Miras və İslam üçün AlHassanain Network Düşüncə

ƏL-İSRA SURƏSI

0 Nəzərlər 00.0 / 5

ƏL-İSRA SURƏSI

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Öz bəndəsini (MuhəmmədiÖsəlləllahu əleyhi və alihi və səlləm) Özümüzün (tovhid, qüdrət və hikmətimizin) bəzi nişanələrimizi ona göstərmək üçün bir gecə Məscidül-Həramdan ətrafını (nazil olmuş mələklərin və oradan çıxmış peyğəmbərlərin mənəviyyatı, çoxlu ağacların yaşıllığı və çaylar ilə) mübarək (bərəkətli) etdiyimiz Məscidül-Əqsaya aparan Allah (hər bir eybdən) pak və nöqsansızdır. Əlbəttə (Öz bəndəsinin və yuxarı aləmin sakinlərinin danışığını) eşidən və (onların hamısının halını) görən Odur (O Allahdır).

2. Biz Musaya kitab (Tövrat və səhifələr) verdik və onu və onun kitabını İsrail övladlarının bələdçisi etdik ki, (onlara) «Məndən başqa heç kəsi (dünya və axirət işlərinizin) vəkil və idarə edən(i) tutmayın» (desinlər).

3. (İsrail övladları) Nuhla birlikdə (gəmiyə) mindirdiyimiz kəslərin övladlarıdır. Çünki o, şükr edən bir bəndə idi.

4. Biz İsrail övladlarına (Tövrat) kitablarında qəti hökm verdik və elan etdik ki: Şübhəsiz, siz yer üzündə (Fələstində) iki dəfə fəsad törədəcək və böyük bir itaətsizliyə mürtəkib olacaqsınız.

5. Beləliklə, o iki itaətsizliyin birincisinin (cəzasının) vəd edilmiş vaxtı çatanda, Özümüzün çox döyüşkən olan bəzi bəndələrimizi sizin üzərinizə göndərərik. Beləliklə onlar (sizi öldürmək üçün hətta) evlərin içini axtararlar (ki, heç kimi diri qoymasınlar). Bu, baş verəcək qəti bir vəddir.

6. Sonra onlar üzərində qələbə və hakimiyyəti yenidən sizə qaytarar, sizə mallar və oğullarla kömək edər və sizi say baxımından (onlardan) çox edərik.

7. Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz və əgər pislik etsəniz, özünüzə aiddir. Digər (itaətsizliyin cəzasının) vəd edilmiş vaxt(ı) çatanda, üzlərinizi (məğlubiyyətin və əzabın şiddətindən) qəmli və qara etmək, birinci dəfə daxil olduqları kimi, məscidə (Məscidül-Əqsaya) daxil olmaq və əllərinə keçəni məhv etmək üçün (üzərinizə düşmənlər göndərərik).

8. (İkinci məğlubiyyətdən sonra əgər tövbə edib haqqa üz tutsanız) ümid var ki, Rəbbiniz sizə rəhm etsin (və dövlət və müstəqilliyinizi yenidən qaytarsın) və əgər (fəsada) qayıtsanız, Biz də (cəza verməyə) qayıdarıq. Biz Cəhənnəmi kafirlər üçün dar bir zindan etmişik.

9. Həqiqətən bu Qur’an (insan cəmiyyətini) ən möhkəm və sabit yola və dinə hidayət edir və həmişə yaxşı işlər görən möminlərə, onlar üçün (dünyada və axirətdə) böyük bir mükafat olması müjdəsini verir.

10. Və axirətə iman gətirməyənlər üçün isə ağrılı bir əzab hazırlamağımızı!

11. İnsan (həqiqəti bilmədiyi üçün, yaxud qəzəb halında Allahdan) xeyir istədiyi kimi, şər və zərər (də) istəyir. İnsan (təbiətcə) tələsəndir (nəfsi istəklərinin tələb etdiyi şeyi onun aqibətini düşünmədən istəyir).

12. Biz, gecə ilə gündüzü (Öz tovhid, qüdrət və hikmətimizin) iki nişanə(si) etdik. Beləliklə gecə olan nişanəni qaranlıq, gündüz olan nişanəni isə işıqlı etdik ki, siz (aydınlıqda) Rəbbinizdən lütf və mərhəmət istəyəsiniz (işləmək və qazanc əldə etməklə məşğul olasınız) və həmçinin (gecə ilə gündüzün birləşməsindən ay, ayların birləşməsindən il düzəldəsiniz və onun vasitəsi ilə) illərin sayını və hesabı (işlərin, müqavilələrin, ömürlərin, hadisələrin hesabını) biləsiniz. Biz hər bir şeyi ona münasib təfsilatı ilə izah etmişik.

13. Hər bir insanın (əməlinin qeybdən onun üçün qərara alınaraq tərəfinə uçmuş gözəl və ya uğursuz) taleyini (boyunduruq kimi) onun boynunda zəruri və sabit etdik. Qiyamət günü onun üçün, açıq şəkildə görəcəyi bir yazı çıxararıq.

14. (Ona deyilər:) «Öz (qəlb və bədəninin əməl) kitabını oxu, bu gün sən özün özünün (əməllərinin) hesabını aparmaq üçün kifayətsən.»

15. Kim doğru yola gəlsə ancaq öz xeyrinə doğru yola gəlib və kim yolunu azsa, öz ziyanına azmışdır. Heç bir günahkar başqasının günahını daşıyan deyildir. Biz (dünyada heç bir millətə, onları oyatmaq üçün) bir peyğəmbər göndərməyincə (köklərini kəsəcək) əzab verməmişik.

16. Biz hər hansı bir cəmiyyəti (azğınlıqlarına görə) həlak etmək istəyəndə, onların böyüklərinə və əyyaşlarına (Qiyamətdə bəhanə gətirmələrinə yer qoymamaq üçün bir daha Allaha itaət etmələrini) əmr edərik (yaxud onların dünyadakı imkanlarını artırarıq). Belə olduqda onlar həmin mühitdə Allaha qarşı itaətsizlik edərlər (və digər təbəqələr də onlara tabe olarlar, yaxud onların günahlarına razı olarlar). Beləliklə Bizim (azğınları məhv etməkdən ibarət) qəti və əzəli hökmümüz onların barəsində gerçəkləşər və onları şiddətlə həlak edərik.

17. Nuhdan sonra (Ad, Səmud və Lut qövmü kimi bir-birlərinə yaxın əsrlərdə olmuş) neçə-neçə cəmiyyətləri həlak etdik. Sənin Rəbbinin Öz bəndələrinin günahlarını (onlara uyğun cəza verməsi üçün) bilməsi və görməsi kifayətdir.

18. Kim yalnız bu ötəri nəqdi (dünyanı) istəsə, Biz dünyada istədiyimiz şeyi istədiyimiz şəxsə verməkdə tələsər, sonra onun üçün Cəhənnəmi müəyyənləşdirərik ki, orada məzəmmət olunmuş və qovulmuş halda yanar.

19. Və kim axirəti istəsə və mömin olan halda axirət üçün ona layiq tərzdə çalışsa, onda belə şəxslərin səyləri qəbul ediləcək və mükafatlandırılacaqdır.

20. Bunların və onların (axirət və dünya istəyənlərin) hər birinə Rəbbinin əta etdiyindən kömək yetirərik. Və sənin Rəbbinin ətası əsla (bir kəsə) qadağan olunmamışdır (dünyada bütün mənəvi və maddi nemətlər mömin və ya kafir olmasından asılı olmayaraq bütün insanların ixtiyarında qoyulmuşdur).

21. Bax gör (maddi və mənəvi nemətlər baxımından) onların bəzisini bəzisindən necə üstün etmişik və əlbəttə, axirət dərəcələr və üstünlüklər baxımından daha böyükdür.

22. Allahla birlikdə əsla başqa bir məbud götürmə ki, (mələklərin və saleh insanların yanında) qınanmış və (Allahın yanında) məzəmmət olunmuş, xar və köməksiz düşüb qalarsan.

23. Və Rəbbin Ondan başqasına ibadət etməməyinizi və ata-anaya (öz valideyinlərinizə) yaxşılıq etməyinizi qəti hökm etdi. Əgər onlardan biri və ya hər ikisi sənin yanında qocalıq çağlarına yetişsələr (onların zəhmət yaxud sərt davranışları müqabilində narahatlığını büruzə vermə, hətta) onlara «uf» demə, üstlərinə qışqırma, kobud söz demə və onlara xoş söz de.»

24. Və mehribanlıq üzündən onların qarşısında təvazökarlıq və kiçiklik qanadı sal (təvazökarlıq göstər) və «ey Rəbbim, körpəlikdə məni (rəhmət üzündən) tərbiyə etmələrinin müqabilində onların hər ikisinə rəhm et» de!

25. Rəbbiniz sizin ürəklərinizdə olanı (əgər qəlbinizdə ata-ananızdan bezarsınızsa və ya onlara zülm etmisinizsə, bunları) daha yaxşı bilir. Əgər özünüzü islah etsəniz (və etdiyiniz səhvdən Allaha tərəf qayıtsanız) Allah qayıdanları mütləq bağışlayandır.

26. Və qohumların haqqını (öz qohumlarının və Peyğəmbərinin (s) qohumlarının haqqını) və yoxsulun və yolda (möhtac) qalmışın haqqını ver və heç bir şəkildə israf və artıq xərc etmə (malı haram yolda xərcləmə və halal yolda xərcləməkdə həddini aşma).

27. Həqiqətən, mallarını (haram və batil yolda) dağıdanlar, şeytanların qardaşları (dostları və tərəfdaşları)dır və Şeytan həmişə öz Rəbbinin qarşısında çox kafir və nankor olub.

28. Əgər (əlin boş olduğuna görə və) Rəbbin tərəfindən axtardığın rəhmət (sənə gəlməsi və sənin də onlara verərək ehtiyaclarını aradan qaldırmaq) ümidi ilə onlardan üz çevirməli olsan da, onlara yumşaq bir söz de.

29. Və əlini bağlayıb boynuna qoyma (vacibləri verməkdə xəsislik etmə) və onu tamamilə də açma (özün möhtac olacağın həddə qədər vermə) ki, qınanmış və aciz halda düşüb qalarsan.

30. Həqiqətən sənin Rəbbin istədiyi şəxs üçün ruzini genişləndirər və (istədiyi şəxs üçün də) daraldar. Əlbəttə, O həmişə Öz bəndələrindən xəbərdar və (onları) görəndir (onların fərdi və ictimai hallarını bilir).

31. Öz övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Onlara və sizə ruzi verən Bizik. Həqiqətən onları öldürmək böyük günahdır.

32. Və zinaya yaxınlaşmayın (hətta onun üçün müqəddimə ola biləcək əməllərdən uzaq olun), çünki o çox çirkin (bir əməl) və (cəmiyyətin pozulması və onun mənəviyyatsızlığı ilə nəticələnən) pis bir yoldur.

33. Və Allahın (bütün şəriətlərdə toxunulmazlıq hüququ verdiyi və öldürülməsini) haram buyurduğu canı, (qisas, dindən dönmə və şər’i hədlər kimi) haqq (əsaslar) istisna olmaqla öldürməyin. Biz məzlumcasına (haqsız yerə) öldürülmüş şəxsin qəyyumuna hökmranlıq (qisas almaq, qanbahası almaq və yaxud bağışlamaq ixtiyarı) vermişik. Beləliklə, o, öldürmək zamanı həddi aşmamalıdır (işkəncə verməməli, öldürdüyü şəxsin bədən üzvlərini kəsib-doğramamalı, yaxud bir nəfərdən artıq öldürməməlidir). Çünki ona (bu hökmün çıxarılması ilə) kömək olunmuşdur (və qisas alınan şəxs də, məhkumiyyətindən artıq cəzalandırılmamaq barəsində Bizim köməyimiz altındadır).

34. Və yetimin malına V gözəl bir tərzdə olan (şəriətin icazə verdiyi və malın və ya onun sahibinin xeyrinə olan) istisna olmaqla l o (yetim), həddi-büluğa çatana (onun cismi və əqli qüvvələri zahir olana) kimi yaxınlaşmayın (heç cür toxunmayın). Və əhd-peymanınıza (istər Allahın sizlə olan əhd-peymanı olsun, istər sizin Allahla olan əhd-peymanınız, yaxud sizin özünüzün bir-birinizlə olan əhd-peymanınız) vəfa edin. Həqiqətən (Qiyamət günü) peymandan soruşulacaqdır (peyman sahibindən, ya canlandırılaraq peymanın özündən soruşacaqlar).

35. Və (hər hansı bir malı verəndə və ya alanda) ölçən zaman, ölçü qabını doldurun və (həmçinin) düzgün tərəzi ilə çəkin ki, bu (ölçü və çəkidə xəyanət etməmək ağıl baxımından) xeyirdir və (cəmiyyətin etimadının qorunması baxımından) onun sonu və nəticəsi daha gözəldir.

36. (Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır).

37. Və yer üzündə təkəbbür və məğrurluqla yol getmə. Çünki sən (nə qədər qüvvətli olsan da) heç vaxt (öz addımlarınla) yeri yara bilməz və heç vaxt ucalıqda dağlara çata bilməzsən.

38. Bunların (sadalanan bu iyirmi üç işin) hamısının pisi (və fəsadı olanı) sənin Rəbbinin yanında bəyənilməzdir (və Allahın onları bəyənməməsi onların haram olmaları deməkdir).

39. Bu (iyirmi neçə vacib və haram xislət), Rəbbinin sənə vəhy etdiyi bəzi hikmətlərdəndir (şəriət hökmləri və əqli qanunlardandır). Və Allahla yanaşı əsla başqa bir məbud götürmə ki, (Allah və vicdan tərəfindən) qınanmış və (yaxşıların zümrəsindən) qovulmuş halda Cəhənnəmə atılarsan.

40. Məgər Rəbbiniz sizi oğullarla (oğlanları verməklə) seçmiş və Özü (övladlığa) mələklərdən qızlar götürmüşdür?! Həqiqətən siz (Allahın övladının olduğunu demək və pis bildiyiniz şeyi Allaha nisbət verməklə) yekə-yekə danışırsınız.

41. Həqiqətən Biz bu Qur’anda onların xatırlamaları və öyüd-nəsihət almaları üçün (Allahın tovhidi, şərikinin olmaması və digər məsələlər barəsində) müxtəlif açıqlamalar gətirdik. Lakin (bu) onlarda nifrət və uzaqlaşmaqdan başqa bir şey artırmır.

42. De: «Əgər onların dediyi kimi Allahla birgə (başqa) məbudlar (da) olsaydı, onda onlar (qalib gəlib Onu aradan götürmək və ya Onun mülkündə şərik olmaq və yaxud heç olmasa Onun dərgahına yaxın olmaq üçün) mütləq ərşin sahibi olan Allaha bir yol axtarardılar.

43. (Allah) onların dediklərindən pakdır və uca, çox-çox ucadır!

44. Yeddi göy, yer və onlarda olan hər bir kəs Onu pak sifətlərlə mədh edir. Və (cansız təbiət, bitkilər aləmi, heyvanlar və onlardan üstün) elə bir şey yoxdur ki, (adi bəşər eşitmədiyi dilləri və vəziyyətləri ilə nöqsansızlığını) tərifləyərək Onu pak sifətlərlə mədh etməsin. (Çünki hər bir məxluqun vücudu Onun vücuduna, mümkün olması Onun vacibliyinə, hadisliyi m sonradan yaranması Onun qədimliyinə d elə əzəldən, həmişə olmasına, naqisliyi Onun kamalına və məhdudluğu Onun qeyri-məhdud olmasına dəlalət edir.) Və lakin siz onların (həmin) mədhini başa düşmürsünüz (dilləri ilə etdikləri mədhi başa düşməməyinizin səbəbi ona qüdrətinizin çatmaması, vəziyyətləri ilə etdikləri mədhi başa düşməməyinizin səbəbi isə səhlənkarlığınızdır). Həqiqətən O həlim və bağışlayandır (başa düşməyiniz üçün sizə möhlət verir, əgər başa düşməsəniz bağışlayır).

45. Qur’an oxuduğun zaman səninlə axirətə inanmayanların arasında görünməz bir pərdə çəkərik (onların rəzil əxlaqı, itaətsizlikləri və küfrləri görünməz bir pərdədir və onların Qur’an maarifinə diqqət yetirmələrinə mane olur).

46. Və (küfrlərinin cəzası olaraq) onların qəlblərinə onu (Qur’anı) başa düşməmələri üçün (qürur, mal, və məqam məhəbbətindən ibarət) örtüklər çəkmişik və qulaqlarında bir ağırlıq (qoymuşuq). Və Qur’anda Rəbbinin birliyini yad etdiyin zaman, nifrətlə arxa çevirirlər.

47. Biz onlar (istehza və məsxərə üçün) sənə qulaq asan zaman səni nə məqsədlə dinlədiklərini, həmçinin bu zalımların (bir-birlərinə) «siz yalnız ovsunlanmış bir kişiyə tabe olursunuz» deyən zaman onların bir-birləri ilə pıçıldaşmalarını daha yaxşı bilirik.

48. Gör sənə (şair, sehrbaz, kahin, divanə və ovsunlanmış kimi) necə məsəllər çəkdilər. Beləliklə onlar azıblar və (haqqa tərəf gedən) heç bir yol(u tapmağ)a (və onunla getməyə) qüdrətləri yoxdur.

49. Və dedilər: «Məgər biz bir ovuc sümüklər və çürümüş üzvlər olduğumuz zaman, yeni bir məxluq surətində dirildiləcəyik?»

50. De: «Siz (istəyirsiniz) daş olun, yaxud dəmir,

51. ya zehinlərinizdə (möhkəmlik və həyat qəbul etməmək baxımından) böyük görünən hər hansı bir məxluq (Allah ona yenə ruh verib dirildəcəkdir). Onlar tezliklə «bizi (yeni həyata) kim qaytaracaqdır?» deyəcəklər. De: «Sizi ilk dəfə yoxluqdan var edən!» Onda dərhal (təəccüb və istehza ilə) başlarını sənə tərəf (uzadıb) bulayar və «bu (dirilmə) nə vaxt olacaqdır?» deyərlər. De: «Ümid var ki, yaxın olsun.»

52. O gün ki, sizi (sizin Bərzəx ruhlarınızı və torpaqda dağılmış cəsədlərinizi yaradılış iradəsi ilə) çağıracaq, beləliklə siz (bədən üzvlərinizin bir yerə toplanması, dünyada olduğu şəkli alması və Bərzəx ruhlarının onlara daxil olması ilə) Ona sitayiş edən halda (Onun dəvətinə) cavab verəcək (və əmrini yerinə yetirəcək)siniz. Və (həmin vaxt dünyada və Bərzəx aləmində) yalnız az bir zaman qaldığınızı güman edərsiniz (dünya və Bərzəxin hər ikisi sizin nəzərinizdə axirət əbədiyyəti müqabilində az görünəcəkdir).

53. Və Mənim bəndələrimə de ki, sözün ən gözəlini söyləsinlər (hər bir məqam üçün o məqama münasib sözün ən gözəlini seçsinlər). Həqiqətən Şeytan (fəsad yaradan sözlərin vasitəsi ilə) onların arasını vurur. Çünki Şeytan həmişə insana açıq-aşkar düşmən olmuşdur (və indi də belədir).

54. Rəbbiniz sizin halınızı daha yaxşı bilir. Əgər istəsə (xeyir əməllərinizə görə və ya Öz geniş rəhmətinin əsasında) sizə rəhm edər, yaxud əgər istəsə (layiq olduğunuza görə) sizi cəzalandırar. Və səni onlara vəkil göndərməmişik (sənin vəzifən tapşırılan ilahi vəzifəni çatdırmaqdır. Dünyada mükafatlandırmaq və axirətdə mükafat və cəza vermək də sənə deyil, Allaha aid olan işlərdəndir).

55. Sənin Rəbbin göylərdə və yerdə olan hər bir kəsin halını kamil şəkildə bilir. Şübhəsiz, Biz peyğəmbərlərin bəzisini (elm və nəfsi fəzilətlərdə, möcüzələrdə, risalətdə, şəriətdə və kitabda) bəzisindən üstün etdik və Davuda Zəbur verdik.

56. De: «Barələrində allahlıq gümanında olduğunuz Ondan (Allahdan) qeyrilərini (bütləri, mələkləri, Məsihi və digərlərini) çağırın, onda (görəcəksiniz ki,) sizdən əsla nə bir zərər-ziyanı dəf etməyə malikdirlər, nə də onu başqasına yönəltməyə qadirdirlər.»

57. (Bu kafirlərin tanrı kimi) çağırdıqlarının özləri hansının (Allaha) daha yaxın olması(nı bilmək) üçün öz Rəbbinə bir vasitə axtarır, Onun rəhmətinə ümid bəsləyir və Onun əzabından qorxurlar. Həqiqətən sənin Rəbbinin əzabı qorxulası və çəkiniləsidir.

58. Biz Qiyamət günündən qabaq hər bir (azğın) cəmiyyəti (öz cari qayda-qanunlarımıza uyğun olaraq, ümumi bir ölümlə) həlak edəcək və ya şiddətli bir əzaba (qıtlığa, vəbaya və digər xəstəliklərə) düçar edəcəyik. [Və ya: Qiyamət günündən qabaq müqəddimə olaraq hər bir cəmiyyətin yaxşılarını adi ölümlə və pislərini şiddətli bir əzabla həlak edəcəyik ki, yer üzündə heç kəs qalmasın.] (Bizim) bu (üsulumuz əzəli elmə əsasən Lövhi-Məhfuz) kitab(ın)da yazılmışdır.

59. Möcüzələri (Qüreyşin istədikləri möcüzələri) göndərməyə Bizə yalnız keçmişdəkilərin onları təkzib etmələri (və əzaba layiq olmaları) mane oldu (və bunlar da təbiətcə onlara oxşar olduqları üçün Biz bunlara möhlət vermək istəyirik). Və Səmud qövmünə aşkarcasına dəvə (möcüzəsi)ni verdik. Beləliklə onlar onunla (dəvəni öldürməklə ona və özlərinə) zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk.

60. Və (yada sal) o zaman(ı) ki, sənə «həqiqətən sənin Rəbbin insanları (elm və qüdrət baxımından) əhatə etmişdir, (buna görə də qəm yemə və öz işində möhkəm ol)» dedik. Və Biz sənə (meymunların sənin minbərindən yuxarı çıxmalarını) göstərdiyimiz o yuxunu və Qur’anda lənətlənmiş o ağacı (xəbis Bəni-Üməyyə ağacını) insanlar üçün yalnız bir sınaq etdik. Biz onları qorxuduruq, lakin (bu,) onlarda böyük itaətsizlikdən başqa bir şey artırmır.

61. Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Beləliklə İblisdən başqa onların hamısı səcdə etdi. O, «palçıqdan yaratdığın bir kəsə səcdə edim?!» dedi.

62. (Sonra) dedi: «Mənə de (görüm): Məndən üstün və şərafətli etdiyin bu kəs (nə üçün belə olmuşdur)? And olsun ki, əgər mənə (onun nəslinin həyatının sonu olan) Qiyamət gününədək möhlət versən, onun az bir qismi istisna olmaqla bütün övladlarına cilov vuracağam (və doğru yoldan azdıracağam).»

63. (Allah) buyurdu: «(Uca mələklər aləmindən xaric ol və öz məqsədinin ardınca) get! Onlardan kim sənə tabe olsa, şübhəsiz, kamil və bolluca bir cəza olan Cəhənnəm sizin cəzanızdır!»

64. Və onlardan bacardığın kəsi öz səsinlə (günaha tərəf) təhrik et və (onları itaətsizliklərə tərəf qovmaq üçün ordundakı) öz süvarilərin və piyadaların ilə onların üzərinə fəryad qopar; və onların mallarına və övladlarına şərik ol və (hər bir vacibin tərk olunmasında və hər bir haramın yerinə yetirilməsində) onlara vəd ver. (Onlar bilməlidirlər ki,) Şeytan onlara yalan və hiylədən başqa əsla bir vədə vermir.»

65. Şübhəsiz, sənin Mənim (itaətkar) bəndələrim üzərində (vəsvəsə etməkdən başqa) heç bir hökmranlığın yoxdur və Rəbbinin (Öz bəndələrinin işlərinin) vəkil(i) olması kifayətdir.

66. Sizin Rəbbiniz Onun lütf və ruzisindən arayasınız deyə (gəmini icad etmək qüdrəti və onun düzəldilməsi üçün gərəkli olan ləvazimatları verməklə və suyun təbiətini yumşaltmaqla) gəmiləri dənizdə sizin xeyrinizə hərəkət etdirəndir. Çünki O, sizə qarşı həmişə mehribandır.

67. Dənizdə sizə (suda batmaq qorxusunun yaranmasına səbəb olan) bir çətinlik və müsibət üz verən zaman, Ondan başqa, (ibadət üçün) çağırdıqlarınızın hamısı (fikrinizdən) itər (diqqətiniz yalnız Ona yönələr). Sizə nicat verib quruya çıxaranda isə (Ondan) üz döndərərsiniz. İnsan həmişə &