İMAM BAQIR (Ə) HAQQINDA QISA MƏLUMAT
İMAM BAQIR (Ə) HAQQINDA QISA MƏLUMAT
İslam aləminin 12 ulduzundan biri olan beşinci imamımız İmam Baqirin (ə) öz mübarək adı Məhəmməd, məşhur ləqəbi isə Baqirdir. Baqir adını imama (ə) peyğəmbərimiz (s) vermişdir. İmam Baqir(ə) atası İmam Səccad və babası İmam Hüseyn (ə) kimi 57 il ömür sürmüşdür. Belə ki, hicrətin 57-ci ilində dünyaya göz açmış, hicrətin 114-cü ilində isə xəlifə hişam ibn Əbdülməmunun əmri ilə zəhərlənib şəhid olmuşdur. Kərbəla faciəsində imam (ə) üç yaşlı uşaq idi.
İmamlar arasında imam Baqiri (ə) fərqləndirən bir cəhət vardı: İmamın (ə) ata tərəfdən babası İmam Hüseyn (ə), ana tərəfdən babası isə İmam Həsəndir(ə). Belə ki, bu parlaq ulduz həm ata, həm də ana tərəfindən babaları imamlar idi. İmam Baqir (ə) ota boylu, qarabuğdayı, iri cüssəli, enlikürək, girdəsifət, qarasaqqal, çatmaqaş, iri gözlü, nazik burunlu görkəmli bir şəxs olmuşdur. Bədən quruluşu və xüsusiyyətləri Peyğəmbərə (s) çox oxşayarmış. Bəlkə də bununla əlaqədar idi ki, Rəsuli-Əkrəm (s) öz səhabələrindən olan Cabir ibn Əbdullah Ənsariyə buyurur: "Ey Cabir, sən çox yaşayacaqsan, imam Hüseyn övladlarından Məhəmməd adlı bir nəfərlə görüşəcəksən. O şəxs Peyğəmbərin elmini açan olacaq, onu gördükdə mənim salamımı ona çatdır". Cabir imamla (ə) təqribən 50-55 il peyğəmbərdən (s) sonra görüşüb salamı çatdırır və bir neçə gündən sonra dünyasını dəyişir.
İmam Baqirin (ə) dövründə Bəni Üməyyə xəlifəliyi süquta uğramaq üzrə idi. Xalq xəlifə və onun adamlarına nifrət edirdi. İslam ölkələrini narazılıq bürümüşdü və hər yerdə qiyam baş verir, xəlifəyə qarşı mübarizə gedirdi. İmam Baqirin (ə) 19 il imam olduğu dövrdə beş xəlifə dəyişmişdi. Bəni Üməyyə dövlətinin zülmünün sona yetməsi üçün yaxşı bir şərait yaranmışdı ki, İmam Baqir (ə) bu fürsətdən istifadə edib elm sahəsində inqilab yaratdı. Zəmanənin böyük alimləri İmamın (ə) ətrafında cəm olurdular. Islam həqiqətlərini və maarifini öyrətmək, dünyaya yaynaq üçün gözəl imkan yaranmışdı. "Lisanul ərəb" kitabında yazılır ki, məhz elmin incəliklərini açıb, islamı elmlərin üsul və fürularını bəyan edib, onu hər tərəfə yaydığına görə həzrət Peyğəmbər (s) öncədən imama (ə) Baqir adı bermişdir ki, onun da mənası yaran, parçalayan, açan deməkdir.
İmam (ə) özü haqqında demişdir: "And olsun Allaha, Allah-Taala qiyamət gününə qədər keçmişdəki və gələcəkdəki elmləri mənə veribdir".
İmam Baqirin (ə) elmi qarşısında hər kəs baş əymişdir. Zəmanənin məşhur əhli-sünnət alimləri olan Təbəri, Bəlazəri, Səlami, İsfəhani, Bəsit, Xətib, Əbu-Davud, Əsnafi və başqaları o həzrətin hüzuruna yetişib onun elm dəryasından istifadə ediblər. Bəli imam Baqir (ə) zəmanəsinin ən bilikli alimi idi. Məşhur alimlərdən olan həkəm ibn Üyeybə yazır: "Allaha and olsun, imam Məhəmməd Baqir (ə) hicr surəsinin 75-ci ayəsində Allahın söylədiyi xüsusi insanlardandır". Başqa bir əhli-sünnət alimi Əbdüllah ibn Əta yazır: "Elə bir alim görmədim ki, özünü İmam Baqirin (ə) yanında kiçik sandığı kimi başqa bir alimin yanında da kiçik bilsin".
İmam Baqir (ə) buyurur:"Biz Allahın ən yaxşı və ən sevimli bəndələriyik, ona görə də bizə əhli-beyt Cənbaullah deyilmişdir".
Bütün bunlarla yanaşı, İmam (ə) vaxtının çoxunu Allaha ibadətlə keçirər, Allahın qorxusundan ağlayardı. İmam (ə) təvazökar idi. Gündüzlər əkin sahələrinə gedib orada çalışardı. Belə ki, onun çoxlu mal-qarası, torpaq sahələri və bağları olmuşdur. İmam (ə) qazancının çox hissəsini Allah yolunda xərcləyərdi. Odur ki, ən səxavətli imam kimi tanınmışdır. Onun yanına elm adamları ilə yanaşı ehtiyac içində yaşayan adamlar gələrdi və heç zaman boş qayıtmazdılar.
Həmd və sənalar olsun ələmlərin Rəbbinə ki, hidayət çırağı olan 14 parlaq ulduzu bütün nöqsanlardan pak qərar vermişdir. Və Allahın salamı olsun bu parlaq ulduzlara Peyğəmbərə (s) və onun övladlarına.