HƏZRƏT FATIMƏ (S.Ə)
HƏZRƏT FATIMƏ (S.Ə)
Əgər biz tarixə nəzər salsaq görərik ki, qədim zamanlarda bir sıra xalqlar qadınlardan əmtəə kimi istifadə etmişlər. İslamdan qabaq, cahiliyyət dövründə isə bədbəxtlik nişanəsi hesab edib qız uşaqlarını diri-diri torpağa basdırırdılar. İslam dini meydana çıxdıqdan sonra bu cür inam və xürafatların əksinə çıxış etdi. Peyğəmbərimiz (s) qadınların da kişilər kimi eyni hüquqa malik olduqlarını camaata çatdırdı.
Təəssüflər olsun ki, müasir dünyamızda qərb aləmində yenə də qadınlardan reklam və əyləncə kimi istifadə edilir. Buna görə də orada qadınlar xürafata daha çox meyl göstərərək cahillik və qəflət uçurumlarına düçar olurlar. Məsələn, hicabı aradan götürməklə özlərini ziyalı zənn edənlər keçmişdən miras qalan bütün çirkinliklərini biruzə verdilər. Amma bu, onlar üçün nəinki həqiqi azadlıq deyil, bəlkə bir qurğu idi. Bu iradəsiz təqlidçilər, gözü-qulağı möhürlü oyuncaq kuklalar "günün qadını" adlandırılırdı.
Amma islam və Quran tərbiyəsi ilə böyüyən Xədicə, Fatimə (s.ə) və Zeynəb (ə) kimi şəxsiyətlərə islamın verdiyi yüksək qiymət bütün əsrlərin qadınları üçün örnək olmalıdır. Həmin qadınlardan birinin, peyğəmbərimizin (s) qızı, həzrət Əlinin (ə) xanımı, Həsən, Hüseyn, Zeynəb və Ümmi gülsümün anası həzrət Fatimənin (s) həyatına nəzər salsaq nümunəvi müsəlman qadınının necə olduğunu müşahidə edərik.
Həzrət Zəhranın (s.ə) doğumu əsnasında Allahın Peyğəmbəri (s) Xədicəyə buyurdu: "İndi Cəbrail mənə muştuluq verdi ki, pak və gül kimi bir qız uşağımız olacaq, bütün imam və məsum rəhbərlər onun nəslindən gələcək".
Həzrət Fatimə (s.ə) besətdən beş il sonra, Cəmadüs-sani ayının iyirmisində, cümə günü Məkkə şəhərində dünyaya göz açmışdır.
Həzrət Fatimə (s.ə) nübüvvət və risalət evində tərbiyə alıb Peyğəmbərin (s) elmindən faydalanırdı. O Quranı Peyğəmbərin (s) dilindən eşidib öyrənir, həmişə özünü ən yaxşı nümunə şəklində tərbiyə edirdi.
Həzrət Fatimə (s.ə) Quran və atasının sözlərinə heyran olur və bu ünsiyyətdən bəhrələnirdi. Dövrünün alimlərindən aldığı biliklərini kamilləşdirdiyinə görə atası onu çox sevirdi. Bir gün Aişə Peyğəmbərə (s) belə bir sual verdi: "Nəyə görə Fatiməni (s.ə) bu qədər çox sevirsən? O içəri girdiyi zaman ayağa qalxır, onu yanında otuzdurub əlini öpürsən?"
Peyğəmbər (s) onun cavabında belə buyurdu: "Ey Aişə! Əgər mənim onu nə üçün sevdiyimi bilsən, sən də onu mənim qədər sevərsən".
Peyğəmbərimiz (s) Həzrət Fatimə (s.ə) özünün ciyərparası hesab edərək həmişə belə buyurardı: "Fatimə mənim bədənimin bir hissəsidir, hər kəs ona əziyyət etsə, sanki mənə əziyyət veribdir, hər kəs də onu sevindirsə, məni sevindiribdir".
Həzrət Peyğəmbər (s) bir gün həzrət fatiməyə (s.ə) belə buyurdu: "Ey Fatimə! Allah sənin qəzəbinlə qəzəblənər, sənin razılığınla və sevincinlə isə sevinər".
Həzrət Fatimən (s.ə) və hərəkətləri atasına çox bənzəyirdi. Belə ki, Ümmü Sələmə bu haqda belə deyib: "Peyğəmbərə ən çox bənzəyən Fatimə idi".
Aişə isə onların oxşarlığını bu cür ifadə edib: "Danışmaqda Fatimədən Peyğəmbərə (s) daha çox bənzəyən birisini görmədim".