IMAM HÜSEYN ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
Adı: Hüseyn (ə)
Ləqəbi: Seyyidüş-şühəda
Künyəsi: Әbu Abdullah
Atası: Әli (ə)
Anası: Fatimeyi-Zəhra (s)
Babası: Peyğəmbər (s)
Doğum ili: Hicri 4-cü il
Imamlıq müddəti: 10 il
Ömrü: 57 il
Şəhidlik: Hicri 61-ci ildə Yezidin əmri ilə şəhid edildi.
Məzarı: Kərbəla (Iraqda).
TӘVӘLLÜDÜ
Həzrət Fatimənin ikinci övladı 4-cü hicri ilinin Şəban ayının 3-də Mədinə şəhərində dünyaya göz açdı. Həzrət Peyğəmbər (s) bu xəbəri eşidən kimi, sevinə-sevinə qızının evinə tərəf yola düşdü. Zəhranın xidmətçisi Әsma uşağı ağ bələyə büküb Həzrət Peyğəmbərin hüzuruna gətirdi.
Әziz Peyğəmbərimiz körpəni qucağına alıb sağ qulağına azan, sol qulağına isə iqamə oxuyub həzrət Hüseyni birinci dəfə olaraq Allahın adı ilə yaxından tanış etdi.
Təvəllüdün yeddinci günü Allah tərəfindən Həzrət Peyğəmbərə (s) nazil olan mələk belə dedi: «Harun, Musa peyğəmbərə qardaş, dost və bütün çətinliklərdə onun köməyinə gələn bir sirdaş olduğu kimi, Әli də sənin dostun və qardaşındır. Buna görə də bu uşağın adını Harunun oğlunun adı olan Şübeyr (ərəbcəsi Hüseyn) qoy». Beləliklə həzrət Hüseyn əleyhissalamın adı Allah tərəfindən qoyuldu.
Hüseynin təvəllüdünün yeddinci günü, Fatimə (s) oğlu üçün bir qoyun qurbanlıq edib ətini yoxsullara payladı.
Həzrət Peyğəmbər (s) dəfələrlə bu uşağı qucağına alıb onu öpər, ağlayar və belə buyurardı: «Hüseyni qarşıda böyük bir müsibət gözləyir. Bəni Üməyyədən olan bir dəstə zalım, oğlumu öldürəcəkdir. Onlar qiyamət günü həmişəlik olaraq mənim şəfaətimdən məhrum olacaqlar.»
PEYĞӘMBӘRIN HÜSEYNӘ OLAN MӘHӘBBӘTI
Həzrət Peyğəmbərin əshabından olan Salman Farsi bu barədə belə deyib: «Peyğəmbərin, oğlu Hüseyni dizi üstündə oturdub onu öpərkən nəvaziş etdiyini gördüm. Bu zaman həzrət belə buyurdu: Sən imamsan, imamın oğlu və imamların atasısan. Sənin nəslindən doqquz imam dünyaya gələcəkdir ki, onların axırıncısı vəd olunmuş Məhdidir».
Peyğəmbərin Hüseynə olan sevgi və məhəbbətini ən yaxşı şəkildə ifadə edən cümləsi budur: «Hüseyn məndən, mən də Hüseyndənəm. Hər kim Həsən və Hüseyni sevsə, məni sevib. Hər kəs onlarla düşmənçilik etsə, mənimlə düşmənçilik edibdir.»
HÜSEYN (Ә) ATA-ANASINA KÖMӘKÇI IDI
Həzrət imam Hüseyn əleyhissalam ömrünün altı ilini babası Peyğəmbər ilə keçirib. Peyğəmbərin vəfatından sonra isə otuz il atası Әli (ə) ilə yaşayaraq onun bütün dərdlərinə, çətinliklərinə şərik olmuş və həmişə atasını müdafiə etmişdi. Necə ki, bir gün Peyğəmbərin məscidinə gəlib ikinci xəlifənin babasının minbəri üstündə oturub danışdığını görəndə, Hüseyn (ə) fəryad edib dedi: «Babamın və atamın minbərindən düş aşağı! Ora sənin yerin deyil.»
Atasının xəlifə olduğu bir neçə il ərzində fədakar və yorulmaz bir əsgər kimi islamı müdafiə edir, eləcə də zalımlar əleyhinə mübarizə aparırdı.
Cəməl, Siffeyn və Nəhrəvan müharibələrində o da, qardaşı imam Həsən Müctəba (ə) kimi iştirak etmiş, dəfələrlə atası ilə çiyin-çiyinə düşmənə qarşı döyüşmüşdü.
Atasının şəhadətindən sonra qardaşına rəsmən beyət edib, onu rəhbər və imam kimi qəbul etmiş və özünə verilən sualları qardaşı imam Həsən (ə)-a həvalə etmişdi.
IMAM HÜSEYN (Ә) MÜAVIYӘNIN DÖVRÜNDӘ
Imam Həsən əleyhissalam Müaviyə tərəfindən şəhid edildikdən sonra Әli əleyhissalamın 46 yaşında olan ikinci oğlu imam Hüseyn əleyhissalam xəlifəlik və imamət məqamına yetişmişdi.
Imam Hüseyn əleyhissalam çox yaxşı bilirdi ki, müsəlmanların başına gələn bütün bədbəxtliklər Müaviyə tərəfindəndir və Müaviyə müxtəlif hiylə və planlarla islamın əsaslarını məhv etmək istəyir. Amma Müaviyə özünü xalqa elə göstərirdi ki, guya islam və müsəlmanların halına yanan yeganə adamdır. Buna görə də imam Hüseyn əleyhissalam onunla aşkar şəkildə mübarizə apara bilmirdi. Çünki bilirdi ki, mübarizəyə qalxarsa, özünün də taleyi qardaşının taleyi kimi olacaq.
Buna görə də imam (ə) çalışırdı ki, xalqı cəhalət və nadanlıq yuxusundan ayıldıb, tədriclə şüurlu adamları öz tərəfinə çəkərək onlardan islamın mənafeyi naminə istifadə etsin.
Imam (ə) hələ mömin şəxslərin tərbiyəsi ilə məşğul ikən, bəzən Müaviyənin əleyhinə də danışırdı. Müaviyə oğlu Yezid üçün xalqdan beyət aldığı zaman, imam Hüseyn əleyhissalam bu işə qarşı çıxıb Müaviyəyə göndərdiyi məktublar vasitəsilə onu rüsvay etmişdi. Həmin məktublardan bəzilərini qeyd edirik:
1. «Ey Peyğəmbər xəlifəsi olduğunu iddia edən Müaviyə! Sən Әzra çölündə Hicr ibni Әdiyyi və dostlarını öldürmədinmi? Demək, sən qatil və günahkarsan, səni cəzalandırmaq lazımdır və sənin ümmətin rəhbəri olmağa haqqın yoxdur».
2. «Ey Müaviyə! Sən illər boyu xalqın arasında atası bəlli olmayan Ziyadı öz qardaşın və Әbu Süfyanın haramzadə oğlu olaraq tanıtmadınmı? Beləliklə sən öz ailənin təmiz olmadığını etiraf edibsən. Buna görə də sənin islam ümmətinə rəhbərlik etməyə haqqın yoxdur».
3. «Ey Müaviyə! Sənin çirkin əməllərindən biri də budur ki, Yezid adlı səfeh bir cavanı xalqa hakim edib onun üçün camaatdan zorla beyət alırsan. Deməli, sən Allahın dinini xarab edib müsəlmanları oyuncaq hesab edirsən».
IMAM HÜSEYN ӘLEYHISSALAM, YEZIDIN QARŞISINDA
Imam Hüseyn əleyhissalamın öz sərt çıxışları və məktubları ilə Bəni Üməyyə xanədanını rüsvay etməsinə baxmayaraq, Müaviyə ona qarşı heç bir əksül-əməl göstərmirdi. Çünki bunu öz məsləhətinə uyğun bilmirdi.
Müaviyənin ölümündən sonra Yezid özünü islam hökmdarı elan edib, hakimiyyətinin təməlini daha da möhkəmlətmək üçün böyük şəxsiyyətlərə məktub göndərərək onları beyət etməyə çağırırdı. Buna görə də Mədinədəki valisi Vəlidə də bir məktub yazıb Hüseyndən beyət almasını və beyət etmədiyi təqdirdə öldürüb başını Yezidə göndərməsini ondan tələb etmişdi. Müaviyə dəfələrlə, hətta ölüm yatağında olarkən, Yezidə Hüseyn (ə) ilə işi olmamasını tövsiyə etmişdi. Çünki bu işin axırı yaxşı qurtarmayacaqdı. Amma buna baxmayaraq, səfeh və xudbin Yezid ona edilən nəsihətlərə məhəl qoymadan Hüseynə qarşı çıxdı.
Mədinə valisi imam Hüseyn əleyhissalama məktubun məzmununu bildirdikdə həzrət buyurdu: «Mən şəhid olmağa hazıram. Bu murdar Yezidin islama rəhbər və hakim olduğu gün, islamın ruhuna fatihə oxumaq lazımdır». Imam Hüseyn əleyhissalam bilirdi ki, müxalifət etdiyi üçün daha Mədinədə qala bilməyəcəkdir. Elə buna görə də həzrət (ə) və əshabı gecə ilə Mədinədən Məkkəyə yola düşdü. Hüseynin bu hicrəti Yezidə beyət etməyə qarşı bir növ etiraz əlaməti idi. Bu iş bütün Mədinəni ayağa qaldırmışdı. Daha sonra xüsusilə imamın hacılara nitq söyləyib Yezidin hökumətini tənqid etdiyi zaman Məkkə də ayağa qalxdı.
Imam Hüseyn əleyhissalamın bu hərəkəti Kufə və ətrafdakı şəhərlərə çox böyük təsir etmişdi və xalq məsələnin nə yerdə olduğunu başa düşmüşdü. Belə ki, onlar Yezidin hakimiyyətinin haqq olmadığını və ona beyət etməyin islama, eləcə də müsəlmanlara böyük xəyanət sayıldığını çox gözəl bilirdilər.
IMAMIN KUFӘYӘ DӘVӘT OLUNMASI
Imam Hüseyn əleyhissalamın qiyamı və hicrət etməsi xəbəri Yezidin hakimiyyəti altında olan Kufə şəhərinə çatdıqda, hamı imamı Kufəyə dəvət edib onu islam və müsəlmanların xəlifəsi məqamına seçmək qərarına gəldilər. Onlar müxtəlif elçilər vasitəsilə Məkkəyə məktublar göndərərək rəsmən imam Hüseyni Kufə şəhərinə dəvət edirdilər.
Lakin imam (ə) kufəlilərin vəfasız olduğunu bildiyi və onların atası və qardaşına vəfadar qalmadığın gördüyü üçün əmioğlusu Müslimi ora göndərdi ki, əhvalatı yaxından öyrənib, məsləhət bildiyi təqdirdə imamı da Kufəyə çağırsın.
Müslim imamın əmrinə itaət edib Kufəyə yola düşdü. Kufəyə çatdığı vaxt, xalq onu sevinclə qarşılayıb məscidə apardılar və orada minlərlə adam onunla beyət edərək namaz qıldılar.
Müslim imam bir məktub göndərib o həzrətin tezliklə yola düşməsini orada xatırlatdı. Imam (ə) Zil-həccə ayının 8-ə qədər Məkkədə qalıb müxtəlif vaxt və yerlərdə camaata xitab edərək onları Yezidə qarşı çıxmağa dəvət etdi. Daha sonra Iraqa tərəf hərəkət etdi.
IMAMIN NÜMAYӘNDӘSININ AQIBӘTI
Müslimin hərəkəti və Kufə əhlinin onunla beyət etməsindən xəbərdar olan Yezid dərhal ən murdar yoldaşlarından biri olan Ibni Ziyadı tam səlahiyyətlə Kufəyə göndərdi.
Kufə xalqının əxlaqına yaxşı bələd olan Ibni Ziyad onların imanının zəifliyindən, ikiüzlü və qorxmaq olmalarından istifadə edib xalqı təhdid edərək onları Müslimdən uzaqlaşdırdı. Hətta iş o yerə çatdı ki, imam dəvət məktubu göndərənlər döyüş paltarı geyinərək imam Hüseyn əleyhissalamın nümayəndəsi ilə vuruşmağa başladılar.
Müslim çarəsiz qalıb özü tək başına Ibni Ziyadın muzdurları ilə vuruşduqdan sonra qəhrəmanlıqla şəhid oldu, daha doğrusu onun tutub şəhid etdilər. Imam (ə) Mədinədən hərəkət etdiyi gecədən başlayaraq döyüş və şəhidlikdən xəbər verib buyururdu: «Bizim yolumuzda öz canından keçməyə hazır olan və Pərvərdigarının görüşünə getmək istəyən varsa bizimlə gəlsin».
Məkkədə də öz əshabına cihad və şəhidlikdən danışdı. Hətta yarı yolda şair Fərəzdəq, Müslimin şəhid olması xəbərini ona verdikdə həzrət belə buyurdu: «Müslim, Allahın rəhmətinə qovuşdu. O, öz vəzifəsini yerinə yetirdi və bu öhdəliyin yerdə qalan yükünü bizim boynumuza qoydu. Ümid edirəm ki, tezliklə bu yükü məqsədə yetirə biləcəyik».
HÜSEYN ӘLEYHISSALAMIN HӘDӘFI
Imam Hüseyn (ə) bu qiyamdan güddüyü hədəfləri belə bəyan etmişdir: Yezidin hökumətini rüsvay etmək, «yaxşılığa əmr edib, pislikdən çəkindirmək» üsulunu bərpa etmək və zülmə qarşı durmaq. Bu öhdəlik, Allahın ona verdiyi bir vəzifə idi. Babası Peyğəmbər (s) və atası Әli (ə) da dəfələrlə övladlarının şəhid olacağını bəyan etmişdilər.
Imam Hüseyn əleyhissalamın özü də, imamlıq elminə əsasən bilirdi ki, bu hicrətin sonu şəhid olacaqdır. Lakin imam Hüseyn əleyhissalam ölüm və şəhidlikdən qorxan və Allahın əmrinə etinasız qalan bir adam deyildi. O, bəlanı kəramət, şəhadəti isə səadət sayan bir adam idi. Nəhayət Kərbəlaya tərəf hərəkət edərək öz əshabı ilə birlikdə şəhid oldu, ailə üzvləri əsir düşdülər və əsirlik paltarında Kərbəla şəhidlərinin missiyasını şəhərlərin küçə-bazarındakı xalqa çatdırıb Bəni Üməyyənin törətdiyi cinayət və əlaltılarını rüsvay etdilər.
HÜSEYN (Ә) VӘ ӘSHABI AŞURA GÜNÜNDӘ
Imam Hüseyn əleyhissalam Aşura günündə bir nur kimi parıldayaraq öz əshabına qüvvət və ümid verirdi. Həmin imam ki, babası onun haqqında belə buyurmuşdur: «Hüseyn hidayət çırağı və ümmətin qurtuluş gəmisidir».
Hüseyn (ə) fəryad edirdi: «Ey dünya əhli! Bilin ki, müharibəni mən başlamadım və qılınca birinci mən əl atmadım. Cinayətkarlar nəslindən olan Yezid adlı bir murdar məni iki şeydən birini seçməyə vadar etdi: ya qılınc çəkib dinimi və şərəfimi müdafiə etməli, ya da zillət və alçaqlığa boyun əyməliydim. Amma bilirsiniz ki, zillət və təslim olmaq bizdən çox-çox uzaqdır. Mən zalımlara qarşı döyüşmək məcburiyyətindəyəm». Daha sonra həzrət Hüseyn (ə) Yezidin əsgərlərinin qarşısına çıxıb onlara xitab edərək buyurdu: «Mənimlə döyüşüb məni öldürməyiniz din və dünyanızın xeyrinə deyildir. Әgər müharibə etmək istəyirisinizsə, yaxşı olardı ki, bir şura təşkil edib orada iştirak edənlərdən soruşasınız ki, kim «Peyğəmbərin övladı ilə döyüşün» - deyir və hansı azğın və bədbəxt məni öldürməkdə sizinlə əməkdaşlıq etməyə hazırdır. Iraqın valisi Mərcanənin oğlu (Ibni Ziyad) murdar və iqtidar dalınca olan bir kişidir. O, sizi bədbəxt etmək istəyir. Mən bilirəm ki, mənim şəhadətimdən sonra peşman olub bir-birinizi qınayacaqsınız. Elə buna görə də müharibəyə başlamazdan əvvəl görmək istədiyiniz işin haqqında düşünün. Bilin ki, mənim arxamda Allah durub və mən heç nədən qorxmuram. Mən babamdan belə buyurduğun eşitmişəm: «Dünya kafirlərə cənnət, möminlərə isə zindandır». Ölüm bizim üçün şəhadət başlanğıcı, sizin üçün isə bədbəxtliyin əvvəlidir. Bu dünya ilə o biri dünyanın arasında bir körpü vardır ki, o da ölümdür.
Әgər siz müharibə etsəniz, biz də öz əshab və övladlarımızla müdafiə etməyə başlayacağıq. Әgər qələbə çalsaq, bizim üçün təzə bir şey deyildir; əgər öldürülsək, dünya bilir ki, biz məğlub olmamışıq.
Ay yazıqlar! Bilici adamlar çalışırlar ki, yolu azmamaq üçün özlərinə bir çıraq tapsınlar. Mən bu ümmətin çırağıyam. Siz isə öz çırağınızı söndürmək istəyirsiniz. Kiminlə döyüşdüyünüzü bilirsinizmi? Siz mənimlə deyil, Allah və Peyğəmbəri (s) ilə döyüşürsünüz».
Həzrət Hüseynin sözlərindən sonra düşmən qoşununda qarmaqarışıqlıq yarandı. Müharibə istəyənlər gördülər ki, əgər müharibəyə başlamasalar, Hüseyn (ə) öz sözləri ilə onların ordusunu hərəkətə gətirib bütün planlarını puça çıxaracaqdır. Elə buna görə də müharibəni başlamaq əmrini verdilər.
Hüseyn (ə) isə belə fəryad etdi: «Ey mənim böyük və dəyərli əshabım! Qalxın döyüş vaxtıdır!» Züheyr və Həbib kimi əshabı imamın müharibə əmrini verdiyinə görə sevindilər. Onlardan hər biri birinci olaraq imamın onu müharibə meydanına getmək icazəsi verməsini istəyirdi. Qəməri Bəni Haşim, Әli Әkbər Qasim və başqaları da döyüş üçün hazırlaşdılar. Onlar şir kimi düşmənin hissələrinə yürüş edib qarşılarına çıxanları həlak edirdilər. Hüseyn əleyhissalamın özü elə şücaət və igidliklə döyüşürdü ki, Ibni Şəhraşubun yazdığına görə, təkcə o həzrətin özü təxminən iki min düşmən əsgərini öldürmüşdü.
Hüseyn (ə) əshabından və yaxınlarından birisi gözlərinin qabağında şəhid olanda, daha qüvvətli, güclü və qərarlı addımlarla irəliləyirdi. Düşmən əsgərlərindən olan bir nəfər Aşura gününün heyrətləndirici hadisələri haqqında belə deyib: Aşura günündə Hüseyn (ə) bir şəhid verəndən sonra ruhdan düşmək əvəzinə, onun sifətinin daha açıq və daha parlaq olduğunu və daha da qüvvətlə döyüşdüyünü görürdük.
Fədakar döyüşçülər, ac və susuz olmalarına baxmayaraq, elə igidlik və qəhrəmanlıq göstərirdilər ki, düşmən əsgərlərinin sərkərdəsi olan Ibni Səd belə bağırmaq məcburiyyətində qaldı: Әgər belə döyüşmək istəyirsinizsə, hamınız Hüseyn və əshabının qılıncı ilə öldürüləcəksiniz. Buna görə də təxminən dörd min nəfər ox atanlara birdən ox atmalarını, qılıncla döyüşənlərə isə birdən yürüş etmələrini əmr etdi. Müharibə qazışdı. Hüseynin əshabından hər bir atdan yerə yıxılıb şəhid olanda belə deyirdi:
«Pərvərdigara! Bu fədakarlığı bizdən qəbul elə!»
Allahın salamı pak ruhunuza olsun ey Allahın və Hüseynin yolu ilə gedənlər, ey Quran yolunun döyüşçüləri. Hüseyn əleyhisslamın özü də, bədənindən qan axmasına baxmayaraq, əllərini göyə qaldırıb buyurdu: «Ey mənim ümid arzularımın qaynağı olan Allah! Sənə arxalanıb, Sənə ümid bəsləyirəm. Pərvərdigara! Bu qurbanları bizdən qəbul elə!»
Nəhayət, Şeyx Müfidin yazdığına görə, Hüseyn (ə) ilə əshabı hicri 61-ci ilin Məhərrəm ayının onu şənbə günündə şəhadət şərbətini içib, gələcək nəsillərə şərəf və igidlik dərsi verdilər.
HÜSEYN (Ә) NIYӘ UNUDULMUR?
Şəhadəti, dərd-qəmi, uşaqlarının əsir düşməsi Allah yolunda olan kimsə, heç vaxt unudulmaz. Әksinə, zaman keçdikcə xalqın imam Hüseyn əleyhissalama olan sevgisi, məhəbbəti daha da çoxalır və ildən-ilə xalqın o «sadiq inqilabçı»ya olan eşqi daha da artır.
Hüseyn (ə) 56 il davam edən bərəkətli həyatını Allah yolunda və Allaha qovuşmaq üçün həsr etdi və dəfələrlə piyada Allahın evini ziyarət etməyə getdi.
O, namazı, Allaha yalvarmağı, duanı daha çox sevərdi. Hətta ömrünün son gecəsində belə düşmənlərindən Allaha ibadət etməsindən ötrü möhlət istədi. Dostlarından birisi Hüseynin ibadətləri və onun ərəfə duası barəsində belə deyib: «Zilhəccə ayının 10-cu günü Hüseyn (ə) Әrəfatın qızmar çölündə Kəbəyə tərəf dönüb ürəyinin dərinliklərindən bu duanı oxudu:
«Allahım! Səni deyib, Sənin varlığına şahidlik edirəm. Məni Sən yaradıbsan, həmişə qoruyubsan və mənə müxtəlif nemətlərdən ruzi veribsən. Iradəsini heç bir şey dəyişə bilməyən və bağışlayıcılığına heç kəs mane ola bilməyən Allaha həmd olsun.
Ey Allah! Ehtiyacsızlığı nəfsimdə və canımda, yəqini könlümdə, ixlası əməlimdə, işığı gözümdə və bəsirəti isə dinimdə qərar ver».
HÜSEYN ӘLEYHISSALAM DOSTLARININ XATIRӘSINDӘ
Xalqın imam Hüseyn əleyhissalama bəslədiyi hörmət o həzrətin (ə) xalqla birgə yaşayıb, özünü onlardan ayrı saymadığına görədir. Necə ki, bir gün bir yerdən keçdiyi vaxt, yoxsul adamlardan bir neçəsinin süfrələrini açıb, bir az quru çörəyi yeməklə məşğul olduqlarını gördükdə onların dəvətini qəbul edib süfrələrində əyləşərək kasıblarla birgə duz-çörək kəsməyə başladı və onların xörəyindən yeyə-yeyə belə buyururdu: «Allah xudbin adamları sevmir». Bu və bu kimi yüzlərlə əxlaqi misallar səbəb oldu ki, onun xatirəsi və şəhadəti xalqın yaddaşında əbədi qalsın. Hər il xalqın imam Hüseyn əleyhissalama olan bağlılığı daha da möhkəmlənir.
Imam Hüseyn əleyhissalamın nə sarayı, nə əsgərləri, nə də cürbəcür qulluqçuları var idi. Heç vaxt evinin qapısını, zalım və tağut adamlar kimi, xalqın üzünə bağlamazdı və heç vaxt Peyğəmbərin hərəmini onun üçün boşaltmazdılar.
Әshabından olan bir nəfər onun haqqında belə deyir: Imam Hüseynin kürəyi qabarlı idi. Bunun səbəbini oğlu imam Zeynül-abidindən soruşduqda o həzrət belə buyurdu: «Atam gecələr dul arvadların, yetim uşaqların və yoxsul ailələrin evlərinə kisə içərisində çörək aparardı. Bu qabarlar da dalına çatdığı həmin kisələrin izidir.»
Alimlərdən birisi Hüseyn (ə) haqqında belə deyir:
«Biz tarixdə yalnız bir insanlıq sifətinə görə səciyyələnən insanlarla qarşılaşırıq; bəzisi şücaət, bəzisi zöhd, bəzisi isə səxavətinə görə. Lakin imam Hüseyn əleyhissalam bir yaxud bir neçə sifətə görə səciyyəvi şəxsiyyət deyildi. O, bütün üstün sifətlərə malik idi və bütün insani dəyərləri özündə cəmləşdirmişdi». Bəli, belədir Məhəmməd nübüvvətinin varisi;
Әlinin ədalət və igidliyinin varisi;
Fatimənin nəciblik və paklığının varisi.
O, bütün fəzilətlərin, fədakarlıqların simvolu, Allaha sitayiş və ülvi bir şəkildə Onu arzulamağın örnəyidir.
AŞURA HANSI GÜNDÜR?
Aşura ərəblərin cahiliyyət dövründə rəsmi bayram günləri idi. Həmin gündə xalq oruc tutb şənlik keçirirdilər. Iranda novruz günü bayram günü hesab edildiyi kimi, ərəblər arasında da Aşura günü, tarixi bayram günü və ayrı-ayrı Әrəb qəbilələrinin bir-birinin görüşünə getdiyi gün kimi qeyd olunurdu. Həmin gündə camaat təzə paltar geyib şəhəri bəzəyirdilər. Hələ də Yezidi tayfası adlı bir ərəb tayfası hər il həmin günü qeyd etməkdədirlər.
Kərbəla hadisəsinin baş verdiyi hicri 61-ci ildə ərəblərin və müsəlmanların ənənəsi dəyişildi. Haram ayalardan sayılan, müharibə və öldürməyin qadağan olduğu Aşura günün həzrət Adəmin ən yaxşı övladlarından birisi imam Hüseyn əleyhissalamın şəhadət gününə, şiələrin qəm, matəm və şəhidlərin xatirəsinin qeyd olunduğu bir qəmli günə çevrildi.
Həzrət Hüseyn (ə) və əshabının şəhid olmasının birinci ildönümündə minlərlə nəfər qəbrin ətrafında yığışıb matəm mərasimi keçirdilər. Bəni Üməyyə və Yezid hökumətinin başlanğıcından bu günədək, Әhli-beyt dostlarından yüz minlərlə insan matəm və xatirə mərasimləri təşkil edir və qafilələr Kərbəlaya gəlir.
Kərbəladan uzaqda yaşayanlar isə öz şəhərlərini Kərbəlaya çevirib əza məclisləri qurular.
Misirdə Fatimilər Aşura gününü matəm günü elan etdilər. Camaat Ümmü Gülsümün qəbri ətrafında yığışıb əzadarlıq edib növhə oxuyurdular. Fatimilərin dövründə Misirdə Aşura günün rəsmi əza və matəm günü olaraq qalırdı.
Iranda Müizüd-dövlə Deyləmi Aşura gününü rəsmi tətil günü elan edib bütün dövlət qulluqçuları və xalqa əmr etdi ki, işlərini buraxıb yas tutsunlar.
Iran, Iraq, Misir, Hindistan və sairə ölkələrdə əzadarlıq mərasimləri keçirildiyi üçün müsəlman xalq arasında ruhi bir hərəkət və fikir dəyişikliyi əmələ gətirdi. Müsəlmanların bu günkü hərəkəti onun təsirlərinin nəticəsidir. Bu mərasimlərin ildən-ilə daha da zənginləşərək geniş şəkildə qeyd edilməsi xalqın doğru yola gəlib, səhvlərini düzəltmələrinə səbəb olacaq və onların qüdrətini çoxaldacaq inşaallah.
Alimlərdən birisi bu barədə deyir:
«Məscid Peyğəmbərin əsəridir; amma əzadarlıq təkyələri və hüseyniyyələr isə Әhli-beytin əsəridir şiələr məscidlərdə Allaha ibadət və dua edər, təkyələrdə isə Allahın aşiqlərini və Onun yolunun qurbanlarının xatirəsini əziz tutub qeyd edərlər.» Tarix boyu heç bir qüvvə Hüseyn yolu ilə gedən karvanların hərəkətinin qarşısını ala bilməmişdir, sübut etmişdir ki, üstündün 13 əsr ötməsinə baxmayaraq hələ də bu coşqun hərəkət sönməyibdir.
«Hüseyn (ə) və əshabı belə bir gündə şəhid olduğu üçün, artıq Aşura günündə şənlik keçirmək, şəhəri bəzəmək və oruc tutmaq haram oldu».
Ibni Kəsir belə yazır: Hicrətin təxminən 400-cü ilində Bağdadda Aşura günü milli matəm günü elan olundu və xalq Hüseynin susuzluğu səbəbilə küçələrdə soyuq su və şərbət qoyub susuzlara paylayırdılar. Iraq əhalisi də Aşura günündə, Peyğəmbərin vəfat etdiyi günün ildönümündə olduğu kimi, əzadar idilər.
KӘRBӘLA QIYAMINDA KIM QӘLӘBӘ ÇALDI?
Bir sıra sadəlöv adamların Aşura günündə Yezidin qələbə çalıb, imam Hüseyn əleyhissalamın məğlub olduğunu güman etməsinə baxmayaraq, tarixi diqqətlə araşdırdıqda məlum olur ki, əhvalat bunun əksinə imiş. Çünki qələbə insanın diri qalıb düşmənin ölməsi demək deyildir. Qələbə bundan ibarətdir ki, insanın özü ölsə də hədəf, fikir və idealları əbədi olaraq yaşasın. Məğlubiyyət isə döyüş meydanında həlak olmaq deyil, fikir və ideyaların məhv olmasıdır.
Aşura qiyamında Hüseyn (ə) ilə əshabı şəhid oldular, uşaqları əsir düşdü, var-dövlətləri qarət oldu, lakin imam Hüseyn əleyhissalamın hədəfi diri qaldı. Çünki onun hədəfi islamı yaymaq və zülmün qarşısını almaq idi. Şübhəsiz Hüseyn (ə) öz hədəfinə çatdı. Tarix boyun milyonlarla insan bu etiqad və hədəfinə bayraqdarına çevriliblər. Yezidin hədəfi isə məhv oldu. Çünki onun hədəfi yalnız imam Hüseyn əleyhissalam və əshabını öldürməkdən ibarət deyildi; o islamı, islam Peyğəmbərinin təlimlərini aradan aparmaq istəyirdi və güman edirdi ki, imam Hüseyn əleyhissalamı öldürməklə, uşaqlarını əsir etməklə öz hədəfini təmin edə bilər. Lakin bilmirdi ki, Allah-taala islam, Quran və Peyğəmbərin təlimlərinin qoruyucusudur. Peyğəmbərlərə qarşı çıxan, onlarla müharibə aparan zülmkarlar tarix boyu peyğəmbərləri öldürüb, yaxud sürgün ediblər və həmişə eyni murdar hədəfi güdüblər. Lakin onların heç biri öz işində müvəffəqiyyət əldə edə bilməyib. Nə Nəmrud müvəffəq oldu, nə Firon, nə də başqaları.
Bundan daha aydın, daha yaxşı olan qələbə vardırmı ki, əsrlər keçdikdən sonra o zülmkarlardan heç bir iz qalmayıb, lakin ilahi peyğəmbərlər və dini rəhbərlər həmişə ayıq və insanpərvər adamların qəlbində yaşayırlar. Xalq onların xatirəsini həmişə əziz tutub yad edir. Bu gün görürük ki, dini rəhbərlərin və əsl qiyamçıların məzarının uzaq yollardan, çoxlu çətinliklərə dözərək gələn ziyarətçiləri vardır ki, oraya gələrək hörmətlə diz çöküb dua edirlər.
Lakin zülmkarların qəbrinin heç bir ziyarətçisi yoxdur, çünki bir şeyləri yoxdur ki, kimsəyə versinlər.
Kərbəla faciəsindən sonra Hüseynin qələbə çalması və Yezidin məğlubiyyətə uğramasının nişanələri aşkar oldu. Çünki xalq Hüseynin varislərini getdikləri hər yerdə sevgi ilə qarşılayır, onların düşmənlərinə lənət göndərirdilər.
Hətta öz ailəsi arasında kimsə Yezidə hörmət bəsləmirdi, bəzi yaxın adamları belə ona etiraz edib, gördüyü pis əməlinə görə onu qınayırdılar.
IMAM HÜSEYN ӘLEYHISSALAMIN QISA KӘLAMLARI
1. Imam Hüseyn əleyhissalam Aşura günündə buyurdu: «Xalq dünyaya bağlıdır və dinləri dillərindədir. Dinin onlara zərər yetirmədiyi vaxta qədər onun ətrafında dolanırlar. Imtahan vaxtı gəldikdə isə həqiqi dindarlar azalırlar».
2. O həzrət (ə) oğlu Zeynül-abidinə belə buyurmuşdu: «Allahdan başqa heç bir yardımçısı olmayan kimsəyə zülm etməkdən çəkin».
3. Aşura günündə vidalaşdığı zaman uşaqlarına belə buyurdu: «Ağlamayın, göz yaşı tökməyin, mənim getməyimlə sizin dörd və müsibətləriniz qurtarmayacaq. Bu, sizin narahatçılıq və qəm-kədərinizin başlanğıcıdır. Özünüzü möhkəm saxlayın və bilin ki, Allah sizi qoruyur. Məndən sonra düşmənin qarşısına çıxdığınız zaman sizin dəyərinizi azaldan sözlər danışmayın».
4. Әn pis adam axirətini dünyasına satan şəxsdir.
5. Heç bir yaxşı işi xalqın tərifləməsi üçün görmə və utandığın üçün onu buraxma.
6. Allaha qul olanlar, başqasına qul olmazlar.
7. Qardaşım imam Həsənin gördüyü işlər Allahın əmrilə olduğu kimi, mənim də gördüyüm işlər Allah əmrilədir.
8. Səni peşman edən və üzr istəməyə məcbur edən sözləri deməkdən çəkin.
AŞAĞIDAKI SUALLARA CAVAB VERIN
1. Nə üçün imamın adını Hüseyn qoydular?
2. Nəyə görə həzrət Hüseyn (ə) zalım bir xəlifə sayılan Müaviyənin dövründə səsini ucaltmadı?
3. Həzrət (ə) kufəlilərin dəvəti qarşısında nəyə görə Müslimi göndərdi?
4. Hüseyn (ə) və əshabı Aşura günündə məğlub olmadılar. Nəyə görə?
5. Nə üçün həzrət Hüseynin xatirəsi ildən-ilə daha da möhkəmlənir?