IMAM CAVAD ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
Adı: Mühəmməd
Ləqəbi: Təqi və Cavad
Künyəsi: Әbu Cə᾽fər
Atası: Həzrət imam Rza (ə)
Təvəllüdü: Hicri 195-ci il
Imamlıq müddəti: 17 il
Ömrü: 25 il
Şəhadəti: 220-ci Hicri-qəməri ilində Mö᾽təsimin əmri ilə və arvadının əlilə zəhərlənib şəhid oldu.
Məzarı: Iraq şəhərlərindən biri olan Kazimeyn.
TӘVӘLLÜDÜ
Səkkizinci imamın şərəfli ömründən qırx ildən çox ötsə də hələ oğlan övladı olmamışdı. Səbri daralan şiələrin Allahdan gözlədikləri oğlanı o həzrətə əta etməsini diləyirdilər. Çünki keçmiş rəhbərlərindən doqquzuncu imamın səkkizinci imamın oğlu olacağını eşitmişdilər. Onlar bə᾽zən imamın hüzuruna gələrək o həzrətdən canişini haqqında müxtəlif suallar soruşurdular. Həzrət (ə) isə onların cavablarında buyururdu: «Allah-taala mənə bir oğlan verəcəkdir ki, mənim varisim və məndən sonrakı imam olacaqdır.»
Nəhayət 195-ci Hicri ilin Rəcəb ayının onunda şiələrin intizarı sona çatdı və həzrət imam Məhəmməd Təqi əleyhissalam Xəyzəran adlı anasından dünyaya gəldi. Xəyzəran Peyğəmbərin həyat yoldaşı olan Mariyə Qibtiyyənin nəslindən idi ki, ərəblərin arasında paklıq və insanlıq kimi dəyərli sifətlər ilə tanınmışdır.
Həzrətin ləqəblərinə misal olaraq Təqi və Cavad adlarını nümunə göstərmək olar.
Imam Rza əleyhissalamın bacısı Həkimə belə deyir: «Həzrətin dünyaya gəldiyi gecə qardaşım mənə əmr etdi ki, həyat yoldaşının yanında olum. Körpə dünyaya gəldikdən sonra göyə baxıb tövhid və islam peyğəmbərinin risalətinə şəhadət verdi. Mən bu hadisədən sarsılaraq qardaşımın yanına gəlib əhvalatı olduğu kimi ona danışdım. Qardaşım isə mənim cavabımda belə buyurdu: «Bacı, narahat olma hələ bundan sonra da maraqlı hadisələrin şahidi olacaqsan.»
Bu təvəllüd çox mübarək və ümidverici idi. Çünki şiələri çaşqınlıq və şək-şübhədən qurtarmışdı.
Bu barədə Növfəli belə demişdir: Həzrət Rza əleyhissalamdan Xorasan səfəri əsnasında «mənə görə bir əmriniz yoxdurmu?» - deyə soruşdum. Həzrət (ə) buyurdu: «Sən məndən sonra övladıma tabe olmalı və məsələlərini ondan soruşmalısan.»
Imam (ə) həmişə əshabına belə buyururdı: «Mənə yazıb məndən soruşmağınız lazım deyil. Məndən sonra imam olan bu balaca uşaqdan soruşun.» Әshabından bə᾽ziləri bu uşağın ümmətə rəhbərlik vəzifəsini necə yerinə yetirəcəyini təəccüblə soruşduqda, o həzrət (ə) buyurardı: «Allah-taala həzrət Isanı Әbucə᾽fərdən daha kiçik ikən peyğəmbərliyə seçdi. Peyğəmbərlik və imamlıqda yaşın müəyyən bir tə᾽siri yoxdur.»
Doqquzuncu imam həzrət Cavad (ə) doqquz yaşında ikən imamlıq vəzifəsinə çatdı. Imamın səhabələrindən biri bu barədə belə deyir: «Mədinədə o həzrətin əmisi Әli ibni Cə᾽fər xalq arasında xüsusi hörmət sahibi idi və hər vaxt məscidə gəldikdə hamı ətrafına yığışıb məsələlərini ondan soruşurdular.»
Bir gün imam Məhəmməd Təqi əleyhissalam məscidə gəldi və qoca kişi olan Әli ibni Cə᾽fər ayağa qalxıb imamın əlini öpdü və elə ayaqüstə də durdu. Imam (ə) buyurdu: «Әmi, əyləş». Әli ibni Cə᾽fər isə belə dedi: Siz ayaqüstündə olduğunuz vaxt mən necə otura bilərəm? Daha sonra Әli ibni Cə᾽fər öz dostlarının yanına qayıtdıqda onlar onu danlayıb dedilər: Sən onun əmisi və qoca kişisən, nə üçün ona bu qədər hörmət edirsən? Әli ibni Cə᾽fər dedi: Susun! Imamlıq ilahi bir mənsəbdir. Allah imamətə bu qoca kişini deyil, bu uşağı layiq bilmişdir. Sizin borcunuz da onun əmrinə tebe olmaqdır.
IMAMIN ӘXLAQI XÜSUSIYYӘTLӘRI
Atası vəfat edən zaman imam hələ uşaq idi, lakin heç vaxt uşaqlara məxsus hərəkət etməzdi. Bir gün atası sağ ikən dostlarından biri o həzrət üçün oyuncaq alıb gətirmişdi. Oyuncağı görən həzrət (ə) narahat olub buyurdu: «Mən bunları neynirəm? Biz elm və fəzilət xanədanıyıq».
Həzrət Rza əleyhissalamın şəhadətindən bir il sonra Mə᾽mun bir dəstə atlı ilə ova çıxmışdı. Küçədə uşaqlar oynayırdılar, bir uşaq da qıraqda dayanıb onların oyunlarına baxırdı. Uşaqlar Mə᾽mun ilə atlılarını görən kimi qaçıb getdilər. Lakin on bir yaşlı uşaq yerində dayanıb durdu. Mə᾽mun yaxınlaşıb «Ay oğlan! Bəs sən niyə o biriləri kimi qaçmadın?» – deyə soruşduqda həmin oğlan belə buyurdu: «Yol elə də darısqal deyildi ki, sənin yolunu tutmuş olam. Bir pis iş də görməmişəm ki, qorxam. Sizin səbəbsiz olaraq birini incidəyinizi də güman etmirəm. Demək qaçmağım mə᾽nasız idi.»
Mə᾽mun bu uşağın ədəb və cəsarətindən heyrətə gəlib soruşdu: Adın nədir?
Cavab verdi: Məhəmməd.
Soruşdu: Kimin oğlusan?
Dedi: Әlinin oğlu.
Mə᾽mun soruşdu: Sən həzrət Rzanın oğlu deyilsənmi?
Cavab verdi: Bəli.
Mə᾽mun ona afərin deyib atlıları ilə çıxıb getdi.
HӘZRӘT RZANIN OĞLUNA MӘKTUB
Bəzəndi deyir: «Bir gün həzrət Rza (ə) Mədinədə olan oğluna belə bir məzmunda məktub yazdı: Övladım, eşitdiyimə görə qulluqçular icazə vermirlər ki, xalq sizinlə asanlıqla əlaqə yaradıb məsələlərini soruşsunlar. Bunu bil ki, onlar sənin xeyir və səadətini istəmirlər. Indi isə sənə əmr edirəm ki, qapın hamının üzünə açıq olsun, qoy hamı gediş-gəlişdə sərbəst olsun ki, səndən bir şey soruşmaq istədikdə imkan tapsınlar.
Bir yerə getmək istədikdə mütləq yanında pul götür ki, ehtiyacı olan bir şəxs ilə qarşılaşdıqda ona kömək edə biləsən. Çətinlikdə olan qohumlarını unutma, onların vəziyyəti ilə yaxından və ən yaxşı şəkildə maraqlan. Heç vaxt yoxsullara kömək etmək və yardım etməyi unutma.
IMAMIN QEYB ALӘMI ILӘ OLAN ӘLAQӘSI
Imam Rza əleyhissalamın şəhadətindən sonra alimlərdən ibarət səksən nəfər zəvvar müqəddəs həcc mərasimini yerinə yetirmək üçün Məkkəyə getdilər. Onlar yolüstü Mədinəyə gəlib imamın evinə də dəydilər. Hələ uşaqlıq dövrünü yaşyan imam (ə) məclisə daxil olduqda hamı onun ehtiramına ayağa qalxdı. Daha sonra onları maraqlandıran məsələləri soruşub cavab aldılar və çox sevindilər. Onlardan Ishaq adlı birisi deyir:
Mən imamdan soruşmaq üçün bir neçə məsələ yazmışdım. Eləcə də ondan Allahın mənə bir uşaq verməsi üçün dua etməsini xahiş edəcəkdim. Məclis çox izdihamlı oluduğundan gedib sabah gəlmək istəyirdim ki, imamın gözü mənə sataşdı və belə buyurdu: «Ey Ishaq! Allah istəyini qəbul etdi və sənə bir oğlan uşağı verəcəkdir. Adını Әhməd qoy». Daha sonra məsələlərimin cavabını verdi. Soruşmadığım məsələlərin cavabını imamdan eşitmək məni olduqca heyrətləndirirdi və öz-özümə dedim ki, bizə bu ne᾽məti əta edən Allaha şükr olsun. Bu Allahın höccətidir.
Mən öz şəhərimizə qayıtdım və çox keçmədən, imamın dediyi kimi, Allah mənə bir oğlan uşağı əta etdi ki, adını Әhməd qoydum.
Әş᾽əri Qummi isə demişdir: Imamın hüzuruna gedib dedim ki, sizin tərəfdarlarınızdan olan bir qadın məndən özünə kəfən etmək üçün sizin paltarlarınızdan birini ona aparmağımı istəyibdir. Həzrət (ə) buyurdu: «Onun artıq bu işə ehtiyacı yoxdur». Mən imamın sözünü yaxşı başa düşməsəm də bir söz demədən xudahafizləşib getdim. Sonradan xəbərdar oldum ki, həmin qadın mən imamın hüzuruna getməmişdən bir neçə gün qabaq ölübmüş və imam da onun öldüyünü bildiyindən işarə ilə onun öldüyünü mənə bildirmək istəyibmiş».
Üməyyə demişdir: Həzrət Rza (ə) Xorasanda olanda mən doqquzuncu imamın evinə get-gəl edirdim. Bir gün o həzrət öz qohumlarına buyurdu: «Sabah əzadarlıq üçün hazırlaşın». Mən «kimin əzadarlığına» - deyə soruşduqda həzrət (ə) belə buyurdu: «Yer üzündə ən yaxşı insan olan atam həzrət Rzanın əzadarlığına».
Imamın əshabından olan Әbasəlt isə bu barədə belə demişdir: Imam Rza əleyhissalamın şəhadətindən sonra Mə᾽munun əmri ilə zindana düşdüm. Bir il zindanda qaldım. Çox darıxmışdım. Bir gecə oyaq qalıb ibadət və dua etməklə məşğul idim və imamı köməyə çağırırdım. Hələ duamı bitirməmişdim ki, həzrət Rzanın oğlu imam Məhəmməd Təqi əleyhissalamı öz yanımda gördüm. O, mənə belə buyurdu: «Ey Әbasəlt, deyəsən yaman darıxmısan». Dedim: Bəli, ey imam. Imam yaxınlaşıb zəncirlərə toxundu və birdən onların hamısı yerə töküldü. Sonra «ayağa qalx» - deyə buyurub məni zindandan çıxartdı və belə buyurdu: «Get. Bundan sonra Mə᾽munu görməyəcəksən və onun tərəfindən sənə əzab-əziyyət olunmayacaq». Sonralar elə imamın dediyi kimi də oldu.
IMAMIN EVLӘNMӘSI
Mə᾽mun imam Rza əleyhissalamı zəhərləyəndən sonra çox çalışdı ki, camaatın içində imamın öz əcəlilə öldüyünü yaysın, lakin getdikcə hiyləsi aşkara çıxdı şiələr və ələvilər Mə᾽munun bu cinayətini başa düşdülər. Elə buna görə də hər tərəfdə Mə᾽munun əleyhinə üsyanlar baş qaldırdı.
Mə᾽mun üsyanların qarşısını almaqdan ötrü imamın oğlunu Mədinədən Xorasana gətirdərək qızı Ümmü Fəzli o həzrətlə evləndirmək istəyirdi. Abbasilər bu işə mane olmağa cəhd etdilər. Lakin Mə᾽mun qəbul etməyib dedi: Siz onu tanımırsınız. Әgər tanısaydınız məndən Allahın ən yaxşı bəndəsi və xalqın ən biliklisini öz kürəkənim olaraq seçməyə mane olmazdınız. Siz onu imtahan edə bilərsiniz, əgər sualınızın cavabını verib sizi məhkum etsə, daha heç bir söz deməyib istəyinizdən vaz keçin, yox əgər cavabınızı verə bilməsə, mən sizin istəyinizi qəbul edib qızımı ona vermərəm.
Abbasilər Yəhya ibni Әksəmin yanına gələrək ondan bir neçə məsələ hazırlayıb Mə᾽munun məclisində imam Cavaddan soruşmasını istədilər. Yəhya onların istəyini qəbul etdi, onlar da Mə᾽munun yanına gəlib Әksəmin razı olduğunu ona bildirdikdə Mə᾽mun bu iş üçün xüsusi bir gün tə᾽yin etdi. Abbasilər Yəhya ibni Әksəmlə birlikdə məclisə gəldilər. Təntənəli bir məclis qurmuşdular. Böyüklərin hamısı həmin məclisdə iştirak edirdilər. Bu arada imam məclisə daxil oldu, hamı ayağa qalxdı. O həzrət, qabağa gəlib Mə᾽munun yanında əyləşdi. Imama cavabını verə bilmədiyi suallar verilməsini tələb edən Mə᾽mun imama «Yəhya ibni Әksəm sizdən bə᾽zi məsələləri soruşmaq istəyir» - dedi. Həzrət buyurdu: «Istədiyi məsələni soruşsun.» Yəhya dedi: Ehram paltarı geyib Allahın evinin ziyarətinə gedən və orada bir heyvan ovlayan şəxs barədə nə deyirsiniz?