QURAN TƏHRİF OLUNMAYIB QURAN TƏHRİF OLUNMAYIB
QURAN TƏHRİF OLUNMAYIB
QURAN TƏHRİF OLUNMAYIB MÜƏLLİF:
ŞEYX MƏHƏMMƏDCAVAD FAZİL LƏNKƏRANİ
TƏRCÜMƏ EDƏN:
MAQSUD SAYIL
ALLAHIN ADI İLƏ
ÖN SÖZ
ÖN SÖZ Sonuncu Peyğəmbərin (s) əbədi möcüzəsini, əzəli və əbədi həqiqətlər dolu geniş süfrəni, yaradılışın ən böyük əmanətini, yəni Quranı (böyük bir məsuliyyət olaraq) öhdəsinə götürmək ləyaqətini verdiyi üçün uca Tanrıya minnətdaram. Həqiqətən, insan kəraməti, onun mütləq kəramət sahibi tərəfindən nazil olması ilə reallaşmışdır. Bu sonsuz ümman öz alçaq-hündür dalğalarında ən böyük hidayət sirlərini və ən doğru səadət yollarını gizləmişdir. Bu, daim bəşər yoluna işıq saçan hidayət çırağıdır. Bu, əbədi nur, bütün hallarda rəhbər və hər an zikrdir. Bu, elə bir kitabdır ki, Allah onun əbədi qorunacağını vəd etmişdir və o, öz vədinə daim vəfadardır. أَلاَ إِنَّ وَعْدَ اللّهِ حَقٌّ﴾ ﴿ “Xəbəriniz olsun ki, Allahın vədi haqdır”.
Bu kiçik topluda diqqətinizə çatdırılanlar Quranın təhrif olunmadığı haqqında ən mühüm məqamlardır. Bu mövzu Quran elmlərində əsaslı məsələlərdən biridir. Təhrif mövzusunun əhatəli və ətraflı araşdırılması bu kitab üzərində araşdırmalar aparan tədqiqatçıların üzərinə düşür. Əslinə qalsa, təhrif nəzəriyyəsini islam məzhəblərinə aid etməkdə ifrata varılmışdır. Belə ki, etiqadlarının özülünü təhrif nəzəriyyəsinin inkarı təşkil edən bir məzhəbin təhrifə əqidə bəsləməsini söyləmişlər. Biz bu məsələnin müxtəlif cəhətlərini araşdırmaqla yanaşı sübuta yetirəcəyik ki, Şiə məzhəbi nəinki təhrif nəzəriyyəsini qəbul etmir, prinsipcə qəbul edə də bilməz. Çünki bu müddəa qəbul edildiyi təqdirdə, Şiə əqidəsinin əsasları aradan gedəcəkdir. Gəlin, böyük elm adamlarının, görkəmli şəxsiyyətlərin iştirakı ilə keçirilən bu konfransda birgə bəyanat verək və bununla bütün dinlərə, məzhəblərə və millətlərə Quranın Peyğəmbər (s) dönəmindən bu günədək təhrif olunmadığını və qiyamətə qədər də olunmayacağını elan edək. Biz bu məsələni, Quranin bu günə qədər təhrif olunmadığı şəklində qoymuruq. Əksinə, biz iddia edirik ki, bu müqəddəs kitabın təhrif olunmayacağı Allahın qəti iradəsidir. Belə ki, heç bir şəxs və ya qrup bu kitabı təhrif etmək iqtidarında deyil. Bu əbədi möcüzə əsrlər boyu ona düşmən kəsilmiş yağıları mübarizəyə çağıraraq özünü təhrifdən qorumuşdur. Biz bu yazımızda təhriflə bağlı bütün məsələləri təfərrüatı ilə, geniş şəkildə araşdırmaq əzmində deyilik. Çünki bu tədqiq yalnız cildlərlə kitaba sığa bilər. Burada qarşıya qoyduğumuz məqsəd, təhrif məsələsini aydınlaşdırmaq üçün bir neçə mühüm məqamı qısa şəkildə araşdırmaqdır.
BİRİNCİ MƏQAM
BİRİNCİ MƏQAM
“TƏHRİF” TERMİNİNİN TƏDQİQİ
“TƏHRİF” TERMİNİNİN TƏDQİQİ “Təhrif” termini ərəb dilində “təfil” modelinin məsdəri olub, etimoloji baxımdan “hərf” sozü ilə əlaqədardır. “Hərf” sözü lüğətdə bu və ya digər əşyanın kənarı, ucu mənasını, təhrif sözü isə bu və ya digər əşyanın kənarlaşdırılması, tərəflərinin dəyişdirilməsi mənalarını ifadə edir. Allah-təala Quranda buyurur:
وَمِنَ النَّاسِ مَن يَعْبُدُ اللَّهَ عَلَى حَرْفٍ﴾ ﴿
“İnsanlardan eləsi də vardır ki, Allaha birtərəfli ibadət edirlər”.
Bu kimi şəxslər imanı zəif olan insanlardır. Belələri döyüş zamanı uzaqda dayanıb tamaşa edən insanlara bənzəyirlər. Hansı ki, qoşun qələbə çaldıqda yaxına gələr, qənimət yığar, əks təqdirdə isə qaçaraq aradan çıxarlar. Bu termin hərfi məna etibarı ilə mütləq şəkildə dəyişdirilmək mənasını kəsb edir. Elə buna görə də təhrif termininin ilkin mənasının “Ləfzi təhrif” (sözdə təhrif, sözlərin dəyişdirilməsi yolu ilə baş verən təhrif) olduğunu iddia etmək heç də əsassız deyil. Lakin Quranda müxtəlif dəlillər olduğu üçün ikinci mənada – “Mənəvi təhrif” (mənada təhrif, mənanın dəyişdirilməsi yolu ilə baş verən təhrif) mənasında işlədilmişdir. Belə ki, yəhudi alimlərini məzəmmət edərək buyurur: مِنَ الَّذِينَ هَادُواْ يُحَرِّفُونَ الْكَلِمَ عَن مَّوَاضِعِه﴾ ﴿
“Yəhudilərin bir qismi (Tövratdakı) sözlərin mənasını dəyişərək ilahi məqsədlərdən yayındırır və ilkin zahiri (ibtidai) mənalarına yozmurdular”.
Bu ayədə “عَن مَّوَاضِعِهِ” (ən məvazihi) qeydinin gətirilməsi təhrifdə məqsədin “mənəvi təhrif” olduğuna aydın sübutdur. Məhz elə buna görə də Rağib İsfahani “təhrifül-kəlam” sözünü izah edərkən yazır: “Sözü təhrif etmək, onu ehtimal oluna biləcək iki mənadan birinə yozmaqdır”.
Təbii ki, Rağib İsfahani bu sözü təhrif termininin hərfi mənasını açıqlamaq məqsədi ilə deməmişdir. Əksinə, o, “təhrifül-kəlam” dedikdə Quranda buyurulan mənəvi təhrifi (mənanın dəyişdirilməsi yolu ilə baş verən təhrifi) nəzərdə tutmuşdur. Fəxr Razi məlum ayəni şərh edərkən bir çox versiyaları qeyd etmiş və onların bəzisinin ləfzi təhriflə (sözlərin dəyişdirilməsi yolu ilə baş verən təhriflə) uyğun gəldiyini bildirmiş, lakin sonda nəticə alaraq düzgün versiyanin mənəvi təhrif olması fikri üzərində dayanmışdır. O yazır: “Təhrifdə məqsəd bid`ətçilər kimi yanlış ehtimallar verərək şübhə toxumu səpmək, sözü müxtəlif ləfzi hiylələrlə düzgün mənaya deyil, tamamilə əks mənaya yozmaqdır.
İKİNCİ MƏQAM
İKİNCİ MƏQAM
TƏHRİF SÖZÜNÜN İŞLƏK MƏNA VƏ NÖVLƏRİ
TƏHRİF SÖZÜNÜN İŞLƏK MƏNA VƏ NÖVLƏRİ Ayətullah Xoyi kimi görkəmli tədqiqatçı alimlərin əsərlərində təhrif sözünün bir səs tərkibinə malik olmasına baxmayaraq, altı (bir-birinə yaxın) müxtəlif məna kəsb etdiyi iddia edilmişdir. Bu altı mənanın ifadə etdiyi altı növ təhrifin bir neçəsi müsəlmanların yekdil rəyinə görə Quranda olmuş, bir neçəsi həmin rəyə əsasən olmamış, bir neçəsinin olub-olmamasında isə fikir ayrılığı mövcuddur. Biz burada, öncə Mərhum Ayətullah Xoyinin təhrif termininin mənaları haqqındakı görüşlərini olduğu kimi qeyd edəcək, sonra isə araşdıracağıq.
Birinci məna: Burada təhrif bir şeyin öz yerləşdiyi yerinin və aid olduğu mənasının dəyişdirilməsi mənasını ifadə edir. Aşağıda qeyd olunan ayə həmin mənanın bariz nümunəsidir.
منَ الَّذِينَ هَادُواْ يُحَرِّفُونَ الْكَلِمَ عَن مَّوَاضِعِهِ﴾ ﴿
“Yəhudilərin bir qismi (Tövratdakı) sözlərin mənasını dəyişərək ilahi məqsədlərdən yayındırır və ilkin zahiri (ibtidai) mənalarına yozmurdular”.
Təhrifin bu növü “mənəvi təhrif” (mənanın dəyişdirilməsi yolu ilə olunan təhrif), yaxud da “şəxsi rəyə əsaslanan təfsir” ifadələri ilə yad edilir.
Müsəlmanlar Quranın bu şəkildə təhrif olunmasında həmfikirdirlər. Çünki, Quranı olduğu kimi təfsir etməyənlər, həqiqi mənasından yayındıranlar, onu öz nəfsani meyllərinə və şəxsi fikirlərinə uyğun olaraq təhrif etmiş olurlar. Əhli-beytdən (ə) nəql olunan çoxsaylı rəvayətlərdə bu növ təhrif məzəmmət olunmuşdur. İmam Baqir (ə) Sədul-Xeyrə ünvanladığı bir məktubda buyurur: وَ کانَ مِنْ نَبْذِهم الکِتاب أَنْ أقامُوا حُرُوفَه وَ حَرَّفُوا حُدُودَهُ ، فَهُمْ يَروونَهُ وَ لا يَرْعَوْنَهُ
İkinci məna: Burada təhrif, Quranın bir küll şəklində qorunması ilə yanaşı hər hansı bir hərfinin və ya əlamətinin azaldılıb, yaxud çoxaldılmasına deyilir. Quranda bu növ təhrifin də olması öz təsdiqini tapmışdır. Çünki, Qiraət elmi ilə əlaqədar yazılmış kitablarda sübut və qəbul edilmişdir ki, mövcud qiraətlərin heç biri “mütəvatir” deyil. Mütəvatir olmadığına görə də bu qiraətlərin yalnız biri həqiqi Quranla uyğundur. Digər qiraətlər isə Quranda ya artıma, ya da əskilməyə səbəb olur. Üçüncü məna: Bu mənada da Quran bir küll şəklində qorunur. Amma buna baxmayaraq, bir və ya bir neçə söz artırılıb, yaxud azaldılmış olur. Quranın, İslamin erkən çağlarında və səhabələrin zamanında bu şəkildə təhrif olunması inkarolunmazdır. Lakin bu növ təhrifə qarşı mübarizə aparılmış və qarşısı alınmışdır. Buna sübut müsəlmanların bu məsələdə həmfikir olmalarıdır. Tarixi dəlillərə görə, Osman Quranın müxtəlif fərqli nüsxələrini bir yerə toplayıb yandıraraq, öz məmurlarına belə bir tapşırıq verdi ki, Quranın onun nüsxəsindən fərqli olan bütün nüsxələri toplanıb yandırılmalıdır. Bütün bunlar göstərir ki, digər mövcud nüsxələrin Osmanın nüsxəsi ilə fərqləri olmuşdur (Bir çox alimlər, o cümlədən Əbu Davud Səcistani “Əl-Məsahif” əsərində bu fərqləri bir yerə toplamışdır). Nəticə etibarilə Osmanın vasitəsilə yandırılan nüsxələr təhrif olunmuşdur. Amma, onun bir yerə toplayaraq yaydığı nüsxə isə nəsildən-nəslə keçərək bu gün müsəlmanlara çatmış Qurandır. Elə buna görə də qəbul etməliyik ki, Osmandan öncəki nüsxələr təhrif olunmuş, Osmanın nüsxəsinə əsaslanan bugünkü Quran isə təhrif təhlükəsindən amanda qalmışdır. Dördüncü məna: Bu mənada Qurana bir ayə artırılıb, yaxud azaldılıb, amma nazil olunmuş Quran (bir küll şəklində) qorunur.
Bu mənada yalnız بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ ﴾ ﴿ (Bismillahir-Rəhmanir-Rəhim) ayəsinin Qurana artırılması və Peyğəmbərin (s) bu ayəni hər surənin əvvəlində oxuduğu musəlmanlar tərəfindən yekdilliklə qəbul edilir. Bundan başqa Quranın heç bir hissəsi bu şəkildə təhrif olunmamışdır. Bu məsələdə Əhli-sünnə alimləri arasında fikir ayrılığı mövcuddur. Belə ki, bəziləri onu Quranın bir hissəsi kimi qəbul edir, bəziləri isə bu şəkildə qəbul etmirlər. Lakin şiə alimləri sözügedən ayənin mütləq Qurandan və “Tövbə” surəsini çıxmaq şərtilə hər bir surənin ayrılmaz hissəsi olduğunu qəbul edirlər. Beşinci məna: Qurana əlavələr olunması vasitəsi ilə olunan təhrif. Bu mənada bugünkü mövcud Quran Peyğəmbərə (s) nazil olunan əsl Quran deyil. Ümumiyyətlə, islamda iki cərəyan Quranın bu şəkildə, yəni ona əlavələr olunaraq təhrif olunduğunun tərəfdarıdır. Bu iki cərəyan aşağıdakılardır: 1. Əcaridə: Xəvaric cərəyanının öndərlərindən hesab olunan Əbdülkərim ibn Əcaridin ardıcıllarına verilən ad. Bu cərəyanın tərəfdarları “Yusif” surəsinin Qurandan olmadığını iddia edirlər. 2. İbn Məsuda aid edilən fikir. O, Quranın son iki surəsinin Qurandan olmadığını iddia edirmiş.
Yuxarıda qeyd olunan iki cərəyanı çıxmaq şərtilə qalan bütun müsəlmanlar bu fikrin yanlışlığı və Quranın bu şəkildə təhrif olunmadığı fikrindədirlər.
Altıncı məna: Qurandan çıxarışlar vasitəsilə olunan təhrif. Bu mənada Peyğəmbərə (s) nazil olunan bəzi ayələr bugünkü mövcud Quranda yoxdur. Quranın bu şəkildə təhrif olunub, yaxud olunmaması böyük fikir ayrılığına səbəb olmuşdur. Yuxarıda qeyd olunanların nəticəsi olaraq demək lazımdır ki, təhrifin sözügedən altı mənasının ilk dördünün Quranda heç bir şəkildə baş vermədiyi məlumdur. Beşinci məna da yekdil rəyə görə baş verməmiş, altıncı mənada isə fikir ayrılığı mövcuddur. Fikrimizcə, görkəmli tədqiqatçı alim mərhum Ayətullah Xoyinin bu açıqlamasında iki irad özünü tam aydınlığı ilə göstərməkdədir. Bu iradlara nəzər salaq:
Birinci irad: Tədqiqin tələbinə görə, qeyd olunan mənalar təhrif sözünün ifadə etdiyi mənalar deyil. Təhrifin yalnız bir mənası mövcuddur. Yəni birinci mənada qeyd olunduğu kimi, təhrif bu və ya digər əşyanın öz yerləşdiyi yerinin və ya aid olduğu mənasının dəyişdirilməsi mənasını ifadə edir. Sözügedən digər mənalar isə sadəcə olaraq, bu mənanın nümunələridir. Başqa sözlə desək, qeyd olunan bütün mənalarda nəyinsə yerləşdiyi yerinin, yaxud da aid olduğu mənasının dəyişdirilməsi anlayışı müxtəlif çalarlarla öz əksini tapmışdır. Lakin, bu dəyişiklik ya mənalarda baş verir, hansı ki, ona “mənəvi təhrif” deyilir, ya da sözdə baş verir. İkinci qisim özü də ya “təfsili” şəkildə (ətraflı, əhatəli bilik şəklində), ya da “icmali” şəkildə (ümumi bilik şəklində) olur. Başqa sözlə desək, hər hansı bir söz və ya ayə müəyyən şəkildə, ya da ümumi olaraq artırılır, yaxud azaldılır (yəni artırılıb-azaldıldığı məlumdur, amma konkret olaraq, hansı ayə və ya surədə olduğu məlum deyil). Deməli, görkəmli alim və tədqiqatçı Ayətullah Xoyinin açıqlamalarında qeyd olunanlar təhrif sözünün bir çoxmənalı söz kimi aid olduğu mənalar deyil, sadəcə olaraq, nümunələridir. İkinci irad: Bu bölgü təhrifin bütün qisimlərinin yanlış olması zərurətini meydana çıxarır. Əks təqdirdə, məlum bölgüyə daxil olarlarsa, bu ayənin ﴾ لَا يَأْتِيهِ الْبَاطِلُ مِن بَيْنِ يَدَيْهِ ﴿ aidiyyatından xaric olarlar. Çünki ayənin ilkin mənası Quranda heç bir yanlışlığın olmadığını göstərir. Məhz elə buna görə də təhrifin müsəlmanların yekdil rəyinə əsasən Quranda baş verdiyini iddia etdiyi qismini inkar etməlidir. Əlbəttə, bunun mənəvi təhrifdə mümkün olmadığı nəzərə çarpır. Təhrif termininin müxtəlif mənalarını aydınlaşdırdıqdan sonra onun növlərinə nəzər salaq:
Mütəxəssislərin rəyincə təhrifin altı növü mövcuddur. 1. Ləfzdə (sözdə) təhrif: Bu növ təhrifdə məqsəd sözlərin artırılıb-azaldılması, yerlərinin dəyişdirilməsidir.
2. Mənada təhrif: Bu növ təhrifdə məqsəd mənanı heç bir aidiyyatı olmayan yanlış mənaya yozmaqdır. Təhrifin bu növünə “şəxsi rəyə əsaslanan təfsir” də deyilir. Hansı ki, rəvayətlərdə kəskin şəkildə məzəmmət olunmuşdur. Peyğəmbər (s) bu barədə buyurur: “Quranı öz şəxsi rəyinə əsaslanaraq təfsir edən kimsə, özünə oddan yer hazırlamışdır”.
3. Yerdəyişmə yolu ilə olunan təhrif: Bu növ təhrifdə məqsəd, bu və ya digər ayənin, yaxud surənin nazil olduğu ardıcıllığa əks şəkildə qeyd olunmasıdır. Təhrifin bu növü nadir hallarda baş vermişdir. Belə ki, bütün ayələr nazil olunduğu ardıcıllıqla qeydə alınmışdır. Surələrə gəldikdə isə, onların hamısının Peyğəmbərin (s) göstərişi ilə həmin ardıcıllığa əks şəkildə qeydə alındığını iddia etmək olar.
4. Qiraətdə (oxunuşda) təhrif: Bu növ təhrifdə məqsəd, Quranın bu və ya digər sözünü müsəlmanların yekdilliklə qəbul etdikləri qiraətə uyğun olmayan şəkildə oxumaqdır. Bir çox qarilərin qiraət zamanı etdikləri dəyişiklikləri buna misal göstərmək olar.
5. Ləhcədə təhrif: Müxtəlif qəbilələr arasındakı ləhcə fərqləri ayələri öz ləhcələrinə uyğun şəkildə oxumalarına səbəb olur.
6. Ayrı-ayrı sözlərin digər sinonimləri ilə, yaxud başqa sözlərlə əvəz olunması yolu ilə olunan təhrif: Artıq məlum olduğu kimi təhrifin bu növündə məqsəd, bu və ya digər sözün başqa sözlə əvəz olunmasıdır. İstər bu sözlər sinonim olsun, istərsə də sinonim olmasın. İbn Məsud bu növ təhrifi sinonimlərdə düzgün hesab edir. Onun rəyinə görə, Quranda “عليم” ( Əlim) ifadəsini “حكيم” (Həkim) ifadəsi ilə dəyişmək olar.
ÜÇÜNCÜ MƏQAM
ÜÇÜNCÜ MƏQAM
“İCMALİ” VƏ “TƏFSİLİ” TƏHRİF
“İCMALİ” VƏ “TƏFSİLİ” TƏHRİF Öncə qeyd etdiyimiz kimi, təhrif (digər bir bölgüyə görə) “icmali”, yaxud da “təfsili”dir.
Burada bizim mübahisə obyektimizə daxil olacaq qisim “Təfsili” təhrifdir. Başqa sözlə desək, biz burada Quranda baş vermiş konkret artım və ya azalma haqqında söhbət açacağıq. Lakin “İcmali” təhrif, yəni Quaranda ümumi şəkildə artim, yaxud azalma baş verməsi (belə ki, təhrif baş verdiyini bilir, lakin bunun konkret olaraq hansı ayə və ya surədə olduğunu bilmirik) bizim mübahisə obyektimizdən xaricdir. Misal üçün qiraətlərdə mövcud fərqləri, بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ ﴾ ﴿ (Bismillahir-Rəhmanir-Rəhim) ayəsinin Qurandan olub-olmamasını və s. göstərmək olar. Çünki bizim söhbət açdığımız təhrif istər azaldılma yolu ilə olsun, istərsə də çoxaldılma yolu ilə, hər iki halda Allahın sözü ilə müvafiq deyil. Amma qiraətlər isə fərqli olmalarına baxmayaraq, birinin Allah kəlamı ilə müvafiq olmasına şübhə yoxdur. بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ ﴾ ﴿ (Bismillahir-Rəhmanir-Rəhim) ayəsinə gəldikdə isə, şübhəsiz ki, Peyğəmbər (s) onu hər surənin əvvəlində oxumuşdur. Fikir ayrılığı yalnız onun xırdalıqlarındadır. Xırdalığa varanlar əsl Quranın məhz belə olduğu qənaətindədirlər, xırdalığa varmayanlar isə, əsl Quranın bu ayəsız olduğu fikri üzərində dayanırlar. Nəticə etibarilə bu iki düşüncənin daşıyıcılarının heç biri öz versiyalarının əsl Qurana zidd olduğunu (yəni əsl Qurana əlavə nə isə artırılıb, yaxud azaldılmasını) güman etmirlər. Belə ki, hər iki versiyanın tərəfdarları Qurana ilahi vəhydən başqa bəşər sözünün daxil olmadığını yekdilliklə qəbul edirlər. Qiraətlərin fərqliliyi də bu qəbildəndir. Demək, “icmali” təhrifin nümunələri hər hansı bir şəxsin həqiqi sözü, yaxud qiraəti olmadığına baxmayaraq, bizim mübahisə obyektimiz xaricindədir. Bizim mübahisə obyektimiz olan təhrif əsl Qurana nəyinsə artırılması və yaxud da azaldılmasıdır.
DÖRDÜNCÜ MƏQAM
DÖRDÜNCÜ MƏQAM
“XƏBƏRİ-VAHİD”İN TƏHRİFİN SÜBUTU ÜÇÜN YETƏRSİZLİYİ
“XƏBƏRİ-VAHİD”İN TƏHRİFİN SÜBUTU ÜÇÜN YETƏRSİZLİYİ Bu və ya digər ayənin Qurandan olduğunu iddia etmək üçün kəskin elmi dəlilə ehtiyac var. Hər hansı bir ayənin Qurandan olduğunun isbatı üçün “Xəbəri-vahid”in yetərli olmadığı kimi, təhrifin isbatı üçün də yetərli deyil. Təhrif nəzəriyyəsini dəstəkləyənlər öz müddəalarının isbatı üşün kəskin, yetərli elmi dəlillər göstərməlidirlər. Başqa sözlə desək, etiqadla bağlı məsələlərin isbatı üçün “xəbəri-vahid” və bu kimi sırf gümana əsaslanan dəlilləri yetərli bilmədiyimiz kimi, ən mühüm dəlil olan Quranı da heç bir şəkildə “xəbəri-vahid”lə qəbul edib, yaxud etməmək olmaz. Məhz elə buna əsaslanan Şeyx Tusi “Tibyan” adlı təfsir kitabının müqəddiməsində yazır: “Quranın təhrifini iddia edən rəvayətlər bütünlüklə “xəbəri-vahid”dirlər. “Xəbəri-vahid” tam elmi dəlil olmadığı üçün təhrif məsələsində də yetərli sayılmır”. Şeyx Tusinin məqsədi, bu məsələnin tam yəqin edilməsi şərt olan məsələlərdən olmasıdır.
BEŞİNCİ MƏQAM
BEŞİNCİ MƏQAM
BÖYÜK ŞİƏ ALİMLƏRİNİN QURANIN TƏHRİF OLUNMASI BARƏSİNDƏ FİKİRLƏRİ
BÖYÜK ŞİƏ ALİMLƏRİNİN QURANIN TƏHRİF OLUNMASI BARƏSİNDƏ FİKİRLƏRİ Böyük şiə alimləri Quranın təhrif olunmadığı qənaətindədirlər. Belə ki, onlar hazırkı Quranın heç bir artım və ya azalma baş vermədən Peyğəmbərə (s) nazil olunan Quran olduğunu qəbul edirlər. Burada şiə məzhəbinin dayaqları və qələmə aldıqları əsərlər bu məzhəbin əqidəsi hesab olunan bir neçə alimin görüşlərini qısa şəkildə diqqətinizə çatdıracağıq. Lakin oncə iki məsələyə diqqət yetirməyi zəruri hesab edirik. 1.Bir çox Quran elmləri ilə bağlı kitablarda Quranın təhrif olunması nəzəriyyəsini Əhli-sünnənin “Həşviyyə” qoluna aid etdikləri kimi, Şiə məzhəbinin də “Əxbari” qoluna aid etdikləri nəzərə çarpır. Nəzərə almaq lazımdır ki, “Vəsailüş-Şiə” kitabının müəllifi, Şeyx Hürr Amili kimi bir çox əxbari alimlər Quranın təhrif olunmadığı fikrində olmuş, hətta bu haqda elmi əsər belə yazmışlar. Deməli, əxbari olmaq heç də Quranın təhrif olunması qənaətində olmaq deyil. 2.Şübhəsiz ki, şiə alimləri Qurana nəyinsə artırılması yolu ilə təhrif olunmaması haqqında yekdil rəyə malikdirlər. Lakin azaldılma yolu ilə təhrif olunmaması barəsində isə Müqəddəs Bağdadi (Vafiyə kitabının izahinda), görkəmli şiə mərcəi-təqlidi Şeyx Cəfər Kaşiful-ğita (Kaşiful-ğita əsərində) kimi dahilər eyni yekdil rəyin olduğunu iddia etmişlər. Elə buna görə də böyük şiə alimlərinin əsərlərində Quranın mütləq şəkildə, istər artırma, istərsə də azaltma yolu ilə təhrif olunmaması barəsində yekdil rəyin mövcudluğunun iddia olunduğunu iddia etmək olar. İndi isə görkəmli şiə alimlərinin görüşlərinə nəzər salaq:
1.Hicrətin üçüncü əsrində böyük şiə tədqiqatçılarından olmuş Fəzl ibn Şazan “İzah” əsərində Quran ayələrinin azaldılma yolu ilə təhrif olunduğunu inkar edərək, təhrif barəsində mövcud olan rəvayətlərin nəql olunmasının digər firqələrə aid olduğunu bildirmişdir. 2.Hicrətin dördüncü əsrində şiə aləminin elmi simalarından olan, Şeyx Səduq kimi tanınan İbn Cəfər Məhəmməd ibn Əli ibn Babəveyh Qumi “Etiqadlar” adlı elmi əsərində yazır: “Bizim Quran haqqında əqidəmiz belədir:
Hazırkı Quran eynilə Peyğəmbərə (s) nazil olan Qurandır. Ona heç bir şey artırılmamışdır. Kimsə bizi hazırkı Quranın azaldılmasına əqidə bəsləməkdə ittiham etsə, yalançıdır”. 3.Dahi şiə fəqihi Seyid Mürtəza Ələmül-huda kimi tanınan Əli ibn Hüseyn Musəvi “Tərablosiyyat” məsələlərinin cavabında yazır: “Quranın təhrif olunmadığını bilmək, şəhərləri tanımaq, məşhur tarixi olayların həqiqətəuyğunluğunu bilmək kimi bir şeydir. Onların həqiqətəuyğunluğunu tam əminliklə bildiyimiz kimi, Quranın təhrif olunmadığına da qəti şəkildə əminik. Çünki müsəlmanlar Quranın qorunmasına daim hədsiz səy göstərmişlər. Quran Peyğəmbər (s) dönəmində tam şəkildə tənzimlənmişdir. Belə ki, o həzrət Quranın qorunması üçün Übəy ibn K`əb və digər bir neçə nəfərdən ibarət heyət yaratdı və Quranı dəfələrlə tam şəkildə onlar üçün oxudu”. Seyid Mürtəza sözünə davam edərək yazir:
“Şiələrdən və ya Əhli-sünnənin “Hışviyyə” qolundan bu fikirlə razılaşmayıb ona qarşı çıxanlarla razılaşmaq olmaz. Çünki onların dəlil kimi göstərdikləri, bir neçə səhih (düzgün) hesab etdikləri zəif rəvayətdir. 4.Şeyxut-taifə Əbu Cəfər Məhəmməd ibn Həsən Tusi bu haqda yazır:
“Quran kimi dəyərli bir kitabın azaldılıb-çoxaldılmasından söhbət etmək bu kitaba hörmətsizlikdir. Çünki ona bir şeyin artırılmadığı haqda yekdil rəy mövcuddur. Bir şeyin azaldılmasını da müsəlman məzhəbləri qəbul etmirlər. Bu, ilk növbədə şiə alimlərinin fikirləri və səhih (düzgün) rəvayətlərin məzmunu ilə üst-üstə düşür. Qurandan bir neçə ayənin çıxarıldığını göstərən şiə və əhli-sünnə rəvayətləri “xəbəri-vahid” olduğu üçün onlara əsaslanıb əmin ola bilmərik. Buna görə də onlara əsaslanmaq düzgün deyil”. 5.Böyük təfsirçı alim “Məcməul-bəyan” əsərinin müəllifi Əbu Əli Fəzl ibn Həsən Təbərsi öz təfsirinin müqəddiməsində yazır: “Qurana bu və ya digər ayənin artırılması şiələrin yekdil rəyinə görə düzgün deyil. Hər hansı bir ayənin azaldılmasını isə şiələrin bir neçəsi və Əhli-sünnənin “Həşviyyə” qolu nəql etmişdir. Lakin şiələr bunun əksini qəbul edirlər. 6.Seyid ibn Tavus yazır:
“Şiə məzhəbi Quranın təhrif olunmadığı qənaətindədir”. Digər bir yerdə yazır:
“Hazırkı Quranın Peyğəmbərə (s) nazil olunan Quran olduğuna, o həzrətin Quranı bir yerə toplamasına inandıqları bir halda, mədinəlilərlə məkkəlilərin, kufəlilərlə bəsrəlilərin fikir ayrılıqlarından danışanlara, “بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ ﴾ ﴿ (Bismillahir-Rəhmanir-Rəhim) ayəsi Quranın bir hissəsidir, amma surədən deyil” - deyə fikirləşənlərə təəccüb edirəm. Təəccüblüdür ki, əqlin və şəriətin təsdiq etdiyi kimi Quran mütləq şəkildə təhrif olunmayıbsa, belə bir fikri necə irəli sürürlər”. 7.Molla Möhsün Feyz Kaşani yazır:
“Təhrifi təsdiqləyən hədislər Allahın kitabı ilə ziddiyyət təşkil edir. Bu kimi hədislər ya rədd edilərək kənara qoyulmalı, ya da yozulmalıdır”. 8.Şeyx Tusi kimi tanınan Məhəmməd Bəhauddin Amuli Quran haqqında yazır:
“Düzgün fikir Quranın mütləq şəkildə təhrif olunmamasıdır. Xalq arasında dillərə düşmüş, Əlinin (ə) adının bəzi ayələrdən çıxarılması, misal üçün, guya, ﴾ يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ ﴿ ayəsinin əslində في علي ﴾ يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ ﴿ olması fikrini şiə alimləri qəbul etmirlər”. 9.“Vəsailüş-şiə” kimi mühüm bir hədis kitabının müəllifi Şeyx Məhəmməd ibn Həsən Hürr Amuli Quranın təhrif olunmadığını sübuta yetirmək məqsədi ilə qələmə aldığı elmi əsərdə yazır: “Tarixi və məsum imamlardan (ə) nəql olunan rəvayətləri dəqiq araşdıran hər bir şəxs Quranın minlərlə səhabə tərəfindən təsdiqləndiyinə və Peyğəmbər (s) dönəmində tam şəkildə toplanaraq tərtib edildiyinə əmin olar”. 10. Nadir şiə fəqihlərindən olan Şeyx Cəfər Kaşifül-ğita dəyərli “Kaşifül-ğita” əsərində yazır:
“Müsəlmanların yekdil rəyinə, din və məzhəb prinsiplərinə görə, Qurana bir şey əlavə edilməmiş, Quranın öz buyuruğuna və bütün alimlərin yekdil rəyinə görə, ondan heç bir şey çıxarılmamışdır. Bu məsələdə qarşı tərəfin nadir versiyasına əsaslanmaq olmaz”. Bütün bunlar böyük şiə alimlərinin görüşlərindən nümunələrdir. Onlardan yadigar qalmış yazılı əsərlərdən aydın görünür ki, Quranın təhrif olunması versiyası yanlış versiyadır. Belə ki, bu versiyanın yanlışlığı özlüyündə aydın olan, təkzibedilməz müddəadır. Bir neçə nəfərin öz kitabında zəif rəvayətlərə yer verməsi bütöv bir məzhəbin əqidəsini təmsil edə bilməz. Belə olan halda, təhrif nəzəriyyəsini şiə alimlərinə necə aid etmək olar? Bu ittiham haramlığı aydın olan iftira deyilmi? Öz etiqadını, həmişəyaşar fikirlərini Qurandan alan bir topluma bu kimi iftiranı necə yaxmaq olar?
ALTINCI MƏQAM
ALTINCI MƏQAM
QURAN VƏ DİGƏR SƏMAVİ KİTABLARIN FƏRQİ
QURAN VƏ DİGƏR SƏMAVİ KİTABLARIN FƏRQİ Qarşılaşdığımız mühüm məsələlərdən biri Quran və digər səmavi kitabların fərqi məsələsidir. Nə üçün Quranın təhrif olunmadığını iddia edirik? Bir halda ki, digər səmavi kitabların təhrif olunması sübuta yetmış müddəalardandır. Belə ki, bir çoxları bunu Quranın da təhrif olunduğuna sübut kimi göstərirlər. Çünki bir tərəfdən Qurandan öncəki səmavi kitabların təhrif olunması təkzibedilməzdir, digər tərəfdən isə şiə və əhli-sünnənin qəbul etdiyi “mütəvatir” hədisdə deyilir: “Keçmiş ümmətlərin başına gələnlər bu ümmətin də başına gəlməlidir”. Deməli, Quranın da təhrif olunması qaçılmazdır. Bu kimi rəvayətlərin tədqiqi və cavabı təhrif nəzəriyyəsini qəbul edənlərin iradlarına cavab verərkən verilməlidir.
Burada aydınlıq gətirmək istədiyimiz məsələ Quranla digər səmavi kitabların fərqidir. Bir çoxları deyirlər: Keçmiş kitablarda baş vermiş təhrif “Mənəvi təhrif” və ya şəxsi fikirlərlə olunan təfsir şəklində olmuşdur. Quran keçmiş ümmətlərin kitablarında bu növ təhrifin baş verdiyini təsdiqləyir, lakin azaldılıb çoxaldılması haqqında bir söz demir. Bundan başqa, rəvayətlərdə, alimlərin əsərlərində məlum kitabların azaldılıb-çoxaldılmasını təsdiq edəcək hər hansı bir dəlil yoxdur. Quran Tövrat, İncil və nazil olunmuş digər kitabların dövrün alimləri tərəfindən qorunub saxlanılmadığını vurğulayaraq buyurur: مِّن رَّبِّهِمْ لأكَلُواْ مِن فَوْقِهِمْ وَمِن تَحْتِ أَرْجُلِهِم ﴾ َوَلَوْ أَنَّهُمْ أَقَامُواْ التَّوْرَاةَ وَالإِنجِيلَ وَمَا أُنزِلَ إِلَيهِم ﴿
“Əgər onlar Tövrata, İncilə və Rəbləri tərəfindən onlara nazil edilənə (ilahi kitabların sonuncusu olan Qur’ana) düzgün əməl etsəydilər, həm (başları) üstündə, həm də ayaqları altında olanlardan (göylərin və yerin nemətlərindən) qidalanardılar”. Əsas məsələ, bu dəyərli kitabın əbədi və həmişəyaşar bir möcüzə olaraq təqdim olunmasıdır. Elə buna görə də daim təhrif olunmadan, heç bir qatqısız qalması zəruridir. Digər kitablar isə Qurandan fərqli olaraq, əbədi bir möcüzə kimi təqdim olunmamışlar.
YEDDİNCİ MƏQAM
YEDDİNCİ MƏQAM
QURANIN MƏQAM VƏ MƏRHƏLƏLƏRİ
QURANIN MƏQAM VƏ MƏRHƏLƏLƏRİ Böyük əhəmiyyətə malik olan məsələlərdən biri də mübahisə obyektinin hansı Qurana aid olduğu, başqa sözlə desək, Quranın mövcud məqam və mərhələlərindən hansına aid olmasıdır. Quranın özünün də buyurdğu kimi, bu müqəddəs kitabın məqam və mərhələləri var. Birinci mərhələ: “Lövhi-məhfuz”. Təbii ki, bu mərhələdə təhrif ola bilməz. Çünki bu, bəşərin qüdrəti xaricindədir. Quran bu mərhələdə Allah dərgahında hər bir təhlükədən amandadır. İkinci mərhələ: Quranın Cəbrayıl vasitəsilə Peyğəmbərə (s) nazil olunduğu mərhələ. Bu mərhələdə də təhrif ola bilməz. Buna sübut Cəbrayılın bir mələk kimi məsum olmasıdır.
Üçüncü mərhələ: Quranın Peyğəmbər (s) vasitəsilə insanlara təqdim olunması. Bu mərhələdə həzrət Peyğəmbər (s) Cəbrayılın onun qəlbinə nazil etdiklərini heç bir azaltma və ya çoxaltma olmadan insanlar üçün açıqlamışdır. Təbii ki, Quran bu mərhələdə də təhrif olunmamış, Peyğəmbərin (s) öz dönəmində tam bir kitab şəklində toplanaraq tərtib olunmuş, çox sayda insan onu əzbərləmiş və zaman keçdikcə mütəvatir şəkildə gələcək nəsillərə ötürülmüşdür. Dördüncü mərhələ: Bu mərhələdə məqsəd, mütəvatir Quranı təmsil edən Quranların mövcudluğudur. Başqa sözlə desək, yazılı, istər əlyazma, istərsə də çap olunaraq nazil olunmuş həqiqi Quranı təmsil edən Quranların mövcudluğudur. Təbii ki, bu mərhələdə təhrif, qiraətlərin fərqlilik mənasında mümkündür. Eləcə də Quranın bu mərhələdə azaltma və ya çoxaltma yolu ilə təhrif olunması ehtimal oluna bilər. Bizim mübahisə obyektimizə daxil olan Quran bütün zamanlarda mütəvatir şəkildə nəql olunaraq mövcud olmuş və olacaq vahid həqiqət, Allahın nazil etdiyi kəlamdır. ﴾ وَإِنَّا لَهُ لَحَافِظُونَ ﴿ “Sözsüz ki, Biz onu (hər cür təhrifdən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” ayəsində özünə yer alan “ه” əvəzliyi Qurana aiddir və o, bir Quran, vahid həqiqətdir. Digər yazılı Quranlar isə onu təmsil edir. Şübhəsiz ki, Quranın ayrı-ayrı çaplarında təhrif baş verə bilər. Yuxarıda qeyd etdiklərimizdən aydın olur ki, bir çox mühəddislərin: “Qorumaqda məqsəd, Allahın öz kitabını nazil etməzdən öncə qoruduğu kimi, nazil etdikdən sonra da qoruyacağıdır və burada Quranın səhifələr üzərində qorunması nəzərdə tutulmur” - deyə irəli sürdükləri fikir heç bir dəlili olmayan yanlış müddəadır. Quranın ecazkarlığı bu müddəaya qarşıdır. Çünki Quranın heç bir təhrif olunma qabiliyyətinə malik olmayan belə bir yazılı mərhələdə qalması möcüzə olması fikrini inkar edir.
SƏKKİZİNCİ MƏQAM
SƏKKİZİNCİ MƏQAM
QURANIN TƏHRİFİNİN ƏQLİ BAXIMDAN MÜMKÜNLÜYÜ, LAKİN TƏHRİF OLUNMAMASI
QURANIN TƏHRİFİNİN ƏQLİ BAXIMDAN MÜMKÜNLÜYÜ, LAKİN TƏHRİF OLUNMAMASI “حفظ” (qoruma) ayəsindən məlum olur ki, Quran əqli baxımdan təhrif olunma qabiliyyətinə malikdir. Lakin Allah-təala onu bu təhlükədən qoruyur. Əgər onun təhrif olunması əqli baxımdan mümkün olmasaydı, Allah-təalanın onu qorumasına ehtiyac yox idi. Allah-təala bu sırf əqli mümkünlüyü heç bir zaman dönməyəcəyi qəti vədəsi ilə qeyri-mümkün etmişdir.
DOQQUZUNCU MƏQAM
DOQQUZUNCU MƏQAM
TƏHRİFİ İNKAR ETMƏK ÜÇÜN QURANA ƏSASLANDIQDA “ƏBƏS DAİRƏ” (DÖVREDİCİLİK) YARANMIRMI?
TƏHRİFİ İNKAR ETMƏK ÜÇÜN QURANA ƏSASLANDIQDA “ƏBƏS DAİRƏ” (DÖVREDİCİLİK) YARANMIRMI? Bir çox tədqiqatçılar Quranın təhrif olunmadığını sübut etmək üçün Quranın özünə əsaslanırlar. Burada aydınlaşdırmaq istədiyimiz məsələ, təhrif müddəasının yanlışlığını sübut etmək üçün Qurana əsaslandıqda “əbəs dairə” yaranıb-yaranmamasıdır. Bir çoxları belə bir şəraitdə “əbəs dairə” yarandığı qənaətindədirlər və bu qənaətlərini aşağıdakı şəkildə əsaslandırırlar.
Birincisi, Quranın təhrif olunmamasının sübutu, onun ayələrinin bizim üçün etibarlı dəlil ola bilməsindən asılıdır. Bir halda ki, bu ayələrin etibarlılığı özü də Quranın təhrif olunmamasının sübutundan asılıdır. Deməli, Quranın təhrif olunmamasınin sübutu təhrif olunmamasının sübutundan asılıdır. İkincisi, bu müddəanın sübutu üçün əsaslandığımız ayələrin bizim üçün etibarlı dəlil ola bilməsi Quranın təhrif olunmamasının sübutuna bağlıdır. Bir halda ki, Quranın təhrif olunmamasının sübutu da həmin ayələrin etibarlı dəlil ola bilməsinə bağlıdır. Nəticə etibarilə, məlum ayələrin etibarlı dəlil olması, həmin ayələrin etibarlı dəlil olmasından asılıdır və bu “səbəbiyyət” qanununda “əbəs dairə”, “dövredicilik”dir. Bu irada fərqli cavablar verilmişdir. İndi isə həmin cavabları diqqətinizə çatdırırıq.
Birinci cavab: Mərhum Ayətullah Xoyi “əl-Bəyan” əsərində belə cavab verir:
“Məsum imamların (ə) ilahi xəlifələr olduqlarına əqidə bəsləməyənlər bu irada cavab verə bilməzlər. Lakin onların ilahi xəlifələr, Quranın şərhçiləri olduqlarını qəbul edənlər üçün, artıq bu problem öz həllini tapmış olur. Çünki onlar özləri mövcud Qurana əsaslanmış, səhabələrinin Qurana əsaslanmalarını da təsdiqedici rəftarla qarşılamışlar. Deməli, mövcud Quran təhrif olunmuş olsa belə, imamların (ə) ona əsaslandıqlarına görə bizim də əsaslanmağımız üçün yetərlidir. Bu cavab, özündə əks etdirdiyi iki yanlışlığa görə tutarlı sayıla bilməz.
Birincisi, bu cavab, yalnız məsum imamların (ə) vilayətini qəbul edənlər üçün faydalı ola bilər. Bu kimi irada bütün məzhəblər üçün faydalı ola biləcək cavab vermək zəruridir. İkincisi, bu cavab əslində iradın özünü qəbul etmək deməkdir. Çünki bu fikrə əsasən, artıq Quranın təhrif olunmadığını sübut etmək üçün bilavasitə həmin ayələrə əsaslanmırıq. Əksinə, bu ayələrə məsumların (ə) təsdiqi ilə əsaslanırıq və bu, bizim müddəamıza ziddir. Bundan başqa, “Səqəleyn” hədisi də bu fikri qəti şəkildə rədd edir. Çünki sözügedən hədisdə Quran özlüyündə müstəqil dəlil kimi təqdim olunmuşdur. İkinci cavab: Quranın təhrif olunduğunu iddia edənlər bunu olduqca məhdud şəkildə, yalnız bəzi rəvayətlərdə qeyd olunan ayələrə aid edirlər və təhrifi inkar edən ayələrin təhrif olunmadığını onlar da qəbul edirlər. Başqa sözlə, təhrif müddəası ilə çıxış edənlər özləri belə bu ayələrin təhrif olunmadığı qənaətindədirlər. Bu cavab da tutarlı deyil. Çünki təhrif haqqında iki nöqteyi-nəzər mövcuddur:
1.Bir çoxlarının fikrincə, Quranın bir neçə müəyyən ayəsi təhrif olunmuşdur. Yuxarıda qeyd olunan cavab bu nöqteyi-nəzərə nisbətdə düzgündür. 2.Bəzilərinə görə isə rəvayətləri nəzərə almasaq belə Quranın təhrif olunması “icmali” şəkildə (ümumi bilik şəklində) məlumdur və bu təhrifi inkar edən ayələrə də aiddir. Bu nöqteyi-nəzərə əsasən, yuxarıdakı cavab doğru deyil. Üçüncü cavab: Bir çoxları bu irada cavab olaraq belə bir fikir irəli sürmüşlər ki, bu ayələrin təhrf olunmadığı haqda yekdil rəy mövcuddur.
Bu cavab da tam olaraq yetərli deyil. Çünki təhrif müddəasını qəbul edənlər Quranın “icmali” şəkildə təhrif olunduğu qənaətindədirlərsə, bu ayələri “icmali bilik”lər dairəsindən xaric edə bilməzlər. Başqa sözlə, həmin yekdil rəyi dəstəkləyə bilməzlər, əks təqdirdə irəli sürdükləri fikrə qarşı çıxmış olacaqlar. Dördüncü cavab: Görkəmli tədqiqatçı fəqih Ayətullah Fazil Lənkərani bu problemin həlli yolunu belə izah edir:
“Təhrif müddəasını rədd etmək məqsədi ilə bu ayələrə əsaslanmağın kimə - hansı fikir sahiblərinə qarşı olduğuna diqqət yetirmək lazımdır. Bu, yalnız rəvayətlərdə qeyd olunan bir neçə ayənin təhrif olunduğunu iddia edənlərə qarşıdırsa, “əbəs dairə” yaranması problemi mövzudan xaricdir. Çünki bu ayələr rəvayətlərin təhrif olunduğunu göstərən ayələrdən deyil. Lakin təhrifin “icmali” şəkildə olduğunu iddia edənlərə qarşıdırsa, burada iki fərziyyə mümkündür:
1.Burada Quranın təhrif olunduğu qənaətində olan kimsə onun ilkin zahiri (ibtidai) mənasını təhrif olunmasına baxmayaraq etibarlı hesab edir. Burada “əbəs dairə”dən söhbət gedə bilməz. Çünki ayələrin ilkin zahiri (ibtidai) mənası öz etibarını əldən verməmiş və bu fərziyyəyə görə, təhrif onun etibardan düşməsinə səbəb olmamışdır. Nəticə etibarilə məlum ayələrə əsaslanmaq mübahisəyə səbəb olmayacaqdır. 2.Burada təhrif müddəasını qəbul edən kimsə təhrifin Quranın ilkin zahiri (ibtidai) mənasını, etibardan saldığı qənaətindədir. Bu fərziyyədə təhrif müddəasını qəbul edən, onu “icmali” şəkildə bildiyini iddia edir, yaxud da heç bir bilikdən söhbət açmır və bunun sırf ehtimal olduğunu bildirir. Birinci halda, hətta öz etibarını əldən verməsə belə məlum ayələrə əsaslanmaq olmaz. Çünki Üsul elmində sübuta yetirilmişdir ki, insana yalnız güman bəxş edə bilən ilkin zahiri (ibtidai) məna, elm ona qarşı çıxmadıqda faydalı ola bilər. Deməli, belə bir şəraitdə məlum ayələrə əsaslanmaq olmaz. İkinci halda isə heç bir elmi dayağı olmayan sırf ehtimal, (ayələri) etibardan sala bilməz və həmin ayələrə əsaslanmaq mübahisəyə səbəb olmaz”. Bu cavabda da təhrif “icmali” şəkildə olarsa, bu ayələrə əsaslanmaq olmaz.
Beşinci cavab: Fikirimizcə, təhrif də digər məsələlər kimi hər hansı bir məqsədə xidmət edir. Təbii ki, təhrifin məqsədləri hədsiz çox olduğu üçün, bu ayələr təhrif olunduğu surətdə, artıq təhrifə aid olmayacağı dərəcədə nöqsanlı hala salınmalı idi. Məsələn, “حفظ” (qoruma) ayəsində ayənin ﴾ وَإِنَّا لَهُ لَحَافِظُونَ ﴿ hissəsi çıxarılmalı, yaxud ən azı ayənin təhrifi inkar etməsinə aidiyyatına çox təsirli olan “لَهُ” sözü götürülməli idi. Deməli, Quranda ayələrin bu şəkildə mövcudluğu, təhrif olunmamasına insanı əmin edə biləcək aydın dəlildır. Təhrifi “icmali” şəkildə bildikdə belə, onun əksini göstərən “icmali” şəkildə bilmədiyimiz bu ayələri “icmali” bilik hüdudlarından xaric edir.
ONUNCU MƏQAM
ONUNCU MƏQAM
TƏHRİF HAQQINDA İKİ İDDİA
TƏHRİF HAQQINDA İKİ İDDİA Öncəki açıqlamalardan aydın oldu ki, təhrif haqqInda iki növ iddia mövcuddur:
1.Bir çoxlarının fikrincə təhrif yalnız rəvayətlərdə göstərilən müəyyən ayələrə məxsusdur. Buna görə də Quranın digər ayələri təhrif təhlükəsindən amanda qalmış və onların ilkin zahiri (ibtidai) mənasına əsaslanmaq mümkündür. Bu fikirdə olanların dəlil olaraq göstərdikləri, bəzi hədis kitablarında qeyd olunan rəvayətlərdir.
2.Bəzilərinə görə, Quran “icmali” şəkildə təhrif olunmuşdur. Başqa sözlə, Quranın təhrif olunmasını “icmali bilik” həddində bildiklərini iddia edirlər. Bu fikri irəli sürənlər, təhrif məsələsində “etibar” və s. bu kimi dəlillərə əsaslanmışlar.