İMAMƏT
İMAMƏT
Peyğəmbəri Əkrəmin (s) vəfatından sonra yenicə qurulmuş İslam cəmiyyətində irəli çəkilən ən mühüm bəhslərdən biri də Peyğəmbəri Əkrəmin canişini və xilafət məsələsi idi. Peyğəmbərin bə`zi səhabələrinin rə`ylərinə əsasən, Əbu Bəkrin xilafətini qəbul etdilər, digər bir qrup isə inandı ki, Peyğəmbərin canişini elə o həzrətin tə`yin etməsi əsasında olub, İmam Əli (ə)-a məxsusdur. Sonrakı dövrlərdə də birinci dəstə Ammə, (əhli sünnət və cəmaət) ikinci dəstə isə xassə (şiələr) adı ilə tanınmağa başladılar.
Diqqət yetirmək lazımdır ki, şiələrlə sünnülərin arasında mövcud olan ixtilaflar təkcə Peyğəmbərin canişini barəsində deyildir; əksinə, onların hər birinin nəzərində İmamın xüsusi mə`nası, məfhumu və məqamı vardır ki, bu iki məzhəbi bir-birindən tamamilə ayırır.
Mövzunun daha aydın olması üçün «imam» və «imamət» kəlmələrinin mə`nasını araşdırırıq ki, bu iki məktəb və ideologiyaının arasındakı fərqlər aydın olsun.
Lüğətdə «imamət» kəlməsi «rəhbərlik» mə`nasına gəlmişdir. İmam da bir qrupun müəyyən bir yolda rəhbərliyini öhdəsinə alan şəxsə deyilir. Dini elmlər də və fiqhi istilahda imamət müxtəlif yozumlarla təfsir edilmişdir.
Sünnü alimlərinin nəzərinə əsasən, imamət dünyəvi bir hakimiyyətdir (və Allah tərəfindən tə`yin olunmayıbdır) ki, müsəlman cəmiyyətlərinə rəhbərlik və onların idarə olunması onun vasitəsi ilə baş verir. Hər bir cəmiyyət bir rəhbərə və böyük şəxsiyyətə ehtiyac duyulduğu kimi, müsəlman cəmiyyəti də Peyğəmbərdən sonra özü üçün bir rəhbər seçməli idi. Bu seçim üçün dində xüsusi bir qayda-qanun tə`yin olunmadığına görə Peyğəmbərin canişini müxtəlif yollarla, o cümlədən camaatın əksəriyyətinin rə`yini əsas tutmaqla, yaxud onların böyük şəxsiyyətlərinin nəzərinə istinad etməklə, yaxud da əvvəlki xəlifənin vəsiyyətinə, yaxud hətta çevriliş və hərbi yolla belə, tə`yin oluna bilər.
Lakin imaməti nübüvvətin davamı, imamı da Allahın yer üzündə bəndələrə olan höccəti və onunla məxluqat arasında feyz vasitəsi bilən şiələr isə inanırlar ki, imam yalnız Allah tərəfindən tə`yin və Peyğəmbərin –vəhy gətirən bir şəxsin tərəfindən təqdim olunur. Bu, şiə təfəkküründə imamətin malik olduğu yüksək məqama görədir; belə ki, onlar imamı müsəlman cəmiyyətinin idarə edicisi və rəhbəri bilməkdən əlavə həm də ilahi hökmlərin bəyan edicisi, Qur`ani Kərimin təfsirçisi və səadət yolunda insanların rəhbəri hesab edirlər. Başqa sözlə desək, şiə təfəkküründə imam insanların həm dini, həm də dünyəvi yönlərdəki olan rəhbəridir, amma sünnülərin inandığı kimi, onun vəzifəsi yalnız hökuməti idarə etmək və insanların dünyəvi işlərini sahmana salmaq deyildir.