Əmanət
Əmanət
Allahın adı ilə
Müsəlmanlar cihada hazırlaşırdılar. Neçə gün olardı ki, harayçılar at belində küçə-küçə gəzir, gedəcəkləri günü adamlara bəyan edirdilər...
Hər axşam, namaz vaxtı Peyğəmbər (s)-ın arxasında namaza dayanan Mahmud da bu savaşda iştirak etmək, cihad savabı almaq məqsədi ilə atını, silahını hazırlayır, yol tədarükü görürdü. Təyin olunan gün Mahmud atının cilovundan çəkib, onun üçün ayrılmış cərgədə öz yerini tutdu.
Peyğəmbər (s) məscidin minbərində dayanıb, gələnlərə nəzarət edir, hər kəs öz yrində, atı və silahı da yanında dayanıb gözləyirdi.
Yola düşmək vaxtına az qalmışdı. Bu vaxt on iki-on üç yaşlarında bir oğlan uşağı qaça-qaça sıralanmış nizami ordunun içinə girdi. Bunu yuxarıda dayanıb, qoşunun düzülüşünə nəzarət edən Rəsulullah da görürdü. Həmin uşaq tələsə-tələsə cərgələrin arası ilə gəlib Mahmudun yanında dayandı.
Ata!-dili dolaşa-dolaşa, ağlaya-ağlaya dedi: qaynar su töküldü balaca Fatimənin ayaqları yandı!
Bunu eşitcək Mahmud əlini dizinə çırpıb ağlamsındı.
Bütün bunların hamısını Peyğəmbər (s) yuxarıdan görürdü. Odur ki, aşağı enib onların yanına gəldi.
Mahmud, qardaşım, hadisəmi baş verib? Deyə sual etdi.
Mahmud bir an dinə bilmədi. Handan-hana:
Körpə uşağın ayağı qaynar suda bişib! Dedi və ağladı.
Peyğəmbər (s) narahat-narahat:
Evdə kimsə yoxdurmu? Deyə soruşdu.
Mahmud başını qaldırıb onun üzünə baxdı.
Kim olacaq anaları çoxdan rəhmətə gedib, iki uşaqla biz tək qalmışıq!
Peyğəmbər (s) əlini uzadıb onun atının cilovundan tutdu:
Gəl dedi- bu halda davaya getməyin cayiz deyil!
Gəl!-Mahmud oranı tərk etdi. Ayrılarkən üzünü Peyğəmbər (s)-a tutub:
Mən də istərdim ki, cihadda iştirak edim, dinimizin yolunda əməyim olsun, qismət olmadı!
Get oğlum balalarının üstündə durmaq, onlara ata kimi sahib çıxmaq cihaddan da üstündür! Gedənlərimiz çoxdur, inşallah, bu dəfə də biz qalib olacağıq!
Mahmud ağlaya-ağlaya onları tərk etdi.
Onlar bir az aralanmışdılar ki, Mahmud səs eşidib, arxaya çevrildi. Dalınca tanımadığı bir nəfər adam atının cilovundan tutub onu izləyirdi. geyimindən və davranışından hiss olunurdu ki, cihada gedənlərdəndir.
Mahmud ayaq saxladı. Uşaq da bir əli atın cilovunda, təccüblə qonağa tamaşa edirdi.
Gələn adam ona çatan kimi:
Səlam-əleykum, qardaşım!-dedi və əlindəki bükülünü ona uzatdı-eşitdim ki, sən cihad müharıbəsinə gedəsi olmadın. Odur ki, bu əmanəti sənə etibar etmək qərarına gəldim. İnşallah qayıdaram gəlib götürərəm.
Bunu deyib, atına suvar olub, tərpənən qoşuna tərəf çapdı. O, bükülünü Mahmuda verən zaman, balaca Səlman onun sol qaşındakı çapığı gördü. Çapıq o qədər iri idi ki, qaşının arasında apaydın görsənirdi...
Romalılarla başlanan bu müharibə uzun çəkdi... Sonra neçə il də keçdi və bu keçən illərdə Səlman da böyüyüb həddi-buluğa çatdı. Mahmud xəstələndi və hiss elədi ki, bu xəstəlik deyəsən onun üçün zarafat eləmir. Odur ki, oğlu Səlmanı yanına çağırıb:
Oğlum, Səlman!-dedi, evimizin orta dirəyinin haçasında, kərənin altında bir əmanət var, sahibi qayıdıb gəlsə heç nə demədən qaytararsan özünə.
Bu sözdən-söhbətdən sonra Mahmud ömrünün qalan hissəsini uşaqlarına bağışlayıb, dünyasını dəyişdi...
İndi, məsciddə atasının yerində Səlman dayanırdı. Hər gün işdən sonra, axşam namazı vaxtı məscidə yön tutur, namazdan sonra ailəsinin yanına qayıdırdı.
Düz yeddi il sonra Səlman, bir axşam namazdan sonra peyğəmbər(s)-ı saxlayıb:
Ya rəsulullah,-dedi, Sənin məsləhətlərinə ehtiyacım var! Mənə bir məsləhət ver!
Eşidirəm, oğlum! Peyğəmbər (s) ayaq saxladı. Sonra, Səlman bu əmanət məsələsini olduğu kimi danışdı.
İndi mən nə edim, dedi,-bu əmanətin yiyəsindən də heç xəbər çıxmır!?
Səbirli olanları Allah sevər!-deyib, Peyğəmbər (s) yoluna davam elədi.
Daha bir yeddi il keçməsinə baxmayaraq əmanət sahibindən hələ də xəbər yox idi. Bu illər ərzində Səlman yeni ev, yeni həyət alıb, başqa yerə köçmüşdü. Çox fikirləşdikdən sonra həmin əmanətlə bazardan yeddi dəvə alıb, gətirdi. Elə bil ki, hər şey elə bu dəvələrin gəlişinə bənd imiş! Səlmanın varı ildən-ilə aşıb daşdı. O, daha şəhərdə adlı kişilərlə oturub-dururdu... gəliri artdıqca, var-dövləti çoxaldıqca, onun da səxavət əli açılır, kasıb adamlara kömək əlini uzadırdı...İndi onun qapısında qırx dəvədən ibarət bir karvan sıralanırdı!..
Bir payız axşamı necə oldusa, axşam namazından sonra bir az gecikib məsciddən hamıdan sonra çıxası oldu. Hiss elədi ki, içəridə kim isə var. Dönüb baxanda gördü ki, bir nəfər məscidin küncündə özünə yer rahatlayır. Ayaq saxlayıb diqqət kəsildi. Ancaq, tanımadı, qərib adama oxşayırdı. Səlman ona yaxınlaşıb:
Qardaşım,-dedi, əgər qalmağa yerin yoxdursa, mənə qonaq ola bilərsən. Çünki çox uzaqda yaşamırıq, bu yaxında, küçənin başında oluram! Qonaq da əvvəlcə bir az tərəddüd etdi, ancaq sonra razılaşdı.
Onlar evin həyətinə daxil olan kimi qulluqçu qabaqlarına çıxıb, xoşgəldin elədi. Hər ikisi əllərini yuyub, içəri, süfrə başına keçdilər. Yeməkdən sonra ortaya çay gəldi. Səlman da üzünü qonağa tutub:
Haralısan, dedi, kimsən, nə məqsədlə gəlmisən?
Qonaq əlindəki çay bardağını süfrəyə qoyub:
Mən də bu vilayətdənəm, ancaq, bir az uzaqda yaşayıram. Qonaq asta-asta danışmağa başladı.
Bura gəldim ki, özümə bir dəvə alım. Ailə üçün, dolanmaq üçün.
Bu yaşa gəlmisən, sənin dəvən olmayıb? Səlman soruşdu.
Qonaq bir az fikrə gedib dayandı. Səlmanın onu gözlədiyini hiss edib, yenidən sözə başladı.
Xeyir! Heç vaxt olmayıb! Bir dəfə istədim alım qismət olmadı. Qonaq sözünün dalını qısdı.
Səlman da hiss elədi ki, qonaq deyəcəyinin hamısını dilinə gətirmədi. Elə buna görə də maraq ona üstün gəldi.
Necə yəni qismət olmadı?
Qonaq onun üçün süzülmüş çaydan bir qurtum alıb, nəzərlərini süfrədən qaldırmadan:
Düz on beş il əvvəl, elə sən yaşda olardım,pul toplayıb yenə bura gəldim ki, dəvə alım Gördüm ki, hamı cihada hazırlaşır. Mən də özümə bir silah alıb, qarışdım onlara. O vaxt cibimdə yeddi dəvənin pulunu gətirmişdim. Müharibədən sağ dönəcəyimə ümidim az idi. Çünki, mən cihadda ikinci dəfə idi ki, iştirak edirdim. Cavan yaşımda iştirak etdiyim müharibədə yara almışdım.
Qonaq şəhadət barmağı ilə alnındakı çapığı Səlmana nişan verdi. ,Bu yaranı o vaxt almışam, dedi.Elə bunun üçündə həmin pulu əmanət olaraq bir nəfərə verdim ki, sağ-salamat geri dönsəm alaram. Ara uzandı Mən çox gecikdim. Həmin adam da rəhmətə gedib. Çox axtardım, dedilər ki, oğlu var imiş o da başqa yerə köçüb. Odur ki, onları tapa bilmədim. Ümidim hər yandan kəsildikdən sonra geri,öz yerimə qayıtdım. İndi bir az pul toplamışam, bu qərara gəlmişəm ki, özümə bir dəvə alım...
Amma,Səlman sevindiyindən onun dediyi sözlərin hamısını tam eşitmirdi. Nəzər-diqqəti qonağın sol qaşındakı çapıqda qalmışdı. Bu çapıqla olan əhvalat onu uşaqlıq illərinə aparmışdı...
Yolda, əlindəki bükülünü atasına verib çaparaq gedən adam o olduğu kimi gözü önünə gəlmişdi. Bu xəyal deyildi. İllərdi axtardığı, aradığı adam qarşısında oturmuşdu, qonağı idi.
Səlman yerindən qalxıb onu qucaqladı. Qonaq da əvvəlcə şaşqın-şaşqın ona baxırdı. Amma, Səlman hər şeyi ona izah edəndən sonra:
Şükür sənə, ey böyük Allah!-deyib Səlmana sarmaşdı.
Çox gözlədik! Səlman danışır, həm də sevincindən ağlayırdı. Bir xeyli beləcə söhbət edib, Tanrı dərgahına əl açdılar.
Adını bilmirdim, ünvanını bilmirdim şükür Tanrının varlığına ki, heç olmasa indisə gəlib çıxdın!
Səhər, günəş qarşı dağların o tərəfindən çıxan zaman Səlman öz qonağının qolundan tutub, səhranın ona aid olan yerinə apardı. Orada qatarlaşıb otlayan dəvələri ona nişan verdi.
Burada gördüyün nə qədər dəvə varsa, hamısı mənimdir. Bunları, atama əmanət verdiyin o pul ilə almışam. Əvvəlcə yeddi dəvə aldım, sonra artıb bu qədər oldu. İndi məsləhətim budur ki, nə var qardaş kimi yarı bölək! Əgər istəyirsənsə çoxunu sən götürə bilərsən.
Qonaq sevindiyindən eşitdiklərinə inana bilmirdi. Səlmandan aralanıb bir xeyli dəvələrin arasında dolaşdı, gəzdi, düşündü...
Sonradan-sonraya bir tərəfdə dayanıb onu gözləyən Səlmanın yanına gəldi. Üzünü ona tutub: Bu dəvələrdən –barmağı ilə ana dəvələri göstərdi-birini mənə satarsanmı?-dedi.
Qardaşım!-Səlman üzünü ona tutdu,-burada sənin payın mənimkindən çoxdur?-dedi,-nə qədər könlündən keçir, götür!
Buna mənim haqqım sən deyən qədər deyil!-Səlmana cavab verdi. Səhəri gün Səlmanın həyətindən bir dəvə karvanı çıxdı. Bu karvanda yeddi dəvə var idi...