IMAM CӘFӘR SADIQ ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
Adı: Cəfər
Ləqəbi: Sadiq
Künyəsi: Әbu Abdullah
Atası: Həzrət Məhəmməd Baqir (ə)
Təvəllüd tarixi: Hicri 80-cı il
Imamlıq müddəti: 31 il
Ömrü: 68 il
Şəhadət olduğu tarix: Hicri 148-ci ildə Abbasai xəlifəsi Mənsurun əmri ilə zəhərlənərək şəhid oldu.
Məzarı: Mədinədə Bəqi qəbristanlığı.
TӘVӘLLÜDÜ
Imam Sadiq əleyhissalamın mübarək vücudunun qızıl günəş 83-cü hicri ilin Rəbül-əvvəl ayının 17-də Mədinə şəhərində parladı. O həzrətin anasının adı Ümmi Fərhə idi. Atası imam Məhəmməd Baqir (ə) oğlunun dünyaya gəlməsindən çox sevinmişdi. O həzrətin anası Әli əleyhissalamın əshabından olan Məhəmməd ibni Әbu Bəkrin nəvəsi idi. Həzrət Әli (ə) onun haqqında daim belə buyurardı: «Məhəmməd mənim mənəvi nəvəmdir». Məhəmməd ibni Әbu Bəkrin anası isə təqvalı və həmişə həzrət Fatiməyə xidmət etməkdən iftixar hissi duyan Әsma binti Üməys idi.
Imam Sadiq əleyhissalam öz anası haqqında belə buyurmuşdur: «Anam təqvalı, imanlı və xeyirxah qadınlardan idi.»
Imam Sadiq əleyhissalam babası imam Səccad (ə) dünyadan köçəndə 15, atası şəhid olduqda isə 34 yaşında idi.
Imam Hüseyn əleyhissalamın şəhadətindən sonra Әməvi hökuməti artıq sarsılmış, xalq isə onlarla düşmən olmuşdu ki, bu da hakimiyyəti Abbasilərin ələ keçirməsinə zəmin yaratmışdır. Bu iki qüdrət mərkəzi hakimiyyət uğrunda mübarizəyə qalxdığından şiə düşüncələrini təbliğ etmək və yaymaq üçün fürsət yaranmışdı. Məhz belə bir vaxtda Imam Sadiq əleyhissalam öz elmi hərəkatı ilə islam incəliklərini bütün dünyaya yaymağa müvəffəq oldu.
IMAMIN ӘXLAQI XÜSUSIYYӘTLӘRI
Məlum olduğu kimi insanların zahiri rəftarı onların daxili əxlaq və düşüncələrini əks etdirir. Belə ki, insanları öz rəftar və davranışları ilə tanımaq mümkündür. Az adam tapılar ki, qəlbində olanları öz rəftar və hərəkətləri ilə büruzə verməsin.
Imam Sadiq əleyhissalam da başqa imamlar kimi, bütün həyatı boyu həqiqi islamı təlim edirdi. O həzrətin özü də islam əxlaqının parlaq nümunəsi idi. Insanlar arasında hər cəhətdən, istər fikri, istər əxlaqi, istərsə də düşüncə baxımından bir-birilə eyni olan ata və oğul tapmaq olmaz. Lakin həzrət Peyğəmbərin ailəsi, eləcə də o həzrətin canişinlərinin hamısı eyni istiqamətdə, eyni nöqteyi-nəzər və eyni üslubda vahid bir hədəfə doğru irəliləyərək öz müqəddəs borclarını yerinə yetirirdilər. Onların fikirləri, sözləri və davranışları arasında heç bir fərq yoxdur.
Imam Sadiq əleyhissalamın əxlaqi üstünlük və dəyərlərini isbat etmək üçün təkcə bu kifayətdir ki, onan dörd min tələbəsi arasında bir nəfər belə tapılmadı ki, o həzrətin əxlaq və üslubunu bəyənməyib ondan narazı qalsın. O, natiqlikdə, yeriməkdə, başqaları ilə rəftarında, yeməkdə hətta istirahət etməkdə belə müsəlmanlar üçün əbədi bir örnək idi. O həzrət öz uşaqları ilə necə davranırdısa, dostları ilə də eyni şəkildə davranırdı.
IMAMIN ZÖHD VӘ TӘQVASI
Zöhd və təqva insan dəyərinin ölçüsüdür. Elə buna görə də Qurani-kərim təqva ziynətilə bəzənmiş insanları çıxmaq şərtilə, qalan insanları bərabər hesab edir. Imam Sadiq əleyhissalam da, babası Әli əleyhissalam kimi o qədər təqvalı idi ki, hamını heyrətləndirmişdi.
Malik ibni Әnəs deyir: Imam Sadiq əleyhissalam həmişə Allahı zikr etməklə məşğul idi. O, böyük zahidlərdən sayılırdı.
Әbdül-əla isə belə deyir: Yayın isti günlərinin birində Imam Sadiq əleyhissalamı Mədinə küçələrindən birində gördüm ki, harasa gedirdi. O həzrətə dedim: Qurbanın olum! Sən ki, Peyğəmbərin qohumusan, nə üçün yayın bu istisində özünü zəhmətə salırsan?
Imam (ə) buyurdu: «Ruzimi qazanmaq üçün işləməyə evdən çıxmışam, çünki başqalarına möhtac qalmaq istəmirəm.»
Başqa bir nəfər isə o həzrətin haqqında belə demişdir: Imam Sadiq əleyhissalamı qalın bir paltarla fəhlə kimi bağda işləyib tər tökən gördükdə, o həzrətə «ey Peyğəmbərin övladı, icazə verin mən sizin yerinizə işləyim» - dedim. Həzrət (ə) cavabımda belə buyurdu: «Güzəranımı təmin etmək üçün işləməyi sevirəm. Istəyirəm başqa admalar kimi mən də qızmar günəşin altında çalışmağın zəhmətini dadım.»
Imam bir yerə gedəndə yeni, təmiz və bahalı paltar geyinər, yorğa at minərdi. Bir sıra cahil adamlar belə güman edirdilər ki, o həzrətin bu əməli zöhd və təqvaya ziddir və elə buna görə də imama etiraz edərdilər. Lakin imamın cavabını eşitdikdə utanıb geri qayıdırdılar.
IMAMI YALANÇI MÜQӘDDӘSӘ DEDIYI SÖZLӘR
Bir gün Süfyan adlı bir yalançı müqəddəs, Imam Sadiq əleyhissalamın qarşısını kəsib dedi: Siz Peyğəmbərin ailəsindənsiniz. Bəs niyə belə bahalı paltarlar geyinirsiniz? Imam (ə) buyurdu: «Ey Süfyan, bax bu paltarın altında köhnə bir köynək var və mən özüm bilə-bilə onun üstündən bu paltarı geymişəm ki, ağılları gözlərində olanlar mənim yoxsul və möhtac olduğumu zənn etməsinlər. Lakin sən isə əynində olan bu kobud paltarın altından yumşaq bir paltar geyinmisən ki, camaatı aldadasan və özünü zahidlər kimi göstərəsən. Ey Süfyan, bu qədər dargözlü olma».
Başqa bir gün Süfyan imamı fəhlələrlə tarlada işləyən görüb dedi: «Sən məni təəccübləndirirsən. Nəyə görə bu qoca yaşında dünyaya tamah salıb işləyirsən? Imam (ə) buyurdu: «Mən zəhmət çəkərək güzəranımı təmin edirəm və xalqa möhtac deyiləm. Әgər bu vəziyyətdə Allahın görüşünə getsəm çox sevinərəm.»
Başqalarının zəhmətinin nəticəsini yeyənlər və onların vasitəsilə qüdrətə çatanlar, eləcə də onlara xidmət və məhəbbət əvəzində özlərini onlardan üstün sayanlar çox bədbəxtdirlər. Onlar da Süfyan kimi aldadıcı zahirə malikdirlər, lakin batinləri pozğun və xarabdır.
IMAM (Ә) VӘ ӘDALӘTLI MӘNFӘT
Imam Sadiq əleyhissalam əshabından olan Müsadif adlı bir nəfərə min dinar vermişdi ki, ticarətlə məşğul olub mənfət əldə edərək güzəranını yaxşılaşdırsın.
Müsadif də imamın verdiyi pulla əmtəə alıb tacirlərlə birlikdə Misrə getdi. O, Misirin yaxınlığında şəhərdən qayıdan bir karvanla rastlaşdı. O, gətirdiyi malın ticari durumunu öyrənmək üçün onlardan müxtəlif suallar soruşdu. Karvandakılar ona dedilər ki, şəhərdə onun gətirdiyi maldan çox az tapılır, buna görə də müştərisi çoxdur və mütləq gətirdiyini baha qiymətə sata biləcək.
Müsadif bu sözləri eşitdikdə sevinib yoldaşları ilə danışdı ki, gətirdikləri əmtəəni ikiqat baha qiymətə satsınlar və bu qiymətdən aşağı enməsinlər. Şəhərə daxil olandan sonra dedikləri kimi də etdilər və bunun nəticəsində Müsadif min dinar da artıq qazandı. Mədinəyə qayıtdıqdan sonra sevincək imamın evinə gəldi, həzrətin hüzuruna getdikdə hərəsində min dinar olan iki kisəni imamın qabağına qoyub dedi: Bir kisə sizin sərmayənizdir, o birisi isə alverin qazancıdır.
Imam (ə) buyurdu: «Bu qədər mənfəti necə əldə eləmisən?» Tacir kişi əhvalatı olduğu kimi həzrət üçün danışdı. Birdən-birə imam (ə) narahat olub belə buyurdu: «Allaha pənah aparıram. Bir dəstə müsəlmanın ziyanına olaraq əlbir olubsunuz ki, əmtəənizi iki qat qiymətinə satasınız?!»
Imam (ə) verdiyi pulu götürdükdən sonra ikinci kisəni Müsadifə qaytarıb buyurdu: «Insafsızlıqla əldə olunan bu qazanca mənim ehtiyacım yoxdur. Ay kişi! Bunu bil ki, halal yoldan var-dövlət qazanmaq çox çətindir.»
IMAMIN SӘBRI VӘ DÖZÜMÜ
Insanın həyatda qarşılaşdığı müxtəlif çətinliklər və hadisələr onun bacarıq və imanının nə dərəcədə olduğunu aşkar edə bilər. Imam Sadiq əleyhissalamın həyatında meydana gələn çətinliklər və o həzrətin göstərdiyi səbr və dözümlülük onun dəyərli şəxsiyyətini sübuta yetirib aşkar etmişdir.
O həzrəti nə qədər söysələr də, əziyyət etsələr də həmişə öyüd-nəsihət verər və heç vaxt bir kimsəni söyüb qarğışlamazdı.
POZULAN DOSTLUQ
Imam Sadiq əleyhissalamı çox sevən və daima onun yanında olan bir kişi var idi. Bir gün həmin kişi imamla birlikdə pinəçilər bazarına getmişdilər. O kişinin zənci qulu da onların dalınca gəlirdi.
Qulun başı dükanlara baxmağa məşğul olduğundan sahibindən uzaq düşürdü. Imamın dostu da hərdən arxasına baxır, amma qulunu görmədiyindən çox narahat olub hirslənmişdi. O, birdən gələn qulu görüb onun anasını söydükdən sonra soruşdu: Harada idin?
Kişinin bu sözlərində təəccüblənən Imam Sadiq əleyhissalam əlini əlinə vurub buyurdu: «Sən onun anasını söyürsən?! Mən elə güman edirdim ki, sən təqvalı və pəhrizkar bir kişisən. Buna görə də uzun müddət səninlə dostluq edib dostlarım arasında səni tərifləyirdim. Yaxşı oldu ki, sənin düz-əməlli bir dost olmadığını anladım. Tez məndən uzaqlaş.»
TӘBLIĞATI IMAMDAN ÖYRӘNӘK
Şəqrani gizlində pis işlər görən cavan bir oğlan idi. Onun babasını həzrət Peyğəmbər (s) azad etmişdi, elə buna görə də camaat onu Peyğəmbərin yaxınlarında hesab edirdilər. Bir gün Şəqrani Abbasi xəlifəsi Mənsurun beytul-maldan pul payladığını eşitdikdə ondan pul almaq üçün oraya yollandı. Lakin orada heç kimi tapmadığı üçün bir şey ala bilmədi. Bu arada gözü Imam Sadiq əleyhissalama sataşdı, qaça-qaça onun yanına gəlib həzrətdən onun üçün xəlifədən bir pay almasını xahiş etdi. Imam da onun istəyini qəbul edib getdi və xəlifədən onun payını alıb gətirdi. Imam pulları ona verən zaman belə buyurdu: «Hər kəs yaxşı iş görsə, yaxşıdır lakin sən bizə bağlı olduğun üçün yaxşı iş görərsən daha yaxşıdır hər kəs pis iş görsə, pisdir lakin sən pis iş görsən daha pisdir».
Imam bunu deyib getdi. Pulları alan Şəqrani bir müddət fikrə dalıb və anladı ki, imam (ə) onun pis iş gördüyünü başa düşdüyündən bu sözlə onu bu işdən çəkindirmək istəyib.
Imamın bu davranışı səbəb oldu ki, pis iş görən kişi özündən utanıb pis işləri buraxsın.
IMAMIN YOXSULLARA OLAN YARDIMI
1. Imamın dostlarından olan Müəlla ibni Xünəys belə deyir: Qaranlıq və yağışlı bir gecədə Imam Sadiq əleyhissalamı Mədinənin küçələrində gördüm ki, həzrət ağır bir kisəni dalına çatıb aparırdı. Onun dalınca düşdüm ta həzrətin hara getdiyini öyrənim. Kisədə olan çörəklərdən bir azı yerə tökülmüşdü. Mən çörəkləri yığıb imamın yanına getdim və salam verdikdən sonra çörəkləri ona verdim. Imam (ə) onları alıb kisənin içinə qoyduqdan sonra yenidən öz yoluna davam etdi. Çox keçmədi ki, yoxsullardan bir dəstəsinin yaşadığı bir yerə çatdı ki, orada yatmışdılar. Onların hərəsinin başının altına iki dənə çörək qoyub qayıtdı. Mən imamdan «onlar sizin şiələrinizdən idilər» deyə soruşduqda buyurdu: «Xeyr, əgər şiələrimizdən olsaydılar, onlara daha yaxşı yetişərdik.»
2. Imamın başqa bir dostu Hişam ibni Salim belə deyir: «Imam Sadiq əleyhissalamın üsulu belə idi: Qaranlıq gecələrdə bir qədər ərzaq götürüb yoxsulların qapısına aparıb, onu gizlincə qapıdan içəri qoyardı».
Imam vəfat etdikdən sonra onun etdiyi yardımlar kəsildiyi üçün yoxsullar başa düşdülər ki, gecələr onların qapısına gəlib onlara yardım edən naməlum şəxs Imam Sadiq əleyhissalam imiş. Buna görə də çox narahat olub yasa batdılar.
IMAM (Ә) VӘ EHTIKARLA MÜBARIZӘ
Illərin birində Mədinədə buğda qıtlığı olduğundan camaat qorxub çox nigaran olmuşdu. Hər kəs o ilin ehtiyaclarını təmin etmək üçün çalışıb buğda yığırdı.
Bu arada yoxsul adamlar gündəlik ehtiyaclarını bazardan almaq məcburiyyətində qalmışdılar. Bir gün Imam Sadiq əleyhissalam xidmətçisi Mütəbdən «bu il evdə buğdamız varmı? – deyə soruşduqda Mütəb cavab verdi: Bəli, bir neçə aylıq buğdamız var.»
Imam buyurdu: «Apar onları bazarda sat».
Mütəb dedi: Mənim mövlam, axı Mədinədə buğda tapılmır. Әgər bunları satsam, sonra özümüz üçün buğda almaq çətin olar və daha baha qiymətə almalı olarıq.
Imam (ə) buyurdu: «Dediyim işi gör. Bundan belə Mədinə yoxsulları kimi gündəlik ehtiyacımızı bazardan al. Çünki mənim evimin çörəyi ilə xalqın işlətdiyi çörək arasında heç bir fərq olmamalıdır».
TAMAHKAR DILӘNÇI VӘ ŞÜKR EDӘN YOXSUL
Imamın əshabından biri demişdir: «Həzrətlə Minada üzüm yeməyə məşğul olduğumuz vaxt bir yoxsul adam gəlib diləndi. Imam (ə) bir salxım üzüm ona verdi. Yoxsul adam üzümü almayıb pul istədi. Imam buyurdu: Allah sənə yetirsin. Dilənçi bir az uzaqlaşdıqdan sonra qayıdıb üzümü istədi. Həzrət ona belə buyurdu: Allah sənə yetirsin. O kiş getdi və başqa bir yoxsul adam gəlib imamdan köməklik istədikdə Imamə (ə) ovucunu üzümlə doldurub ona verdi. Kişi üzümü alıb Allahına şükr etdikdən sonra Imam (ə) ona iyirmi dirhəm pulla bərabər öz köynəyini də verdi. Kişi onları alıb imama dua edə-edə bizdən uzaqlaşdı. Öz-özümə düşündüm ki, əgər bu kişi belə davam etsəydi, imam var-yoxunu da ona verərdi.
ISLAM UNIVERISITETININ QURULMASI
Imam Sadiq əleyhissalam müxtəlif fənlərdə tələbə tərbiyə etmək üçün Mədinədə islami bir univerisitet qurmaq qərarına gəldi. O həzrətin elm çeşməsi o qədər qaynar idi ki, hətta dünyanın dörd tərəfindən belə alimləri Mədinəyə sarı çəkirdi. Elm öyrənmək istəyən yüzlərlə cavan dünyanın hər yerindən Mədinəyə axışırdılar ki, imamın dərslərində iştirak etsinlər.
Imam (ə) müxtəlif elmi sahələrdə görkəmli alimlər yetişdirmişdir ki, onlardan bəzilərinin adlarını sizlərə təqdim edirik:
1. Fiqh fənnində Zürarə və Məhəmməd ibni Müslim.
2. Әqaid və kəlam elmində Hişam və Möminüt-taq.
3. Irfan və islam maarifi fənni üzrə Müfəzzəl və Səfvan.
4. Riyaziyyat və təcrübə elmləri üzrə Cabir ibni Həyyan.
Bunlarla birlikdə bir çox başqa alimlər də imamın tələbəsi olub hərəsi ayrı-ayrı islami elm və fənnin təmələni qoymuşdular. Onların kitabları uzun illər avropada qərb dillərinə tərcümə olunaraq tədris olunmuşdur. Məlum olduğu kimi, Әli əleyhisslamın zamanında islam elmlərini yaymaq üçün belə bir münasib şərait yox idi. Çünki düşmən o həzrəti vətəndaş müharibəsi ilə məşğul edirdi ki, beləliklə də islami elmlərin yayılmasının qarşısı alınırdı. Bu vəziyyət imam Səccad əleyhissalamın zamanına qədər davam etmişdir. Imam Baqir əleyhissalamın zamanından isə islam elmləri mədrəsələri təşkil olundu və imam Sadiq əleyhisslam zamanında öz yüksək mərhələ və zirvəsinə yetişdi. Imam Sadiq əleyhissalamın univerisitetində dörd min tələbə müxtəlif elmi sahələrdə yetişdirildi. Onlar da dünyanın dörd tərəfinə gedib xalqa təlim-tərbiyə verməklə məşğul olurdular.
NӘ ÜÇÜN ŞIӘLIK CӘFӘRI MӘZHӘBI ADLANIR?
Şiə məzhəbinin imam Cəfər Sadiq (ə)-ın elmi və siyasi fədakarlıqları sayəsində genişlənib yayılması üçün bu məzhəbə Cəfəri məzhəbi adı verilmişdir. Bizim məzhəbimiz Cəfəri məzhəbidir və biz bu adla fəxr edirik. Çünki həzrət Peyğəmbərin (s) əsil islamının missiyasını imam Hüseynin qanında, bəyanını isə imam Sadiqin təlimlərində tapmaq mümkündür. Cəfəri islamı, Әli əleyhisslamın yolunda cihad etdiyi, Həsən (ə)-ın sülh etdiyi, Hüseyn (ə) şəhid olduğu, Səccad (ə)-ın əsir düşdüyü islamdır. Әgər islam, hökumdarlarının qəsb olunmuş taxtda oturduqları, Zəhranı qəzəbləndirən və Әlini zalıma beyət etməyə məcbur edən islam olsaydı, heç vaxt belə bir islama boyun əyməzdik. Çünki bilici, mömin və Peyğəmbərin xanədanına etiqad bəsləyən alimlərin məntiqinə görə, Peyğəmbərin ailəsinin kənarda qaldığı islam hökmdarlarını müaviyələr, yezidlər və mütəfəkkirlərin icad etdiyi islamdır. Әləvi şiəliyin tarixi sübuta yetirmişdir ki, hər kəs Әli (ə) xanədanını çıxmaqla islamı qəbul etsə, bu yolda nə qədər çalışsa belə heç bir yerə çatmayacaq və axırda da müstəmləkəçilərin əlaltısına çevriləcəkdir.
MӘNSUR IMAMA XӘYANӘT EDIR
Imam Sadiq əleyhissalamın mədəni məktəbi insanları öz talelərini təyin etməkdə təsirli hesab etdiyindən onlara deyirdi: «Cəmiyyəti təşkil edən sizsiniz, sizlər özünüzü xoşbəxt yaxud bədbəxt edə bilər. Geri yaxud irəli getməyinizi təmin edə bilərsiniz. Yəni ey camaat! Sizlər zalım hökmdarları hakimiyyətdə endirə bilər, hökuməti daha ləyaqətli və ürəyiyanan kimsələrə tapşıra bilərsiniz.
Müsəlmanların Qurani etiqadlarına əsaslanan bu düşüncə tərzinin yayılması zəmanənin hökmdarı olan Mənsura ağır gəldi. O fəsadı daha artıq yaymaqla bu düşüncənin qarşısını alıb xalqın bilik və ayıqlıq məktəbi olan Imam Sadiq əleyhissalam məktəbinə meyl etməsinə mane olmağa çalışırdı.
Mənsur bu məqsədini həyata keçirmək üçün bir sıra alimlərə pul verdi ki, «dini dedetrminizmi» (cəbri) təbliğ etsinlər; yəni xalqı inandırsınlar ki, yoxsulluq, bədbəxtlik, zülm və sair bu kimi hadisələr Allahın iradəsi ilə baş verir və heç kəs onları dəyişdirməyə qadir deyildir. Beləliklə müxalifətlər və inqilabların qarşısı alınacaq, camaat cinayətkar hökmdarların zülmünə dözəcək və etiraz etmək əvəzində şükr edəcəkdilər. Şübhəsiz Imam Sadiq əleyhissalam islamı mədəniyyət və etiqad adı altında xalqa qəbul etdirilən bu yalnış və təhlükəli etiqadın yayılmasının müqabilində sükut edə bilməzdi. Həzrət (ə) bu təhlükəli etiqadla mübarizə aparmaq məqsədi ilə bir univerisitet təşkil edib qısa bir müddət ərzində islami etiqadlar və mədəniyyət sahəsində dörd min tələbə yetişdirib camaatın arasına göndərdi ki, muzdur alimlərin təbliğatlarını puça çıxarsınlar.
MӘNSURUN IMAM SADIQӘ ETDIYI ZÜLMLӘR
Qəribədir ki, Abbasilər Kərbəla şəhidlərinin intiqamını almaq və Әməvilərin zülmünə qarşı mübarizə etmək bəhanəsi ilə xalqı öz ətraflarına yığıb Әli (ə) xanədanına məhəbbət bəsləyən iranlıların vasitəsilə və xorasanlı Әbu Müslimin köməyi ilə Әməvi hökumətini yıxdılar, lakin xəlifəliyi zəmanənin imamı həzrət Sadiq (ə)-a tapşırmaq əvəzinə özləri hakimiyyət başına keçdilər. 132-ci hicri ilində Әməvi hökuməti devrildikdən sonra Səffa və Mənsur adlı Abbasilərə mənsub iki şəxs xəlifə oldular ki, birincisi on il, ikincisi isə iyirmi iki il hökmranlıq etdi. Onlar bu müddət ərzində fasiləsiz olaraq imam və rəhbərlərə əziyyət verdilər. Imam Sadiq əleyhissalam Mənsur zamanında şiddətli təzyiq altında idi. Hətta bəzi vaxtlar xalqın o həzrətlə görüşməsinə icazə verilmirdi. Misal üçün Harun adlı bir şəxs imamdan bir məsələ soruşmaq istəyirdi, amma imamla görüşə bilmək üçün bir yol tapmırdı. Nəhayət səbət içində xiyar satan bir kişini gördükdə bir az fikirləşdikdən sonra onun yanına gəlib bütün xiyarlarını səbətlə bir yerdə ondan alıb onun köhnə paltarını da əmanət alaraq əyninə geyib xiyar satmaq bəhanəsi ilə imamın qapısına getdi və ora daxil olandan sonra məsələsini soruşub düzgün cavabını alıb geri qayıtdı.
Mənsur imamın əshabının çoxunu tutub zindana salmışdı, bir neçə dəfə imamın özünü qətlə yetirmək istəmişsə də lakin hər dəfəsində imamın möcüzəsi nəticəsində planı nəticəsiz qalmışdı.
IMAMIN MӘNSURU IFŞA ETMӘSI VӘ MÜQAVIMӘTI
Müxtəlif yolları imtahan edib ümidi kəsilən Mənsur «biz Abbas xanədanından və Peyğəmbərin ailəsindənik» deyə xalqı aldatmağa başladı. Özünün ləyaqəti olmadığını və bu vəzifəyə Peyğəmbərin həqiqi övladlarının layiq olduğunu bilə-bilə özünün Peyğəmbərin həqiqi varisi və xəlifəyə haqlı olaraq çatan bir şəxsiyyət kimi tanıtmağa çalışdı.
Imam Sadiq əleyhissalam Mənsurun bu həyasız rəftarına qarşı çıxaraq öz məktublarında bu xanədanı rüsvay etdi.
1. Bir gün Mənsur imam belə yazdı: Niyə başqa adamlar kimi bizim yanımıza gəlmirsən?
Imam (ə) Mənsurun cavabında belə yazdı: «Bizim dünyadan heç bir şeyimiz yoxdur ki, ona görə də səndən qorxaq. Sənin də axirət və mənəviyyatdan bir şeyin yoxdur ki, ona xatir sənə ümid bəsləyək. Onda nəyə görə sənin yanına gələk?»
2. Başqa bir gün Mənsur imama belə yazdı: Gəl bizə nəsihət ver!
Imam (ə) bunun cavabında belə yazdı: «Hər kəs dünya əhli olsa, sənə nəsihət verməz, hər kəs də axirət əhli olsa, sənin yanına gəlməz.»
3. Günlərin bir günündə imam (ə) Mənsurun məclisində idi. Bir milçək Mənsura çox əziyyət verirdi və nə edirdisə də milçək getmirdi və yenə gəlib onun üzünə qonurdu. Mənsur hirsli-hirsli imamdan soruşdu: Allah nə üçün milçəyi xəlq edib?
Imam (ə) dərhal bu cavabı verdi: «Güclü zalımları onun vasitəsilə incidib alçatmaq üçün.»
Mənsur narahat olmasına baxmayaraq öz yerində oturdu və imama getməsi üçün icazə verdi.
IMAMIN MӘDINӘ VALISINӘ HIRSLӘNMӘSI
Mənsur Bəni Haşim nəslindən bir neçə nəfəri şəhid etdikdən sonra Şəybə adlı bir kişini Mədinəyə vali təyin etdi ki, Imam Sadiq əleyhissalamın hərəkətlərini nəzarət altında saxlasın. Şəybə cümə günü məscidə gəlib namazdan sonra minbərə çıxıb Әli (ə) və Peyğəmbərin (s) xanədanı barədə nalayiq sözlər deməyə başladı. Peyğəmbərin xanədanını yaxından tanıyan və onlara məhəbbət bəsləyən camaat çox narahat oldular, lakin bir söz deməyə cəsarət etmədilər.
Bu arada Imam Sadiq əleyhissalamın ayağa qalxıb buyurduğunun şahidi oldular. «Ay kişi, saydığın yaxşılıqlar bizə layiqdir, saydığın yamanlıqla sənlə Mənsura.» Sonra isə camaata sarı dönüb buyurdu: «Bilirsiniz qiyamət günündə kimlər hamıdan çox ziyan görəcək? Axirətini başqalarının dünyasına satanlar. Bu vali də belə adamdır.» Camaat sevinib imama afərin dedilər. Vali də utana-utana məsciddən çıxıb getdi.
IMAMIN ŞӘHADӘTI
Mənsur imamı özünə tərəf çəkməyə, ya təhdidlə onu sakit etməyə müvəffəq olmadığı üçün o həzrəti şəhid etmək qərarına gəldi. Nəhayət imam Cəfər Sadiq (ə) 148-ci hicri ilinin Şəvval ayının 25-də zəhrələnərək şəhid olundu və o həzrətin pak vücudu Mədinədə Bəqi qəbristanlığında dəfn edildi.
IMAMDAN QISA KӘLAMLAR
1. Qardaşının istəyini yerinə yetirmək üçün çalışan hər müsəlman Allah yolunda cihad edənlər kimidir.
2. Namazlarına diqqət etməyən kimsə qiyamət günündə şəfaətimizə nail olmayacaqdır.
3. Dünyanı sevmək və ona bağlılığın nəticəsi narahatlıq və kədərdir. Dünyada təqvalı və pak olmağın nəticəsi isə ruh və bədənin rahatlığıdır.
4. Güclülərin gücsüzlərdən intiqam alması nə qədər də pisdir.
5. Uşaqlarınızın sizin yaxşılıq etməsi üçün siz də atanıza yaxşılıq edin.
6. Allahdan istəyin ki, ruziniz xalqın əlində olmasın.
7. Xalqın arasında özündən daha alim bir nəfərin olmasına baxmayaraq xalqı özünə tərəf çağıran kimsə ağzındır.
8. Doğru olmayan zarafatlardan çəkinin. Çünki düşmənçiliyə və bir-birinzə kin bəsləməyə səbəb olar.
9. Münafiqin nişanələri üç şeydir: 1. Danışanda yalan deyər; 2. Verdiyi vədə vəfa etməz; 3. Әmanətdə xəyanət edər.
10. Başqalarına paxıllıq etməyin, çünki sizi Allahdan uzaqlaşdırar.
AŞAĞIDAKI SUALLARA CAVAB VERIN
1. Imam Səccad (ə) şəhid olanda Imam Sadiq əleyhissalamın neçə yaşı var idi?
2. Nəyə görə Imam Sadiq əleyhissalam bahalı paltar geyinirdi?
3. Nə üçün Imam Sadiq əleyhissalam da başqa adamlar kimi işləyirdi?
4. Həzrət bu barədə ona etiraz edənlərə nə deyirdi?
5. Imam pinəçilər bazarında öz köhnə dostu ilə olan dostluğunu niyə pozdu?
6. Niyə evindəki buğdanı satmağı xidmətçisinə əmr etdi?
7. Həzrət Mədinədə islami univerisiteti qurdu?
8. Şiə məzhəbi niyə Cəfəri məzhəbi adlanır?
9. Hansı Abbasi xəlifəsi dövründə imamın əshabla olan əlaqəsi çətinləşdi?