İmamın isməti (günahlardan uzaq olması)
İmamın isməti (günahlardan uzaq olması)
İmamın mühüm səciyyələrindən və imamətin əsaslı şərtlərindən biri də ismətdən ibarətdir. İsmət dedikdə məqsəd elm, və güclü iradədən irəli gələn bir səciyyədir. İmam bu ikisindən bəhrələndiyinə görə hər növ günah və xətadan uzaqdır. İmam həm din məarifini öyrənib bəyan etməkdə, həm ona əməl etməkdə, həm də islam cəmiyyətinin xeyrini və zərərini ayırd etməkdə xəta və sapmalardan amanda olmalıdır.
İmamın ismətini göstərən çoxlu əqli və nəqli dəlillər (Qur`an və rəvayət) mövcuddur. Əqli dəlillərin ən mühümü aşağıdakılardır:
a) Dinin dindarlıq hüdudlarının qorunub-saxlanması imamın mə`sum (günah, xəta və s. dən uzaq) olmasına bağlıdır. Çünki imam dinin təhriflərdən qorunub-saxlanması və insanların dini cəhətdən düz yola hidayət olunması məs`uliyyətini öhdəsinə alır. Onun təkcə sözləri deyil, həm də rəftarı, başqalarının əməlini görüb təsdiqləməsi və başqalarının əməllərinin qarşısında əks-reyaksiya göstərməməsi islam cəmiyyətinin rəftar və davranışında tə`sir göstərir. Deməli imam dinin dərk olunmasında və ona əməl edilməsində hər növ xəta vəsapmadan uzaq olmalıdır ki, öz ardıcıllarını düzgün şəkildə hidayət edə bilsin.
b). Cəmiyyətin imama olan ehtiyacının dəlillərindən biri də budur ki, adi insanlar dinin tanınması və onun qayda-qanunlarının icra edilməsində xətadan amanda deyillər. Belə olan təqdirdə, əgər camaatın rəhbəri də belə olsa necə e`timad edilən bir şəxs sayıla bilər?! Başqa sözlə desək, əgər imam mə`sum olmazsa, camaat ona tabe olmaqda və onun göstərişlərini yerinə yetirməkdə şəkk-şübhəyə düçar olacaqlar.[1]
Qur`anın bə`zi ayələri imamın ismətinin lazım və zəruri olmasını göstərir. Onlardan biri də «bəqərə» surəsinin 124-cü ayəsidir. Bu şərif ayədə qeyd olunur ki, Allah təala nübüvvət məqamından sonra yüksək imamət məqamını da həzrət İbrahimə (ə) əta etmişdir. İbrahim (ə) Allahdan imamət məqamını onun nəslində qərar verməsini istədik də Allah təala buyurdu: «Mənim əhdim (imamət) zalımlara çatmaz», yə`ni imamət məqamı İbrahimin nəslindən olan yalnız o şəxslərə məxsusdur ki, zülm etməmiş olsunlar. Qur`anın Allah təalaya şərik qoşmağı böyük bir zülm hesab etməsinə, ilahi göstərişlərin hüdudunu aşmağı (günahı) insanın özünə zülm etməsi hesab etdiyinə diqqət yetirməklə mə`lum olur ki, hər kəs öz həyatının müəyyən hissəsində müəyyən bir günaha mürtəkib olduğu üçün zalım hesab olunur və heç vaxt imamət məqamına layiq görülmür.
Başqa sözlə desək, şübhəsiz, Həzrəti İbarahim (ə) imamət məqamını öz nəslindən bütün ömrü boyu günahkar olan, yaxud əvvəldə yaxşı əməl sahibi olsa da sonradan pis əməllərə düşənlər üçün istəməmişdir. Buna əsasən, iki dəstə qalır:
1- O kəslər ki, əvvəldə günahkar olub sonradan tövbə edərək yaxşı əməl sahibi olsunlar;
2- O kəslər ki, ümumiyyətlə günaha mürtəkib olmayıblar.
Allah təala Öz kəlamında birinci dəstəni istisna etmişdir. Belə nəticə alırıq ki, imamət məqamı yalnız ikinci dəstədən olanlara məxsusdur.
İmamın ictimai idarəçiliyi
İnsan ictimai bir varlıq olduğuna, cəmiyyətində onun ruhu`əməl və rəftarına çoxlu tə`sir qoyduğuna görə gərək onun İlahi dərgaha yaxınlaşmaq və mə`nəvi məqamlara nail olması istiqamətində düzgün tərbiyəsi və inkişafı üçün münasib ictimai şəraitlər yaransı. Bu da yalnız ilahi hökumətin təşkil olunması sayəsində mümkün ola bilər. Buna əsasən, imam və insanların mə`nəvi rəhbəri cəmiyyətin işlərini idarə etməsi qüdrətinə malik olmalı, dini tə`limlərdən, Qur`an və Peyğəmbər sünnəsindən istifadə etməklə, tə`sirli vasitələrdən faydalanmaqla islam hökumətini bərqərar etsin.
[1] Bundan əlavə, əgər imam xətadan uzaq olmazsa, ondan camaat başqa bir imam axtarmalıdır ki, onların ehtiyacına cavab verə bilsin. Əgər o da xətadan amanda olmazsa, digər bir imam lazım gəlir və bu ehtiyaclar silsiləsi sonsuzluğa qədər davam edir. Belə bir məsələ də fəlsəfi cəhətdən batil sayılır.