peyğəmbərin (s) ailəsi və dostları nə etmişdilər?
3. Mədinə əhli Allahın Rəsulundan (s) sonra baş vermiş hadisələr qarşısında bir neçə dəstəyə bölünmüşdü:
a) Onlardan bir dəstəsi – Miqdad, Salman və Əbuzər kimi şəxsiyyətlər son nəfəsə qədər Əhli beyti (ə) himayə etdilər və imam müxalifləri ilə beyət etməyənə qədər beyət etmədilər. Ondan sonra da həmişə hökumətin nəzəri altında olub ağır işkəncələrlə susmağa məcbur edildilər.
Bunlardan savayı başqa himayətçilərin olmasına baxmayaraq, onları Əli ibn Əbi Talibin (ə) siyasi hamilərindən saymaq olar. Bu insanların himayəsi cahillik və qohumu himayə etmə kimi fikirlərlə qarışmırdı. Belə ki, Əli (ə) Peyğəmbər (s) kimi Qureyşdən və Bəni-Haşimdən olduğuna görə, qəbilə təəssübünə əsasən onun (s) canişini olmalıdır.Bəlkə də belə demək daha düzgün olar ki, Əlinin (ə) himayə etməklə onun hökuməti sayəsində özlərinin siyasi və qəbilə mövqelərini qorumaq istəyirdilər. Necə ki, sonralar İmamın hakimiyyətinin əvvəllərində bunu göstərdilər. Onlar ümumi camaatın himayəsində olan Əli ibn Əbi Talibi (ə) hakimiyyətə gətirməklə onun hökuməti sayəsində özlərinə pay almaq və daha sonra tədricən bütün hakimiyyəti öz qəbilələrinin əlinə keçirmək istəyirdilər.
Bu insanların siyasi fəaliyyətlərini araşdırdıqda onları istədikləri qüdrətə və siyasi hədəflərinə çata bilmədikdə Əli (ə) tək qoyaraq onun qarşısında yeni müxalifət yaratmalarını görürük. Elə Cəməl müharibəsi bu məqsədlə baş vermişdi. Siffeyn müharibəsində də bir dəstə adam Əli (ə)-a Şama qalib gəlməsinə görə kömək göstərərək intiqam almaq və Kufənin Şama hakimiyyət etməsini istəmələrinə görə idi.
v) Onlardan sayca heç də az olmayan digər bir dəstə Allahın Rəsulunun (s) dünyadan getməsində saniyələri sayır, hər hansı yolla olursa-olsun, Əli ibn Əbi Talibin (ə) qüdrətə yetişməsinə mane olmaq istəyirdilər. Bu insanlar uzun müddətdən bəri özlərini hakimiyyət etməyə hazırlamışdılar.
q) Digər bir dəstəsə adi müsəlmanlar idi, siyasi və ictimai işlərə o qədər də qarışmırdılar. Onların fikrincə, islam iman gətirmək, günahlardan uzaq olmaq və vacibatı yerinə yetirməkdən savayı bir şey deyildir. Onların bir çoxu bugün bizim bildiyimiz qədər yüksək imamət məqamı və ona itaətin vacib olması barədə heç şey bilmirdilər. Bəzi vaxtlar agahlığı olmayan bu müsəlmanlar nifaq əhlinə (münafiqlərə) itaət edərək hətta Allahın Rəsulunun (s) əmrlərinə də əhəmiyyət vermirdilər. Onlar şəri hökm olmayan göstərişlərə itaət etməməyin maneəsi olmasını düşünürdülər.
Hakimiyyətə yetişmiş insanlara itaət etmələrinə, yaxud ruzigarın fərqinə varmayan bu insanların Allahın Rəsulunun (s) Əhli beyti ilə (ə) əsla düşmənçiliyi yoxdur. Əgər başqa bir nəfər hakimiyyətə gəlsəydi belə, onlar yenə də həmin işi görəcəkdilər.
Əbdülhəmid Mədaini ustadının bu haqda olan sözlərini belə yazır:
Hər yerdə camaatın əksəriyyətini təşkil edən kütlənin çox vaxt şəxsi fikri olmur. Külək hansı tərəfə əsirsə, o tərəfə də əyilirlər. Bunlar təqlid edənlərdir. Onların nə sualı olur, nə fikri, nə də ki, bəhs edirlər. Həmişə hakimə tabe olub onun qüdrətinə itaət edirlər. Hətta əgər vacib namazı gündəlik proqramdan çıxarsalar belə, onlar onu tərk etməyə hazırdırlar. Məhz buna görə də Allahın Rəsulunun (s) Əli ibn Əbitalib (ə) haqqında olan çox aydın göstərişləri tapdalandı, üstü örtülü qaldı. Əbu Bəkrlə olan beyət qüvvətləndi. Bəni Haşimin Peyğəmbərin (s) dəfni ilə məşğul olması onların fəaliyyəti və Allahın Rəsulunun (s) əmrləri ilə müxalifət etmək üçün fürsət yaratdı.
Belə avam insanlar əsrində əgər bir dəstə adam bir neçə saat ərzində hakimiyyətə gəlib vəziyyəti ələ ala bilirsə,onları aram etmək və özü ilə həmfikr etmək elə də çətin olmayacaqdır.