QURANIN VƏSFI NƏHCÜL-BƏLAĞƏDƏ
QURANIN VƏSFI NƏHCÜL-BƏLAĞƏDƏ
(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir! (Yunus surəsi- 57)
Digər səmavi kitablardan fərqli olaraq Qurani-kərim bəşərin təhrifindən amandadır. Allah özü onu qoruyacağına vəd etmişdir. Allah, başdan-başa hikmət və nurla dolu olan bu səmavi kitabı peyğəmbəri vasitəsilə camaata tərəf endirmiş və insan səadətinin bütün amillərini bəyan etmişdir. Yetər ki, insan onu oxuyub dərk etdikdən sonra əməl edərək əbədi səadətə nail olsun. Lakin Quranda hər şey bəyan olmasına baxmayaraq hamı üçün bəyan olmayıb. Quran ayələrinə əsaslanaraq demək olar ki, Ona yalnız pak olanlar toxuna bilər!(1) Yəni Quranı məhz pak və məsum şəxslər layiqincə tanıyıb tanıtdıra bilərlər. Peyğəmbərin üzərinə düşən öhdəlik Quranı insanlar üçün bəyan edilməsi idi. Quran bu barədə buyurur:
“...Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, insanlara hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!(2)
Biz Quranın tanınması üçün onun vəsfini peyğımbırin ən yaxşı şagirdi olan həzrət Əlinin (ə) qiymətli kəlamlarına müraciət edirək bəyan edirik:
İmam Əli (ə) (Quranı oxumağa və dərk etməyə təşviq edərək) buyurmuşdur:
“Sizdən qabaq olanların xəbəri (keçmişlərin əhvalatları), sizdən sonra olacaq şeylərin (qəbr, bərzəx və qiyamətin necəliyi) xəbəri və sizin aranızda olanların (vacib, haram müstəhəb, məkruh və mübah şeylərin) hökmü Qurandadır.(3) Eləcə də,Qurani-kərimdə onun ayələrinin mənası barədə düşünməyənlər məzəmmət olunublar:
“Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur?”(4)
Həzrət Əlinin (ə) Nəhcül-bəlağədə Quranın mədhi barədə buyurduğu kəlamların bəzilərinə işarə edirik:
1-Allah-taala Quanda buyurub:
“Biz Quranda heç bir şeyi əsirgəməmişik” (deməli olduğumuzu demişik)(5) yəni, orda hər bir şeyin bəyan olunduğunu buyurub və xatırladır ki, Quranın bəzi hissələri başqa hissələrini təsdiq edir, onda heç bir ixtilaf yoxdur, başqa ayədə buyurub:
“Əgər bu Quran Allahdan qeyrisi tərəfindən olsaydı (necə ki, kafirlərin və münafiqlərin onun Allah tərəfindən deyil, bir insan tərəfindən bəyan edildiyinə etiqadları vardır) onda çoxlu ziddiyyətlər tapardınız”.(6)
“Quranın zahiri heyrətamiz və gözəl, batini isə dərin və sonsuzdur (belə isə hər kəs onun sirlərini əldə edə bilməz), qəribəlikləri (incəlikləri və sirləri) tükənməzdir (onları öyrənmək üçün nə qədər çalışılsa belə tükənməz), qaranlıqlar (cəhl, nadanlığı və şübhələrin qaranlığı) ondan başqa heç nə ilə aradan qaldırılmaz”.(7)
2- “Allah sözün ən gözəlini (Quranı, ayələri) bir-birinə bənzər, (xəbərləri və hekayətləri, əmrləri və qadağanları, vədləri və təhdidləri) təkrarlanan bir kitab şəklində nazil etdi.”(8) Həzrət Əli (ə) buyurur:
“Ən yaxşı deyim olan Quranı öyrənin. Ondakılar barədə fikirləşib düşünün ki, Quran qəlblərin baharıdır. (Ürəkdə elm və hikmətin hər cür güllərini bitirir.) Onun hidayət nuru ilə (cəhalət və nadanlıq xəstəliyindən) şəfa diləyin ki, Quran sinələrin (xəstəliklərinin) şəfasıdır. Onu gözəl oxuyun (sözlərini səhvsiz oxuyub mənasına riayət edin və hökmləri barədə düşünün) ki, o, deyimlərin ən faydalısıdır...”(9)
3- “Sizlərin aranızda olan Allah Kitabı dili yorulmaq bilməyən natiq (dünya və axirətin hər bir şeyi, mövzusu barədə yol göstərir), dirəkləri xarab olmayan bir ev (həmişə qalacaqdır və məhv olası deyil), dostları məğlub olmayan qalibdir (onun ardınca gedənlər həmişə əziz və hörmətlidirlər)... Onda (dünyadan) tam ehtiyacsızlıq və (əzabdan) sağlamlıq var. (Sizin qurtuluş və nicat yolunuz) Onun vasitəsilə (haqqı) gördüyünüz, danışdığınız və eşitdiyiniz Allah Kitabıdır. Onun bəzi hissələri digər bəzi hissələrindən danışır (onun ayələrindən bir qismi başqa ayələri izah edir) və bəziləri isə bəzi başqalarının şahididir. (Bir ayənin məqsədini başa düşmək üçün başqa bir ayə sübut gətirilir.) (Buna görə də) Quranın ilahi maarif və ehkamda ixtilafı yoxdur, öz ardınca gələni, mömini Allahdan ayrı salmır. (Əksinə, onu hidayət və qurtuluşun əsas yoluna çıxarır.) Siz (əlinizdə belə böyük yol göstərən olduğu halda) ...arzuların dostluğuna görə bir-birinizlə dostlaşdınız və var-dövlət toplamaq üstündə düşmənçilik etdiniz. Sizləri çirkin olan şeytan heyran, səfil etmiş və aldadaraq azdırmışdır...”(10)
4- Allahın Kitabı (Qurana müraciət) sizinlə olsun. Çünki Allahın Kitabı (bəndənin Allahla birləşməsi üçün) möhkəm (heç vaxt qırılmayacaq) bir kəndir, (haqq yolda hərəkət üçün) aşkar (qaranlığın yol tapmadığı) bir nur, (Allah və peyğəmbərin elmində cahil və nadan olmaq xəstəliyinə) şəfa bəxş edən dərman, (haqq elm və maarifinə təşnə olanlar üçün) susuzluğu aradan götürən sirablıq, (ona) əl uzadana (xəta və büdrəmələrdən) qoruyucu, ondan asılan (hökmlərinə tabe olan) üçün (ilahi əzabdan) nicatdır. Onda əyrilik yoxdur ki, düzəlsin. (Onda ixtilaf tapılmaz ki, düzəlişə ehtiyac olsun). Haqdan, həqiqətdən dönmür ki, ondan əl çəkilsin. (Dillərdə) çox təkrarlanmaqdan və qulaqları döyməkdən köhnəlməz. Onu dilinə gətirən doğru danışandır. (Çünki Quranda həqiqətə zidd heç nə bəyan olunmamışdır.) Hər kim ona tabe olsa, (əbədi cənnətə) önə keçmişdir (xilas olmuşdur).(11)
5- Allah-taala Quranı bələdçi olaraq göndərdi və onda yaxşı və pisi (etiqad, söz və əməlin hansının pis və hansının yaxşı olmasını) bəyan etdi. Buna görə də yaxşılıq yolunu tutun ki, (Allah və Peyğəmbərə tərəf) hidayət olunub (məqsədə) çatasınız. Həmçinin pislik tərəfdən uzaq olun ki, (sizi haqq və həqiqətə çatdıran) doğru yol ilə hərəkət edəsiniz.(12)
6- Bilin ki, bu Quran (düz yola istiqamətləndirməsində) xəyanət etməyən öyüdverən, azdırmayan bələdçi və (söhbətində) yalan deməyən natiqdir. Bu Quranla oturan (onu oxuyaraq barəsində fikrə dalıb düşünən) elə bir kəs yoxdur ki, onun yanından duranda hidayət və qurtuluşu artmamış və ya korluq və azğınlığı azalmamış olsun. Heç kəs Qurandan (onu öyrənəndən, mənalarında düşünəndən və hökmlərinə əməl edəndən) sonra (öz dünya və axirəti üçün bir şey öyrənməyə) möhtac olmaz. Və (həmçinin) heç kəs Qurandan (onunla tanış olandan) qabaq (öz xeyir və ziyan yolunu müxtəlif elm və kitablar vasitəsi ilə tapacağını güman edib ondan) ehtiyacsız olmaz. Buna görə də (zahiri və batini, ruhi və cismani) xəstəlik və dərdlərinizin sağalmasını ondan istəyin və çətinliklərdə, bəlalara məruz qalanda ondan kömək diləyin. Çünki Quranda ən böyük xəstəlik olan küfr, nifaq (ikiüzlülük), həlakət və azğınlıq üçün şəfa və əlac mövcuddur. Odur ki, onun vasitəsi ilə (Qurana tabe olmaqla şəfanı) Allahdan istəyin və onu sevməklə (Qurana əməl etməklə) Allaha üz tutun. Onu (Allahın) bəndələrindən bir şey istəmək vasitəsi etməyin. Çünki bəndələr Quran kimi heç bir şeylə Allaha üz tutmayıblar. (Allahdan bir şey istəmək və Ona yaxınlaşmaq üçün Quranı ən yaxşı vasitə hesab ediblər.) Bilin ki, Quran (qiyamətdə) şəfaəti qəbul ediləcək şəfaətçi və sözü təsdiq ediləcək doğruçudur. Quran qiyamət günü kimə şəfaət etsə (kimin söz və əməlinin doğruluğuna şəhadət versə), onun həmin şəxs barəsindəki şəfaəti qəbul olunar. Həmçinin Quran qiyamət günü Allahın hüzurunda kimi çirkin və nalayiq bilsə (küfr, ikiüzlülük, pis davranış və şəhvətpərəstliyi barəsində şəhadət versə), sözü həmin şəxsin ziyanına təsdiqlənər. Çünki qiyamət günü bir carçı belə fəryad qoparar ki:
“Bilin! Quran əkinçilərindən başqa hər bir əkinçi öz əməlinin və əkdiyi şeyin nəticəsinin əsiridir”. Belə isə siz onun əkinçisi və arxasınca gedənlərdən olaraq onu Rəbbinizə tərəf bələdçi edin, ondan öyüd-nəsihət götürün, ona zidd düşüncələrinizi ittiham edin (söz və əməldə düşüncələrə etimad etməyin) və nəfsi istəklərinizi onun qarşısında xəyanətkar bilin (onu nəfsi istəklər əsasında yozub təfsir etməyin ki, əzaba düçar olarsınız).(13)
7- Quran (yaxşılıqlara) əmr edən (və pisliklərdən) çəkindirəndir (Allah onda insanları yaxşı işlərə əmr edərək pis işlərdən çəkindirib). (Zahirdə) dinməz (əslində isə) natiqdir. (Çünki zahiri baxışda hərflərdən başqa bir şey deyil. Amma onda bütün ilahi əmr və qadağalar mövcuddur və o, onların hamısını bəyan edir). Allahın bəndələrinə olan dəlil və sübutudur ki, onlardan onun barəsində (ona əməl etmək barəsində) söz alıb və onları onun girovunda qoyub. (Odur ki, ona tabe olmaqdan başqa bir yolla əzabdan nicat tapmaq mümkün deyil). Onun nurunu kamilləşdirib (onda qiyamətə kimi olan səadət və xoşbəxtlik, eləcə də bədbəxtlik yolunu göstərib). Həmçinin İslamı onun vasitəsi ilə kamala çatdırıb. Öz Peyğəmbərinin (s) canını o vaxt aldı ki, o, Quranın hidayət və qurtuluşa səbəb olan hökmlərinin xalqa təbliğ olunması və çatdırılmasını bitirmişdi.(14)
8- Quran, nuru azalmayan çıraq, işığı sönməyən məşəl, dibi bilinməyən dəniz, gedərkən azğınlığa aparmayan yol, nuru tükənməyən parlaq şüa, dəlili azalmayan ayıran (haqqı batildən ayıran), təməli viran olmayan bina, (əhlinin) xəstəliklərində qorxu olmayan şəfa, yardımçıları məğlub olmayan şərəf və izzət, köməkçiləri basılmayan haqdır. Buna görə də Quran imanın mədəni və onun mərkəzidir; ədalət bağları və onun hovuzlarıdır; elmin çeşmələri və onun dənizləridir; İslamın binasının daşları və onun sütunlarıdır; haqqın səhraları və onun hamar çölləridir. O, elə bir dənizdir ki, su daşıyanlar onu boşaltmazlar; elə bir bulaqdır ki, su çəkənlər onun suyunu azaltmazlar; elə bir çeşmədir ki, daxil olanlar onu əskiltməzlər (alimlər onun bütün sirrini dərk edə bilməyəcəklər), elə mənzillərdir ki, müsafirlər onların yolunu itirməzlər; elə nişanələrdir ki, yol gedənlər onları nəzərdən qaçırmazlar; elə təpələrdir ki, üz tutanlar onlardan aşa bilməzlər. Allah onu alimlərin susuzluqlarının yatırıcısı, müctəhidlərin qəlblərinin baharı, yaxşıların yollarının məqsəd və sonu, sonrasında ağrı qalmayan dərman, onunla zülmət olmayan nur, tutacaq yeri möhkəm olan ip, hündür qalası möhkəm olan sığınacaq, onu sevənin izzət və baş ucalığı, ona daxil olanın sülh və əmin-amanlığı, tabe olanın hidayət və qurtuluşu, onu özünə nisbət verənin üzrü, ona əsaslanaraq danışanın dəlili, onun vasitəsi ilə düşmənlə mübahisə edənin şahidi, onu dəlil gətirənin qələbəsi, ona əməl edənin qoruyucusu, onu işlədənin iti miniyi, nişanə axtaranın nişanəsi, başa tutanın qalxanı, yadında saxlayanın elmi, nəql edənin xəbəri, (xalq arasında) hökm verənin hökmü edib (çünki Quran hər bir iş barəsində haqq olan hakimdir və ondan başqa bir şeyin hökm vermək haqqı yoxdur. Buna görə də Qurandan başqasından olan hökm nadürüstdür).(15)
Əlavələr:
1- Vaqiə surəsi, 79- cu ayə.
2- Nəhl surəsi, 89- cu ayə.
3- Nəhcül-bəlağə, 313-cü hikmət.
4- Muhəmməd surəsi, 24-cü ayə.
5- Ənam surəsi, 38-ci ayə.
6- Nisa surəsi 82-ci ayə.
7- Nəhcül-bəlağə, 18-ci xütbə.
8- Zümər surəsi, 23-cü ayə.
9- Nəhcül-bəlağə, 110-cu xütbə.
10- Nəhcül-bəlağə, 133-cü xütbə.
11- Nəhcül-bəlağə, 156-cı xütbə.
12- Nəhcül-bəlağə, 167-ci xütbə.
13- Nəhcül-bəlağə, 176-cı xütbə.
14- Nəhcül-bəlağə, 183-cü xütbə.
15- Nəhcül-bəlağə, 198-ci xütbə.