ELMIN INKIŞAF EDIB GENIŞLƏNMƏSI
ELMIN INKIŞAF EDIB GENIŞLƏNMƏSI
İmam Məhdi (ə)-ın hökuməti dövründə islami və insani elmlərdə çoxlu sirlər kəşf olunacaq, bəşərin elmi təsəvvür olunmayacaq dərəcədə geniş səviyyəli mərhələyə catacaqdır.
İmam Sadiq (ə) buyurur: «Elm və bilik 27 hərfdən ibarətdir, peyğəmbərlərin gətirdikləri(elm) yalnız iki hərfdən ibarətdir. İnsanlar indiyə kimi o iki hərfdən başqa şeylə tanış deyillər. Bizim Qaimimiz qiyam edən zaman qalan 25 hərfi də aşkar edərək camaatın arasında yayacaq, əvvəlki iki hərfi də onlara qatacaq, məcmu halında 27 hərfi yayacaqdır.»[1]
Aydındır ki, elmi inkişaf hər bir sahədə baş verəcəkdir. Çoxlu rəvayətlərdə işarə şəklində qeyd olunur ki, o dövrdəki sənayenin hazırkı sənaye ilə olan fərqi həddindən artıq çox olacaqdır.[2]
Necə ki, hazırkı sənaye və texnologiya əvvəlki əsrlərlə müqayisədə nəzərə çarpacaq dərəcədə fərqlənir.
Burada bə`zi rəvayətləri qeyd edirik.
İmam Sadiq (ə) İmam Məhdi (ə)-ın hökuməti dövründə rabitə əlaqələrinin necəliyi barəsində buyurur: «Qaimin dövranında mö`min yerin şərqində olduğu halda, yerin qərbində olan qardaşını görəcəkdir.»[3]
Həmçinin buyurur: «Bizim Qaimimiz qiyam edən zaman Allah-Taala şiələrimizin eşitmə və görmə qabiliyyətlərini artıracaq, belə ki, o həzrət dörd fərsənglik bir məsafədə öz şiələri ilə danışacaq, onlar da eşidəcək və onun özünü görəcəklər. Halbuki həzrət öz yerində qərarlaşmış olacaq.»[4]
Həzrəti Məhdi (ə)-ın hökumətin rəisi, qərarların qəbul etmə mərkəzi və rəhbəri ünvanı ilə camaatın halından və insanların vəziyyətindən agah olması ilə əlaqədar buyurulur: «Əgər bir kəs öz evində bir söz desə, bundan qorxacaqdır ki, olmaya evinin divarları bu sözü xəbər versin.»[5]
Hazırkı dövrdə kütləvi informasiya vasitələrinə diqqət yetirməklə həmin rəvayətlərin dərk olunması çox asan olur, lakin mə`lum deyildir ki, həmin vasitələrdən daha inkişaf etmiş formada istifadə ediləcəkdir, yoxsa da daha mürəkkəb sistemlər hazırkı dövrdə olan vasitələrin yerinə geçəcəkdir.
HÖKUMƏTİN XÜSUSİYYƏTİ
Əvvəlki bölmələrdə İmam Məhdi (ə)-ın hökumətinin hədəfləri, proqramları və nailiyyətələri barəsində söhbət olundu. Sonda isə bu hökumətin bə`zi xususiyyətlərini qeyd edirik. O cümlədən, hökumətin sərhədləri, mərkəzi hökumətin müddəti, işçilərin tə`yin edilməsi, onların təqdim edilməsi eləcə də hökumətin böyük rəhbərinin tutuduğu üsblub və s.ni araşdıracağıq.
Hökumətin sərhədləri və onun mərkəzi
Şübhəsiz həzrəti Məhdi (ə)-ın hökuməti dünya səviyyəlidir, çünki bütün bəşəriyyətə onun və`dəsi verilmişdir və bütün insanların arzularının həyata keçməsi onun əli ilə olacaqdır. Buna görə də onun hökuməti dövründə yaranacaq gözəlliklər və yaxşılıqlar dünyanın hər bir yerini əhatə edəcəkdir. Çoxlu rəvayətlər bu həqiqəti təsdiqləyir ki, onlardan bə`zilərini qeyd edirik.
A) Bir çox rəvayətlərin məzmunu belədir ki, həzərti Məhdi (ə) yer üzünü haqq-ədalətlə dolduracaq. Necə ki, zülm və haqqsızlıqla dolmuşdur.[6] Yer («ərz») kəlməsi bütün yer kürəsini əhatə edən bir mə`naya malikdir və onun yer kürəsinin hər hansı məhdud bir hisəsinə şamil olmasına heç bir dəlil yoxdur.
B) İmam Məhdi (ə)-ın dünyanın müxtəlif məntəqələrinə hakim kəsiləcəyindən xəbər verən rəvayətlər. Bu da o məntəqələrin geniş səviyyəli olmasından və əhəmiyyətindən söhbət açır və o həzrətin bütün dünyaya hakim kəsiləcəyini göstərir. Bu da bəyan edir ki, rəvayətlərdə bə`zi ölkələrin və şəhərlərin adının qeyd edilməsi xüsusi şəkildə nümunələr və misallar qəbilindən olmuş, eləcə də həmin dövrdə yaşayan dinləyicilərin dərk etmə qüvvəsi nəzərə alınmışdır.
Müxtəlif rəvayətlərdə Rum, Çin, Deyləm, Türk, Sind, Hind, Qostəntəniyyə Kabul, Şah və Xəzərdən İmam Məhdi (ə)-ın hakim kəsildiyi və onun əli ilə fəth edilən məntəqələr ünvanı ilə qeyd edilmişdir.[7]
Qeyd etmək lazımdır ki, həmin məntəqələr İmamların dövründə hazırkı dövrdə olduğundan daha geniş miqyaslı ərazilərə aid edilirdi. Misal üçün, Rum dedikdə bütün Avropaya hətta Amerika qitələrinə də şamil olurdu. Çin dedikdə bütün Şərqi Asiya, hətta Yaponiyaya da şamil olurdu. Eləcə də, Hindistan dedikdə hazırkı Pakistan ölkəsinə də aid edilirdi.
Qostəntəniyyə dedikdə İstanbul şəhəri nəzərdə tutulurdu ki, o dövrdə mövcud olan məntəqə və şəhərlər arasında ən müqavimətli şəhər hesab olunur və həqiqətdə onun fəth olunması ən böyük bir qələbə sayılırdı. Çünki Avropaya daxil olmaq üçün əsl yollardan biri sayılırdır.
Bir sözlə, İmam Məhdi (ə)-ın dünyanın mühüm və həssas məntəqələrinə hakim kəsilməsi onun dünya səviyyəsində olan hökumətinin miqyasını bəyan edir.
V) Birinci və ikinci qismdən olan rəvayətlədən əlavə, çoxlu rəvayətlərdə göstərilir ki, imam Məhdi (ə)-ın hökuməti dünya səviyyəli olacaqdır.
Peyğəmbəri Əkrəm (s) buyurur ki, Allah-Taala belə buyurmuşdur: «Mən Öz dinimi onların 12-ci imamının əli ilə bütün dinlərə qalib edəcəyəm, onların əli ilə Öz fərmanımı (bütün insanlara) hakim edəcəyəm, onların axırıncısının İmam Məhdinin (qiyamı) vasitəsilə yer üzünün hər bir yerini Öz düşmənlərimdən paklayacağam və onu yerin şərqinə və qərbinə hakim edəcəyəm.»[8]
İmam Baqir (ə) buyurur:
اَلْقائِمُ مِنّا... يَبْلُغُ سُلْطانَهُ الْمَشْرِقَ وَالْمَغْرِبَ وَيُظْهِرُاللهُ عَزَّ وَ جَلَّ بِهِ دينَهُ عَلَى الدّينِ كُلِّهِ وَلَوْكَرِهِ الْمُشْرِكُونَ...
«Qaim bizdən (Peyğəmbər xanədanından) olacaqdır... (O bir şəxsdir ki), onun hakimiyyəti aləmin şərqini və qərbini əhatə edəcək, Allah onun əlləri ilə Öz dinini bütün dinlərə qalib edəcəkdir, -hətta müşriklərin xoşuna gəlməsə də belə.»[9]
Amma Məhdi (ə)-ın dünya səviyyəli hökumətinin mərkəzinə gəldikdə isə, tarix də Kufə şəhəri qeyd olunur ki, o zamanda böyük miqyasa malik olacaqdır. Belə ki, bu, onun bir neçə kilometrliyində olan Nəcəf şəhərinə də şamil olur. Məhz buna görə də bə`zi rəvayətlərdə Kufə, bə`zi rəvayətlərdə isə Nəcəf şəhəri imamın hökumətinin mərkəzi kimi qeyd olunmuşdur.
İmam Sadiq (ə) uzun bir hədisdə belə buyurmuşdur: «Onun (Həzrəti Məhdinin) hökumətinin mərkəzi Kufə şəhəri, onun qəzavət etdiyi yer isə Kufənin böyük məscidi olacaqdır.»[10]
Qeyd etmək lazımdır ki, Kufə şəhəri qədim dövürlərdən etibarən Peyğəmbər əhli-beytinin diqqət yetirdiyi bir mərkəz, Həzrəti Əli (ə)-ın hakimiyyət yeri olmuşdur. Onun məşhur məscidi də islam dünyasında dörd böyük məsciddən biridir. İmam Əli (ə) orada namaz qılmış, xütbə oxumuş qəzavət işlərini yerinə yetirmiş və nəhayət, həmin məscidin mehrabında şəhadətə çatmışdır.
[1] Biharul-ənvar, 52-ci cild, səh. 326
[2] Əlbəttə, mümkündür ki, qeyd olunan rəvayətlər mö`cüzəyə də işarə etsin.
[3] Biharul-ənvar, 52-ci cild, səh. 391
[4] Yenə orada, səh. 336
[5] Yenə orada, səh. 390
[6] Kamalud din, 24-ci bab, hədis 1 və 7
[7] Qeybəti Nömani, Ehticaçi Təbərsi.
[8] Kamalud din, birinci cild, bab 23, hədis 4, səh. 477
[9] Kamalud din, birici cild, bab 32, hədis 16, səh. 603
[10] Bihar, 53-ci cild, səh. 11