Miras və İslam üçün AlHassanain Network Düşüncə

Həcc mərasimi (1)

0 Nəzərlər 00.0 / 5

Həcc mərasimi (1)

Allahın adı ilə

Təvaf zamanı Kəbə sənin solunda-qəlbinin döyündüyü tərəfdədir. Unutma, sən təvaf etməklə rəmzi şəkildə şəhadət verirsən ki, Allah sənin qəlbindədir. Axı Kəbə evinin sahibi odur...

Məkkə ziyarətinin növləri

Ümumiyyətlə, Məkkə ziyarəti iki növə bölünür: Ümrə və həcc. Müsəlmanlar ilin istənilən vaxtında Məkkəyə gedib ümrə adlı ziyarəti yerinə yetirə bilərlər, yəni ümrənin müəyyən edilmiş vaxtı yoxdur. Bundan fərqli olaraq, həcc yalnız şəriətin müəyyən etdiyi aylarda yerinə yetirilməlidir.

Həccin növləri

Həcc ziyarəti öz növbəsində üç növə bölünür:

1-İfrad həcci, 2-Qiran həcci, 3-təməttü həcci.

Azərbaycanlı hacılar yalnız təməttü həccinin yerinə yetirdikləri üçün, bu məqalədə həccin ilk iki növü haqqında danışılmayacaq, yalnız təməttü həccinin qaydaları izah ediləcək.

Kimlərin boynuna həcc düşür?

Boynuna həcc gələn şəxsin vəziyyəti aşağıdakı şərtlərə cavab verməlidir:

1.Əqli inkişaf baxımından normal olmalı, 2. Şəriət baxımından həddi-buluğa çatmalı, 3. Kölə deyil azad olmalı, 4. Həcc ziyarətini yerinə yetirmək üçün imanı və qüvvəsi olmalıdır. Yəni: Sağlam olmalıdır, həcc səfəri boyunca keçəcəyi yol təhlükəsiz olmalıdır, həcci öz zamanında yerinə yetirmək üçün kifayət edəcək qədər vaxtı olmalıdır, ziyarət üçün kifayət edəcək qədər maddi imkanı (yol xərci, Məkkədə qalmaq xərci, qurbanlıq pulu və s.) olmalıdır, özü həccdə ikən ailəsinin dolanması üçün maddi şəraiti qabaqcadan təmin etməlidir, həcc səfərindən qayıtdıqdan sonra özünün və ailəsinin dolanışığını təmin edəcəyinə arxayın olmalıdır.

Qeyd edilməlidir ki, insan özünün və ailəsinin yaşayışı üçün zəruri sayılan vəsaitə (Ev, mükəlləfiyyət, geyim, ərzaq və s.) malik olduqdan sonra, artıq pulu qalarsa, boynuna həcc gəlmiş olur (həmin pulun xums və zəkatını da verdikdən sonra). Öz yaşayışını dözülməz həddə çatdırmaq sayəsində pul toplayan şəxsin həccə getməsi düzgün deyildir.

Boynuna həcc gələn şəxs mütləq həmin həcc mövsümündə həccə gedib borcunu yerinə yetirməlidir. Həccə etinasız yanaşıb, onu təxirə salmaq böyük günahlardan sayılır. Əgər insan boynuna həcc gəldiyinə etinasızlıq edib həccə getməzsə, bundan sonra mümkün olan ən tez müddətdə hər nə vasitə ilə oluursa-olsun, həcci yerinə yetirməlidir.

İnsanın ömrü boyu həcc bircə dəfə onun boynuna gələ bilər. Boynuna həcc düşmüş şəxsin həmin il həcci yerinə yetirdikdən sonra, növbəti illərdə yenə həcc imkanına malik olarsa, ikinci dəfə həccə getməsi vacib deyildir.

Boynuna həcc gəlmiş şəxs sağlamdırsa özü, həccə getməlidir. Amma əgər çox qoca olduğu üçün həcc əməllərini yerinə yetirə bilmirsə, yaxud sağalacağına ümid olmayan xəstəliyə tutulmuşdursa, öz əmlakından pul ayırıb, başqa bir adamı öz əvəzinə həccə göndərə bilər. Başqasının əvəzinə həccə gedən şəxsə "naib" deyilir. Həmçinin mərhum şəxs üçün naib tutub həccə göndərməyin də savabı vardır, bu zaman həccin savabı mərhumun ruhuna aid olur.

Təməttü həccinin ardıcıllığı

Ərəb dilində "təməttü"-"faydalanmaq" mənasını bildirir. Təməttü həcci ona görə belə adlandırılmışdır ki, həcc boyunca yerinə yetirilməsi haram olan bəzi əməllər bu həccin müəyyən mərhələsində yerinə yetirilə bilər. Təməttü həccindəki həmin qısa zaman kəsimində hacılar bu əməlləri həyata keçirib onlardan faydalana və zövq ala bilərlər.

Təməttü həcci əslində iki hissədən ibarətdir: a) Təməttü ümrəsi, b) Təməttü həcci.

Bunların hər ikisi bir-birinin ardınca yerinə yetirilir. Onların ardıcıllığını qəsdən pozmaq həcci batil edər.

Təməttü ümrəsi miqat

Məkkə şəhərinin ətrafında müxtəlif istiqamətdə beş yer müəyyən edilmişdir ki, həccə gələnlər orada xüsusi geyimi (ehram) geysinlər. (ehram və onun ehkamı barədə ətraflı məlumat veriləcək). Bu yerlərdə "miqat" deyilir. Miqata ehram bağlamadan Məkkəyə doğru irəliləmək günahdır və ehramsız şəxsin həcci batildir. Beləliklə, təməttü bağlamalıdır. Məkkə şəhərinə beş əsas yolla getmək mümkündür. Bu yolların hər birində miqat vardır. Hacılar məhz getdikləri yol üzərindəki miqatda ehram bağlamalıdırlar. Miqatların dördü İraq, Suriya, Taif və Yəmən yolları üzərində yerləşir. Beşinci miqat isə Məkkəyə Mədinədən keçib-gələn hacılar üçün nəzərdə tutulmuşdur. Siz-Azərbaycanlı hacılar ilk öncə Mədinə şəhərini (həzrət Məhəmməd Peyğəmbərin (s) və imamların məzarını) ziyarət etdikdən sonra Məkkəyə girəcəyinizə görə, yalnız sonuncu miqat haqqında qısa məlumat verməyi məqsədəuyğun sayırıq. Mədinə yolu ilə gələn hacılar Mədinədən 12 km. Məsafədə, Məkkəyə təqribən 486 km. Qalmış "şəcərə" adlı miqatda ehram bağlayırlar. Siz də Şəcərə məscidində ehram bağlamalısınız.

Ehram

Ümumiyyətlə, ehram bağlamazdan qüsl etmək müstəhəbdir. Ehram bağlayarkən niyyət etməniz vacibdir. ,Niyyət etməlisiniz ki, Allahın əmrini yerinə yetirmək məqsədilə təməttü ümrəsini icra etmək üçün ehram bağlayırsınız. Budur, şəcərə məscidində eyni vaxtda ehram bağlayan yüz minlərlə hacı aşağıdakı cümlələri ərəbcə zümzümə edir:

"Ləbbeyk Allahummə ləbbeyk. Ləbbeykə la şərikə ləkə ləbbeyk. İnnəl-həmdə vən-nimətə ləkə vəl mülk. La şərikə ləkə ləbbeyk".

Tərcüməsi: " sənin hüzuruna gəlmişəm, Allahım! Sənin şərikin yoxdur. Həmd olunmaq, nemət vermək və mülk sahibliyi yalnız sənə məxsusdur. Sənin şərikin yoxdur!".

Bu cümlələrə "təlbiyyə" deyilir. Təlbiyyəni bir dəfə bütöv halda ərəbcə demək (miqatda ehram bağlayarkən) vacibdir, çoxlu təkrar etmək isə müstəhəbdir.

Şəcərə məscidində ehram bağlayan müxtəlif irq və millətlərə məxsus müsəlmanların dilindən qopan təlbiyyə nidaları bir-birilə ümmətini Allah qarşısında bərabərlik və vəhdət şüarıdır. Bu şüarın içində sizin də səsiniz var...

Ehram iki ədəd ağ rəngli, tikişsiz parçadan ibarətdir. Siz bu parçalardan birini belinizə dolamalı, o birini isə çiyninizə salmalısınız. Kişilərin əynində ehram parçalarından başqa heç bir geyim olmamalıdır (nə alt, nə də üst paltarı). Qadınlara isə ehram parçası bağlamaq vacib deyil. Onlar niyyət etmək və təlbiyyə söyləmək şərtilə öz paltarlarında qala bilərlər (bir şərtlə ki, bu paltar xalis ipəkdən olmasın və tamamilə pak olsun). Amma daha yaxşı olar ki, qadınlar da adi paltarın üstündən ehram parçalarını bağlasınlar. Sonra bunu çıxara bilərlər. Çox soyuq havada kişilərin də ehramdan başqa keyimlərə bürünmələrinə icazə verilir. Yaxşı olar ki, ehram parçalarına düyün bağlamayasınız, iynə, sancaq və s. batırmayasınız.

Ehram bağladığınız andan etibarən sizə 24 əməli etmək qadağandır. ("ehram" sözünün mənası da "qadağan etmək, haram etmək" deməkdir). Əgər həmin əməlləri qəsdən etsəniz, kəffarə (cərimə) verməlisiniz (kəffarənin miqdarı barədə müvafiq mövzulu kitablarda məlumat vardır).

Ehram halında sizə qadağan olan əməllərdən bəziləri bunlardır: heyvanları quşları və hətta bit, birə və gənə kimi həşəratları incitmək, öldürmək, ov etmək və ov əti yemək, cinsi əlaqə və hər növ şəhvanı ləzzət (şəhvətlə baxmaq, öpmək, toxunmaq, istimna və s.) kəbin kəsdirmək və kəbinə şahidlik etmək, ətir səpmək və iyləmək, gözə sürmə çəkmək, bəzək məqsədilə güzgüyə baxmaq, bəzək məqsədilə üzük taxmaq, həna qoymaq, bədənə krem sürtmək, dırnaqları kəsmək və çeynəmək, diş çəkdirmək, silah gəzdirmək, ağac və kol qopartmaq, habelə yarpaq və gül qırmaq, yalan danışmaq və söyüş söymək, mübahisə etmək və bu zaman Allahın adına and içmək, bədənin istənilən yerindən tük qoparmaq və yolmaq, kişilərin ayağının üzünü tamamilə örtən ayaqqabı və corab geyinməsi (həcc mövsümündə onlar "nəleyn" adlı üstüaçıq ərəb ayaqqabısı geyirlər), bədəndən qan çıxarmaq (qaşımaq, qan aldırma və s. vasitəsilə), qadınların bəzək əşyaları (üzük, sırğa, boyunbağı, qolbaq və s.) taxması, qadınların öz çöhrələrini örtməsi, kişilərin tikili paltar geyinməsi (bir daha qeyd edək ki, ehram parçalarında heç bir tikiş olmur),kişilərin baş örtüyü geyinməsi və kölgə altında yol getməsi. Kişilər üstü örtülü maşında, yaxud çətir altında yol gedə bilməzlər, Bu qadağan yalnız yol gedənlərə aiddir. Mina Ərəfat və s. yerlərdə düşərgə salan hacıların kölgədə (məsələn, çadırda) oturmasının maneəsi yoxdur.

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə