MƏHDİLİK ƏQİDƏSI BARƏSİNDƏ YARANAN MANEƏLƏR VƏ XOŞAGƏLMƏZ HALLAR
MƏHDİLİK ƏQİDƏSI BARƏSİNDƏ YARANAN MANEƏLƏR VƏ XOŞAGƏLMƏZ HALLAR
Hər bir mərifət məcmuəsi və mədəniyyəti üçün müəyyən nasazlıqlar, xoşa gəlməz hallar irəli gələ bilər ki, bu da həmin mədəniyyətin inkişaf edib çiçəklənməsinə mane ola bilər. Dini mədəniyyət də bə`zən elə bəlalara düçar olur ki, onun kamal istiqamətində olan hərəkətini süstləşdirir. Hazırki bəhs də bu bəlaların ayırd edilməsi və onunla mübarizə aparılması üslubunu öyrədir.
Yaxşı olar ki, bu fəsildə həqiqi Məhdilik mədəniyyəti barəsində mövcud olan maneələr barəsində bəhs edək ki, bu əqidəyə dəyə biləcək xəsarətlərlə tanış olmaqdan əlavə, onunla mübarizə və zərərsizləşdirilmə yollarını da öyrənək.
Məhdilik mədəniyyətinə dəyə biləcək xəsarətlərdən qafil olunması camaatın, xüsusilə cavanların İmam Məhdi (ə)-ın özünün varlığına, yaxud o həzrətin barəsində mərifət kəsb etməyin müxtəlif yönlərində e`tiqadlarının süstləşməsinə səbəb ola bilər, bə`zən də cavanların azğın əqidələrə, yaxud şəxslərə meyl etməsinə şərait yarada bilər. Buna əsasən, bu xəsarətlərlə tanış olmaq bu böyük imamın intizarını çəkənlərin e`tiqad və əməldə daha artıq vəsvəsələrdən qoruyub saxlayacaqdır.
Məhdilik mədəniyyətində yarana biləcək xəsarətlərin bə`zilərini aşağıda qeyd edirik:
YANLIŞ TƏSƏVVÜRLƏR
Məhdilik mədəniyyətinə dəyə biləcək ən mühüm xəsarətlərdən biri də bu islami mədəniyyət barəsində yanlış və düzgün olmayan təsəvvür və təfsirlərin irəli çəkilməsidir. Rəvayətlərdən düzgün olmayan çıxarışlar və natamam təhlillər yanlış nəticənin əldə olunmasına səbəb olur ki, onlardan bir neçəsini qeyd edirik:
1-İntizar məfhumundan yanlış nəticə və təsəvvürün alınması nəticəsində bə`ziləri belə təsəvvür etmişdir ki, dünyanın fəsadan təmizlənib islah olunması imamın qüdrətli əli ilə olduğuna görə, cəmiyyətdəki eybəcərliklərin, ədalətsizlik və qanunsuzluqların qarşısında bizim heç bir vəzifmiz yoxdur. Üstəlik İmam Məhdi (ə)-ın zühurunun yaxınlaşması üçün cəmiyyətdə pislikləri, çirkinlikləri və eybəcərlikləri yaymalıyıq!! Bu düzgün olmayan təfəkkür onlar əmr be məruf və nəhy əz münkər işini hər bir müsəlmanın vacib vəzifəsi hesab edən Qur`an və əhli beyt nəzərinin müqabilindədir.
İran İslam respublikasının banisi İmam Xomeyni (rəhmətullahi əleyh) bu nəzəriyyəni tənqid edərək buyurmuşdur:
«Əgər bizim əlimiz çatsaydı, qüdrətə malik olsaydıq, onda bütün zülmlərin və haqsızlıqların kökünü yer üzündən kəsmək bizim şər`i vəzifəmiz olardı. Amma bizim buna qüdrətimiz çatmaz. Əsas məsələ budur ki, İmam Məhdi (ə) dünyanı haqq-ədalətlə dolduracaqdır, bunun mə`nası bu deyildir ki, siz bu vəzifədən əl çəkməlisiniz və sizin heç bir vəzifəniz yoxdur!»[1]
İmam Xomeyni sözlərinin başqa birində buyurur:
«Əcəba! Qur`an ayələrinin əksinə olaraq nəhy əz münkər işindən əl çəkməliyikmi?! Əmr be məruf işindən əl çəkməliyikmi?! Həzrətin gəlişi üçün günahları cəmiyyətdə yaymalıyıqmı?!»[2]
(Qeyd etmək lazımdır ki, biz «intizar» bəhsinin əvvəllərində intizarın düzgün mə`nası barəsində söhbət etmişdik.)
2-Bə`zi rəvayətlərin zahiri mə`nasından belə təsəvvür yaranır ki, İmam Məhdi (ə)-ın zühurundan əvvəl baş verəcək hər bir qiyam məhkum və rədd olunub. Buna əsasən, tağutçular, zalımlar əleyhinə olan və islam hökmlərini bərqərar etməyə sə`y göstərən İran İslam inqilabının müqabilində düzgün olmayan mövqelər seçmişlər.
Onların cavabında demək lazımdır ki, islam hökmlərindən çoxunun icra olunması, o cümlədən hüdudların, qisas hökümlərinin icra olunması, islam düşmənləri ilə, cəmiyyətdəki fəsad və eybəcərliklərlə geniş miqyasda mübarizə aparmaq islam hökuməti təşkil edilmədən mümkün deyildir. Buna əsasən, islam hökumətinin bərqərar olunması üçün sə`y etmək bəyənilən və əqlin qəbul etdiyi bir işdir. Bə`zi rəvayətlərdə qiyamın qadağan edilməsi də dünyəvi məqsədlərlə olan qiyamlarda, ilahi məramları malik olmayan hərəkətlərdə iştirak etməmək nəzərdə tutulur, yaxud da məhdiçilik ünvanı ilə başlanan hərəkatlar ola bilər; nəinki cəmiyyətin islah olunması istiqamətində aparılan hər növ qurucu və inqilabi hərəkatın rədd olunması.[3]
3-Məhdiçilik mədəniyyətində yaranan yanlışlıqlardan biri də İmam Zaman (ə) barəsində kobud və rəhimsiz bir simanın canlandırılmasıdır.
İmam Məhdi (ə)-ın ədalət qılıncı ilə qan dəryası yaratmasını, insanların çoxunun qılıncdan keçirilməsini düşünən bə`zi şəxslərin təsəvvürünün əksinə olaraq, İmam Məhdi (ə) Allah taalanın rəhmət məzhəridir. O, əziz İslam Peyğəmbəri (s) kimi əvvəlcə bütün insanları aşkar dəlil və bəyanlarla islama və Qur`ana də`vət edəcək, camaatın əksəriyyəti o həzrətin də`vətinə müsbət cavab verərək ona qoşulacaqlar. Buna əsasən, İmam (ə) yalnız tam agahlıq üzündən haqqı qəbul etməyən, inadkarlıq göstərən və qılıncdan başqa bir şey tanımayan şəxslərlə qılıncla rəftar edəcəkdir.
[1] Səhifeyi nur, 20-ci cild, səh. 196
[2] Yenə orada,
[3] Bu mövzu barəsində əlavə mə`lumat almaq üçün İbrahim Əmininin «Dad qöstərin cahan» kitabına 254-300 səhifələrə baxa bilərsiniz.